«New York Times»: «O, Əliyev ailəsinin biznesi haqda yazıları ilə hakimiyyəti çoxdan qəzəbləndirmişdi»
«Onu həbs etməklə ağzını bağlamaq və başqalarını da qorxutmaq istəyirlər»
Azərbaycanda tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın həbsi haqda məlumat dünyaca məşhur media orqanlarının əsas xəbərlərindən biri olub. BBC-dən tutmuş, “Associated Press”, “Reuters”, “SBS”, “Fox News”, “USA Today” kimi media orqanlarına qədər xəbəri dünyaya yayıb. Üstəlik, xəbərlərin hamısında vurğulanıb ki, Xədicə Ismayıl Azərbaycan hökumətinin sərt tənqidçilərindən biri olmaqla yanaşı, həm də hakimiyyəti ən yüksək səviyyədə ifşa edən korrupsiya araşdırmalarının müəllifidir.
Amerikanın nüfuzlu “The New York Times” qəzeti təkcə həbs xəbərini verməklə kifayətlənməyərək, eyni zamanda, Xədicə Ismayılın araşdırmaları, Azərbaycandakı vəziyyət haqda geniş məqalə yayımlayıb. “Azərbaycanda yüksək rütbəli rəsmiləri qəzəbləndirən jurnalist həbs olunub” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Dekabrın 5-də Bakı məhkəməsi prezident Ilham Əliyevin ailəsinin biznes sövdələşmələri və insan haqları pozuntuları haqda yazıları ilə çoxdandır Azərbaycan hakimiyyətini qəzəbləndirən tanınmış jurnalistin həbsinə qərar verib…
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf xanım Ismayılın həbsini demokratiyaya artan təzyiqin bir hissəsi adlandırıb: “Ümumiyyətlə, Azərbaycanda jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərdən dərindən narahatıq. Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərinə uyğun davranmamasından getdikcə daha çox narahatlıq duyuruq”.
Azərbaycandakı jurnalistlər və hüquqşünaslar bildirirlər ki, hakimiyyət Qərblə əlaqələri olan ayrı-ayrı şəxs və təşkilatlara qarşı son aylarda sərt tədbirlərə əl atıb. Gürünür, buna səbəb ABŞ və müttəfiqlərinin Ukraynada Viktor Yanukoviçin devrilməsilə bitən hadisələri başqa keçmiş SSRI ölkələrində də törədə biləcəkləri ilə bağlı narahatlıqdır.
Dekabrın 4-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 60 səhifəlik manifesti yayılıb. Ramiz Mehdiyev Birləşmiş Ştatların müasir “müstəmləkəçiliyindən” şikayətlənib və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşlarını xəyanətdə ittiham edib.
O, Xədicə Ismayılı ayrıca fərqləndirərək onu hakimiyyətə qarşı işləyən jurnalistlərin “ən yaxşı nümunəsi” adlandırıb: “O, ”dostları” olan həmkarları ilə birgə, “cidd-cəhdlə” çalışaraq anti-Azərbaycan verilişləri hazırlayır, cəfəng bəyanatlarla çıxış edir. Ictimaiyyətin tanınmış nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz məzmunlu yalanlar yayır…”
Manifestdə həmçinin, həyat yoldaşı Arif Yunusla birlikdə həbs olunmuş məşhur hüquq müdafiəçisi Leyla Yunus da tənqid hədəfi olub.
Xanım Ismayıl çoxdan hakimiyyətin hədəfində idi. O və həmkarları onun həbs olunacağını gözləyirdilər. Hərçənd, dekabrın 5-də onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi qəfil oldu.
2012-ci ildə xanım Ismayıl xəbərdarlıq məktubu almışdı ki, Ilham Əliyevin ailə biznesilə bağlı araşdırmalarını dayandırmasa, rüsvay ediləcək. Məktuba onun şəxsi həyatı ilə bağlı intim videokadr da əlavə olunmuşdu. Həmin video sonradan internetdə yayımlandı.
Bir müddət əvvəl o, ABŞ-ın iki senatoru ilə Bakıda görüşü zamanı onlara Azərbaycanın dövlət sirrini satmaqda ittiham olunmuşdu.ÿOktyabr ayında o, Strasburqadan – Avropa Parlamentinin tədbirindən qayıdarkən Bakı aeroportunda 4 saat saxlanılmışdı.
Xədicə Ismayılın həbsi Tural Mustafayev adlı bir nəfərin ifadələri əsasında həyata keçirilib. Tural Mustafayev bildirib ki, Xədicə Ismayıl onu intihar həddinə çatdırıb. Jurnalistin dostları hesab edirlər ki, əvvəllər Xədicə Ismayılla münasibətləri olmuş Tural Mustafayev indi hökumət orqanlarına işləyir.
Jurnalistin vəkili Elton Quliyev ittihamı absurd adlandırıb.
“Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri Kənan Kazımoğlu deyib ki, Azərbaycan hakimiyyəti bəlkə də Xədicə Ismayılın Fransadan ölkəyə qayıtmayacağını gözləyirdi.
“Xədicəni tanıyanlar bilir ki, o ölkədən qaçmağa hazırlaşmır. Bu şübhəsizdir ki, onu həbs etməklə ağzını bağlamaq və başqalarını da qorxutmaq istəyirlər”, – deyə Kazımoğlu bildirib.



