Kaş Xədicəni edam edə biləydiniz

Markesin məşhur bir əsəri var.”Gözlənilən qətlin tarixçəsi”. Əslində,  Xədicənin də həbsi gözlənilən idi. Xüsusən Leyla xanımın həbsilə qadınların da həbsi yolundakı  mental maneə qaldırıldıqdan sonra Xədicə üçün geriyə sayım başlamışdı. İndi “olmaz”deyilən bir şey qalmayıb daha. Rejimin korrupsiya və yalanlarının üstünə gedən hər kəs üçün həbsxana yolu açıqdır.
Nə qədər  paradoksal görünsə də, Xədicənin həbsinə görə biz nə qədər hiddətləniriksə, hakimiyyətdəkilər də bir o qədər narazıdırlar. Onlar üçün Xədicəni bu qədər dözdükdən sonra həbs etmək, sonra da məhkəməyə aparmağın özü bir  ədalətsizlikdir. Niyə axı onu birbaşa edam kötüyünə apara bilmirlər? Axı  xanədanlığa qarşı çıxanın azad şəkildə tənqid etmək, yazmaq haqqı yoxdursa nədən yaşamaq haqqı olmalıdır? Əsla təəccüblənməyin. Bu gün Leyla xanımın həbsxanada məruz qaldığı  fiziki və mənəvi işgəncə məgər onu öldürmək məqsədi daşımırmı?
Dar ağacının olmadığı, gilyotinin işləmədiyi bir dövrdə insanı Leyla Yunus kimi tədricən öldürürlər.
Hakimiyyətdə olanlar keçmişin feodallarına bənzədilməsindən yəqin ki, narazıdır.   Məgər öz rəqiblərini susdurmaq üçün təkcə orta əsrlərin feodalları insanları həbsə, işgəncəyə məruz qoyurdular?  Bir halda ki, yaşadığımız dövrdə  Şimali Koreya kimi nümunələr var, demək, insanları həbslə susdurmaq  gerilik əlaməti deyil, bizim özümüzə məxsus  “fərqli inkişaf” yolumuzdur. Niyə insan haqları, demokratiya, hüququn aliliyi kimi məsələlərdə Qərbi yamsılamaq lazımdır? Axı Ramiz müəllim demişkən, ”bizim öz  inkişaf modelimiz var”. İndi yaşanlar da “bu inkişaf modelinin” nəticələridir.
 20 ildir xalq yaşamır? Bu ölkədə nə qanun var, nə ədalət, nə də dürüstlük. Ancaq  nə olsun? 20 ildir belə gələ bilmişiksə, demək problem yoxdur. Olsaydı xalq dözməzdi, qalxıb bu gedişata son verərdi. Vermirsə, o zaman Xədicə kimilər çıxıb insanları haqqını tələb etməyə, ədalət üçün mübarizəyə çağrırlarsa, demək təbii gedişatı pozurlar, xalqın istəmədiyini onun beyninə yeridib aranı qarışdırmaq  istəyirlər.
Belə götürəndə bu, Xədicənin nəyinə lazımdır ki? Məsələ əslində, bu suala cavab tapmaqdır. Ramiz müəllimin məhşur məqaləsini oxuyandan sonra aydın olur ki, heç bu Xədicəyə də lazım deyilmiş, onun arxasında duran Amerikaya, Avropaya lazımmış. Bu imperalizmin daxildə yaratdığı “5-ci kolon” “suveren diktatura”nın milli maraqlarına zidd olduğu üçün ona qarşı mübarizə aparmaq lazımdır.
İndi gördünüzmü,  Xədicənin həbs edənlər heç də özlərini haqsız, etdiklərini də  insanlığa zidd  bir əməl saymırlar.
Hələ bu harasıdır? İndiyə qədər bu hakimiyyəti islahatlar keçirə bilməməkdə, tutduğunu buraxmamaqda nə qədər tənqid edirdik. İnsaf naminə deyək  ki, Xədicəni həbs edəndə əməlli- başlı islahat apardılar. Əvvəl adamların cibinə narkotik qoyurdular, dalaşdırıb həbs edirdilər. İndi islahatlara gedərək bu  üsulu dəyişdilər, tamamilə yeni bir metod, “yeni bir yanaşma”…
Bu da sizə islahat! Adamı intihar həddinə çatdırma…
Etiraf edək ki, onların yerinə biz  olsaydıq gecə-gündüz fikirləşsəydik, bu üsul ağlımıza gəlməzdi. İndi bundan sonra humanizmdən, insan haqlarından danışan Qərb bu həbsə etiraz edəndə avtomatik antiinsani duruma düşəcək. Bəs necə, gənc bir psixi xəstəni intihar həddinə çatdırmaq necə də antiinsani əməldir! İndi gəl bu antiinsani əməli müdafiə et. Buna deyirlər bir güllə ilə həm Xədicəni vurmaq, həm də Avropanın maskasını düşürmək.
Bu “islahatlar” artıq  neçəsinin həbsxanaya yolunu açır. Sabah istənilən biri çıxıb iddia edə bilər ki, məsələn, filan müxalif  siyasətçi danışır, ya jurnalist yazıb əsblərimi korlayır və o, hakimiyyətə atılan bu iftira, böhtanlara görə qəzəbindən intihar həddinə çatıb. Ortada daşdan keçən dəlil-sübut var. İqtidarı qanunları pozmaqda, neft gəlirlərini talamaqda, yalan danışmaqda və s. ittiham edən çıxış və yazı, bir də buna görə “qəzəbdən” intihar həddinə çatmış “üzəduranın” şikayəti…
Ona görə bundan sonra yazanda, danışda diqqətli olmaq lazımdır ki, kimsəni intihar həddinə çatdırmayasan.  Bir sözlə, susasan…
Susmadınsa?!
İndi gəl bu ittihamdan yaxa qurtar görüm, necə quratarırsan.