Elmar Məmmədyarovun “rus dili” canfəşanlığı

Demokratiya tələbi inglis dilini qorxulu etməyə başlayıb

“GUAM çərçivəsində müxtəlif sahə nümayəndələri arasında görüş və danışıqlarda ünsiyyəti ingilis dili ilə müqayisədə rus dilində qurmaq daha səmərəlidir”. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Belə ki, Bazeldə ATƏT XINŞ-nin iclası çərçivəsində GUAM-ın növbəti görüşündə Ukraynanın xarici işlər naziri GUAM-ın iclaslarını ingilis dilində aparmağı təklif edib. GUAM-ın nizamnaməsinə əsasən, təşkilatın rəsmi dilləri ingilis və rus dilidir.

E.Məmmədyarov qeyd edib ki, GUAM çərçivəsində bir çox sahələrdə əməkdaşlıq mövcuddur: “Fikrimcə, həmin sahə nümayəndələrinin görüşləri və müzakirələrinin rus dilində aparılması daha rahat və səmərəlidir”.

Onun sözlərinə görə, siyasi emosiyaların əsiri olmaq lazım deyil: “Dili ünsiyyət rahatlığı və diplomatiyada isə ətrafdakılara fikir və mövqeni daha dəqiq çatdırmaq üçün istifadə etmək lazımdır”.

Göründüyü, hakimiyyət təmsilçiləri məqam düşdükcə “Rusiyapərəst” mövqelərini ortaya qoymaqdan çəkinmirlər.  Sanki, “Rusiya” amili hakimiyyət üçün “şərti refleks”dir. Ölkənin problemləri, həlli zəruri olan məsələlər kənarda qalıb, Məmmədyarov danışıqların rus dilində getməsi üçün canfəşanlıq edir. Bu mövqedən açıq şəkildə aydın olur ki, emosiyaların əsiri olan da, diplomatiyada nala-mıxa vuran da Azərbaycan hakimiyyətidir. 

Cənablar, niyə danışıqların ingilis dilində aparılmasının əleyhinəsiniz? Axı, bu inglisdillilər sizə nə edib? 

Rus dilinin ingilis dilindən səmərəli olduğunu iddia etməklə, öz aləmlərində inglisdillilərdən qisas alırlar. Demokratiyaya, insan haqlarına nifərt o qədərdir ki, bu dildə tələb olunanlara qarşı allergiya elə yüksəkdir ki,  bu dildə danışılmasından da həyəcanlanırlar.

Bəs Rusiya bizə nə verib ki, ondan belə ikiəlli yapışmısınız?

Rəsmi sənədlərinizdə də göstərirsiniz ki, Xocalı soyqırımında Rusiya alayının müstəsna rolu olub, 20 yanvar faciəsində vətəndaşlarımızı şəhid edən rus tankları oldu. 20 ildən artıqdır ki, Qarabağ düşmən tapdağındadır və Rusiya amilinə görə bu münaqişə həllini tapmır. Yüksək səviyyəli hakimiyyət təmsilçiləri də etiraf edir ki, Qarabağın açarı Rusiyadadır. Azərbaycana bu qədər pisliklər etmiş, ölkənin faciələrinə səbəb olmuş bir ölkəni niyə bu qədər sevirsiniz?  

Hakimiyyət Gürcüstandan, Ukraynadan, Moldovadan və Azərbaycandan torpaq qoparan, bütün qonşularına “şikar” kimi baxan Rusiyanı müdafiə etməkdən yorulmur.

Çünki, Rusiyada da avtoritar idaretmə mövcuddur və Azərbaycan hakimiyyətindən millətə və dövlətə hörmət tələb olunmur. Öz şəxsi maraqlarına, təfəkkür eyniliyinə görə Rusiyanı doğma bilirlər.

Elmar Məmmədyarovun inglis dilini bildiyi halda, rus dilini seçməsi də bu amillə bağlıdır.

Akif