Səngəri qoyub qaçanlar, səngəri tərk etməyənləri niyə ittiham edir?
Yaşadığımız ölkədə çox maraqlı hadisələr baş verir. Bu hadisələrin baş verməsi, hakimiyyətin avtoritar mahiyyəti ilə bağlıdır. Belə ki, hakimiyyət repressiv siyasətini gücləndirir, prinsipial müxalifətə qarşı təqib və təzyiqləri artırır, vicdanlı insanlara qarşı “qara kampaniya”nı mübarizə forması kimi tətbiq edir.
Bütün bunlara baxmayaraq öz mübarizəsinə xəyanət etməyən, bütün məhrumiyyətlərə rəğmən əqidəsində dönməyən və rejimə meydan oxuyan qüvvələr hələ də var. Və bu qüvvələr yalnız hakimiyyətlə deyil, həm də hakimiyyətin daxildəki “dviziya”ları ilə mübarizə aparırlar. Artıq ölkədə elə bir vəziyyət yaranıb ki, hakimiyyətin müxalifətdəki bütün minaları partladılır. İndi məlum olur ki, dünənə qədər aslan kimi nərildəyənlər, heç dovşan da deyilmişlər.
Bu adamlar təkcə getdikləri yola xəyanət etməklə kifayətlənmirlər, həm də bu yolda dayanmadan addımlayan, çətinliklərə mərdliklə sinə gərən insanları ləkələməklə məşğuldular.
Təbii ki, bugün avtoritar YAP hakimiyyətinə qarşı prinsial mübarizənin önündə AXCP və bu partiyanın da daxil olduğu Milli Şuradır. Deməli, hakimiyyətin və hakimiyyətdən umacağı olanların hədəfi məlumdur.
Bütün bunları xatırlatmaqda məqsədimiz, bu “yorğun mübariz”lərin yeni arqumentlərinə münasibət bildirməkdi.
Bu “uzaqgörən siyasətçi”lərin yeni arqumentləri budur ki, AXCP müxalifəti monopoliyaya alıb. Çox gülməlidir deyilmi? Bəlkə də tragikomikdir.
Gəlin, bu “müxalifətçi”lərin yeni kəşfinə bir az da yaxından nəzər salaq. Görəsən, AXCP-nin monoploiyası nədə ifadə olunur? Axı, siyasət banan deyil ki, ölkəyə gətirilməsi hansısa məmurun nəzarətində olsun. Siyasət, “dilbər guşə”də deyil ki, hansısa məmur öz marağı üçün hasarlasın.
Yəni, Əli Kərimli nə müxalifətçilik edənlərə “lisenziya” verir, nə də mübarizə aparmaq istəyən adamın qarşısına “şlaqbaum” qoyur. Daha dəqiq desək, prinsipial müxalifətçilik etmək üçün “möhür” öz əlinizdədi.
Sadəcə olaraq bu adamların yanaşmasından belə məlum olur ki, Əli Kərimli 100-lərlə siyasi məhbusun taleyi üzərindən addımlayıb, öz mübarizəsinə loyallıq qatıb, müxalifətçiliyi qəddar bir rejimin “dialoq torba”sına salıb, fəaliyyətini davam etdirməlidir.
Çünki AXCP və onun lideri prinsipial mübarizəni davam etdirdikcə, bu hökumətyönlü müxalifətçilərin bazarlığı baş tutmur. AXCP-nin, Milli Şuranın yeganə alternativə çevrilməsi, “yeni dəstə”nin planlarını məhv edir.
Belə olan halda yaranmış mənzərəni “monopoliya” yox, “yeganə alternativ” kimi təqdim etsək daha düzgün olmazmı?
Yəni, siz mübarizə apardığınız səngərlərdən geri çəkilmisiniz. Əli Kərimli isə səngəri tərk etmək fikrində deyil. Əgər, monopoliya deyəndə qəhrəmanlığı nəzərdə tutursunuzsa, bunun günahını özünüzdə axtarın. Səngər genişdi, silahı götürüb atəş açmaq üçün isə hədəf çoxdur. Yaxşı olar ki, başqalarının cəsarətini, öz qorxaqlığınıza görə kölgə altına salmayasız.
Bugün mübarizənin önündə olan insanlar yalnız vicdanlarını monopoliya ediblər. Çünki, ora başqa şəxslərin nəzarət etməsi faciədir.
Yuxarıda qeyd etdiyimiz kimi bu adamların Əli Kərimliyə nifrətləri, onun kimi ola bilməməkləri və onun var olduğu müddətdə özlərini legitimləşdirməkdən məhrum olduqları üçündür.
İnanmırsızsa, “dialoq müxalifəti”nin drijoru Rauf Arifoğlunun fikirlərini birlikdə oxuyaq: “Əli Kərimlinin Azərbaycan siyasətindən getməsi çox mühümdür, çox vacibdir. Əgər o getməsə, demokratik düşərgə bir araya gələ bilməyəcək, vahid nöqtəni tapa bilməyəcək. Bu adam neçə illərdir imkan vermir ki, Azərbaycan müxalifəti bir araya gəlsin. Onun siyasətdən getməsi fiziki olaraq yaşadığı dövrdə mümkün olmadığı üçün onu kiçiltmək lazımdır, onun ətrafının başqa qurumlara transfer edilməsinə ehtiyac var”.
Bəli, Rauf Arifoğlu deyir ki, Əli Kərimli var olduğu müddətdə “kitayski müxalifət” birliyi yaratmaq mümkün olmayacaq. Hətta daha irəli gedərək işarə edir ki, bu adamı fiziki olaraq məhv etmək lazımdır.
Bir sözlə, hakimiyyətin monopoliya etdiyi sahələrdən pay umanlar, indi də Əli Kərimlini “monopolist” kimi qələmə verirlər.
Əslində, bu adamlar özləri də rejimin monopoliyasındadılar.
Akif



