
“Foreign Policy” Xədicə İsmayılın həbsilə bağlı Altay Göyüşovun yazısını dərc etdi
“Foreign Policy” dərgisi ReAl hərəkatı İdarə Heyətinin üzvü Altay Göyüşovun jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı yazısını dərc edib. Yazı dekabrın 6-da dərc olunub. Müəllif yazır:
“Azərbaycan rəhbərliyi Qərbin dostu olduğunu iddia edir, ancaq reallığa baxmağın da vaxtıdır. Azərbaycanın ən məşhur araşdırmaçı jurnalisti Xədicə İsmayıl siyasi məhbusa çevrilən azərbaycanlı fəalların uzun siyashısında sonuncu tutulandır. Ona qarşı ittihamları müşahidəçilər “gülməli” adlandırır. Ancaq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir gün əvvəl öz məqaləsində Xədicə İsmayılı şəxsən “satqın” adlandırırdı, onu anti-Azərbaycan proqramları ilə əməkdaşlıqda ittiham edirdi. Mehdiyevin fikrincə, belə əməkdaşlıq, xarici təhlükəsizlik xidmətləri ilə əməkdaşlığa bərabərdir.
Xədicə İsmayılın həbsi Azərbaycanın ABŞ hökumətinə münasibətdə ikiüzlü siyasətini göstərir. Hökumət ABŞ-da lobbi tutur ki, ABŞ-ın və Avropanın siyasətini müəyyən edənləri Azərbaycanın demokratik və etibarlı tərəfdaş olmasına əmin etsinlər. Ancaq evin içində başqa cür hərəkət edir. Son illər Bakı rejimi media, siyasi partiyalar, QHT-lər kimi müstəqil institutları sistemli şəkildə dağıtmaqla məşğuldur. Onların hamısı Qərbin nüfuzunun sirayət etməsinin qarşısını almaq üçün dağıdılır. Özü də bunların hamısı o dövlətdə baş verir ki, Şərqdə ilk demokratik dövlət olması ilə fəxr edir”.
Məqalədə xatırladılır ki, 2003-cü ildə “gənc və təhsilli” İlham Əliyev prezident olanda bir çoxları Azərbaycanən “öz demokratik irsini canlandıracağını” düşünürdü. Ancaq bu ümidlər yavaş-yavaş yoxa çıxdı və son 2 ildə vəziyyət dramatik şəkildə dəyişib.
“Hakim elita ölkədə medianın, vətəndaş cəmiyyətinin olan-qalan qalırqlarını da açıq-aşkar dağıtmaq istəyir. Bu dağıtma Qərb paytaxtlarında ambisiyalı lobbiçiliklə eyni vaxtda baş verir. ABŞ və Avropa auditoriyalarına üz tutanda Azərbaycan Rusiya və İrana qarşı dəstəyə söz verir, Avropa yolunda olduğunu iddia edir. Ancaq daxildə Azərbaycan auditoriyası üçün elita nümayəndələri başqa söz danışırlar. Azərbaycan parlamentinin hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, ABŞ terrorizmlə mübarizə aparan dövlətdən terrorizmi himayə edən dövlətə çevrilib.
Rəsmilər Azərbaycan daxilində bu dağıdıcı hərəkətlərini onunla izah edirlər ki, Qərbin demokratiyaya dəstəyi əslində inkişafda olan ölkələrdə dövlətçilik əleyhinə neo-imperialist çevrilişdir. Ona görə hakimiyyət Qərb agentlərini zərərsizləşdirməlidir. Dövlətin nəzarətində olan media, rəsmilər regionda sabitsizlikdə Qərbi günahlandırır, Ərəb baharını, rəngli inqilbaları, İŞİD-i Qərbin təşkil etdiyini iddia edir”, – deyə məqalədə qeyd olunur.
Müəllifin fikrincə, demokratik qurumların məhv edilməsinin böyük təhlükələrindən biri odur ki, boşalan yeri ekstremist dini qrupların doldurmasına yol açılır. “Belə çıxır ki, Azərbaycanda legitimliyi kövrək olan avtoritar hakimiyyət opponent kimi müstəqil səsləri yox, islmaçı radikalları görmək istəyir. Opponenti radikal islamçılar olsa, onda rejim qərb hökumətləri ilə ayrılmazlığını göstərməyə imkan qazanacaq”, – deyə Altay Göyüşov yazır.
Məqalədə daha sonra qeyd olunur ki, rejim ictimai fəalları və islahatçıları boğmaqla sabitliyi qoruduğunu iddia edir. Ancaq bu, yanlışdır. Cəmiyyətdə mötədil səsləri aradan qaldırmaqla Azərbaycan hakimiyyəti anti-qərb mühiti yaradır, bu mühit radikal islamçıları “yemləyir”. Bu da regionun və Qərbin təhlükəsizliyinə ölümcül təhlükədir. Buna görə də ABŞ və Avropa vurğulamalıdır ki, Azərbaycanla Qərbin əməkdaşlığı ölkənin demokratiya və insan haqları standartlarına tam riayət etməsindən keçir.



