Masallıda bələdiyyə rüsvayçılığı

Icra başçısının göstərişilə rayon ziyalısına imza verənlərə təzyiq olunub və onun namizədliyi ləğv edilib

Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib. Məmmədağa Eynullayev müraciətində bildirib ki, o, Masallınun Musaküçə kəndinin bələdiyyəsinə namizədliyini irəli sürüb.

Lakin rayonun icra başçısı Rafil Hüseynovun göstərişilə Dairə Seçki Komissiyası onun və rəhbərlik etdiyi təşkilatın üzvlərinin namizədliyini qeydə almayıb: “Mənim və mənimlə birgə namizədliyini irəli sürənlərə xüsusi diqqət olacağını bildiyim üçün sənədlərimizin və imzalarımızın tam səliqəli, düzgün və bütün qayda-qanunlara əsasən tərtib edilməsini təmin etdik.

Çünki mən Masallı Ziyalıları Ictimai Birliyinin sədri kimi rayonumuzdakı qanunsuzluqlar, icra başçısı Rafil Hüseynovun səriştəsiz, qanunsuz, şəxsi maraqları baxımından həyata keçirdiyi əməllər və digər hakimiyyəti nüfuzdan salan hərəkətləri barədə rayon ziyalıları və ictimaiyyət nümayəndələri adından ölkə rəhbərliyinə müraciətlər ünvanlamışam. Bütün bunlar da Rafil Hüseynovu ciddi narahat edirdi. Elə buna görə də məni və rəhbəri olduğum təşkilatın üzvlərini neytrallaşdırmaq üçün bütün resurslarını işə salmışdı.

Mən Rafil Hüseynovun qanunsuz əməllərini ictimailəşdirdiyimə görə onun təqib və təzyiqlərinə məruz qalmışam. Imza vərəqələrimi 70 saylı Masallı Dairə Seçki Komissiyasına təqdim etdikdən sonra təqib və təzyiqlər ən yüksək səviyyəyə çatdı və nəticədə saxtakarlıq nəticəsində namizədliyim qeydə alınmadı”.

Məmmədağa Eynullayev bildirib ki, icra başçısı müxtəlif vasitələrlə ona imza verən seçicilərə imzalarından imtina etmək üçün təzyiqlər edib. Təşkilat sədri Məzahir Pənahovdan bütün bu məsələlərin araşdırılmasını tələb edir.