Əli Həsənovun işçisi niyə Bəxtiyar Sadıqovun yazdıqlarını təkzib etdi?
“Azərbaycan mediası erməni helikopterin vurulması olayında daha peşəkar davrandı”. Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib. O, Prezident Administrasiyası və Mətbuat Şurasının informasiya təhlükəsizliyi ilə bağlı birgə keçirdiyi tədbirdə belə deyib.
Vüqar Əliyev “helikopter qalmaqalı”nda medianın peşəkar davrandığını desə də, rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov bir neçə gün əvvəl yazdığı məqalədə bu məsələyə görə mətbuatı ittiham etmişdi. O, vurulan helikopterin görüntülərinin ictimailəşməsini nəzərdə tutaraq yazmışdı: “Axı belə səhvlərin qarşısının alınması üçün ilkin, şifahi razılıq əldə olunmuşdu ki, cəbhənin təmas xəttində hadisələrlə bağlı informasiyalar yalnız Müdafiə Nazirliyinin müvafiq qurumlarının açıqlamasından sonra, həm də həmin açıqlamalar çərçivəsində və ruhunda olmalıdır”. Deputatın məqaləsindn belə aydın olur ki, “helikopter qalmaqalı”nda medianın fəaliyyəti Vüqar Əliyevin dediyi kimi o qədər də peşəkar olmayıb.
Bəxtiyar Sadıqovun fikirləri ilə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun işçisinin fikirləri arasında ziddiyyət təsadüfi deyil. Məlumata görə, hakimiyyət daxilində mətbuata nəzarət uğrunda savaş gedir. Hazırda mətbuatın əhəmiyyətli hissəsinə Əli Həsənov nəzarət edir. Bu isə Ramiz Mehdiyevin ürəyincə deyil. Onun KIV redaktorları ilə görüşünün kökündə də bu məsələnin dayandığı barədə iddialar var. Bəxtiyar Sadıqov Ramiz Mehdiyevə yaxınlığı ilə tanınır. Bu baxımdan da o əslində Əli Həsənovun media sahəsindəki fəaliyyətini tənqid edir.


