Günümüzün əleyhqazı

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Son yazımızda (3 dekabr, 2014) Az.TV-nin gücü haqqında bəhs etmişdik, yazmışdıq ki, biz rejimin pul və dəyənək gücündən əvvəl məhz telegücünə məğlub oluruq. Bəli, pula əyilənlər də kifayət qədərdir, dəyənəkdən qorxanlar da. Amma Az.TV-nin (bir daha xatırladaq: Az.TV yalnız bir telekanalın adı deyil, ölkədəki telekanalların hamısının ümumi adıdır, məsələn belə: ANS – Az.TV-1, “Xəzər” – Az.TV-2, ITV – Az.TV-3 və s.) evlərimizə daşıdığı yalan və yaltaqlıqla “zəhərlənənlər” daha çoxdurlar. 

Sovet illərində belə bir məşhur lətifə də var idi: 

Ailə birlikdə mərkəzi televiziyaya baxır. Aparıcı deyir: 

– Sovet Ittifaqında hamı doyunca yeyir, qəşəng geyinir. SSRI-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün sovet uşaqlarının gözəl oyuncaqları var.

Balaca Vova ağlayır:

– Mən, mən… SSRI-yə getmək istəyirəm.. 

Bəs indi? Indi də hakimiyyət televiziyaları oxşar üslubda danışır və göstərir, amma “ağlayan” yoxdur. Çünki kütlə uşağcasına inanır, özünü inandırır, ya da inandırılır ki, xalq həqiqətən doyunca yeyir, qəşəng geyinir, rahat mənzillərdə yaşayırlar, uşaqlar isə lap xoşbəxtdirlər, bundan gözəl dövran ola bilməz, oturub şükr eləmək lazımdır, bəs necə, Almaniya dağılır, elə başqa Avropa ölkələri də ondan geri qalmır.

Əsas sual: rejimin Az.TV gücünün qarşısına necə çıxmalı? Necə etməli ki, onun saçdığı kütləvi yalan zəhərinin effektini azaltmaq mümkün olsun?

Əlbəttə, gülməli görünür: hər evə rahat daxil olmaq, hər beyinə rahat yerimək imkanı olan telezəhərə qarşı əldəki dar imkanlarla immunitet yaratmaq doğrudanmı, mümkündür?

Məncə, mümkündür. Söhbət Azərbaycan tarixində yeni bir  maarifçi dalğa yaratmaqdan gedir. Bilgini, mədəniyyəti ön plana çıxarmaqdan gedir. 

Unutmayaq: cəhalətin, savadsızlığın kütlə şüuruna hakim kəsildiyi 150-200 il bundan əvvəl Azərbaycanda bir əlin barmaqları qədər az aydın insanın başlatdığı, zamanla genişlənən maarifçilik hərəkatı məhz 1918-ci ildə Cümhuriyyətin yaradılması ilə sonlandı.   

Həmin maarifçi hərəkatın sayəsində biz indi gəlişmiş, çağdaş bir dünya ölkəsi olmasaq da, hər halda Səudiyyə Ərəbistanı da deyilik. Türkmənistan, Özbəkistan da deyilik. Ən ağır şərtlər altında belə, ortaya işıqlı insanlarımız çıxa bilir. Elmar Hüseynovun, Rafiq Tağının qətli azad sözü susdurmağa kifayət etmir. Kütləvi siyasi həbslər, dəhşətli işgəncə maşını belə prosesə yeni insanların qoşulmasını əngəlləyə bilmir.

Biz buna görə, tariximizdə Axundovla başlayan, Zərdabilərlə, Nemanzadələrlə, Mirzə Cəlillərlə, Haqverdiyevlərlə, Üzeyir bəylərlə, Sabirlərlə, Əhməd bəy Ağaoğlularla davam edən yeni dalğaya minnətdarıq. Tarixdə heç bir işıqlı əməl izsiz ötüşmür. O ən qatı qaranlıqlarda belə kiminsə qəlbinə dola, ona aydın yolu göstərə bilir. Bax elə buna görə də bizdə 20 ildən artıq davam edən müddətdə “hamı üzərində qələbə” reallaşmadı. Təbii ki, prosesdə xeyli imkanlar və insanlar itirildi. Amma bir az da pozitiv yanaşaq məsələyə: bir belə pul, dəyənək və telezəhərlənmələr – amma məğlub olmayanlar da var, nə qədər minimalist yanaşma olsa da, hər halda bunun özü də təqdirəlayiqdir, ümidvericidir.

Bununla belə unutmamaq lazımdır: yeni maarifçi dalğa yaratmaqla, mədəniyyətə, bilgiyə, kitaba daha çox güc verməklə biz kütləyə ötürülən yalanları, dəyərə mindirilən dəyərsizlikləri əhəmiyyətli şəkildə zərərsizləşdirə bilərik, onların ironiya, kinayə obyektinə çevrilməsinə, onların beyinləri daha kəskin zəhərlənməsinə mane ola bilərik. Bəli, bəzən bilgili, mədəni adamlar da Sistemin zoru, pulu qarşısında boyun bükür, baş əyir, idbar şəkillərə düşürlər.

Amma əmin olun ki, yetişən hər irəligörüşlü, hər çağdaş dünyabaxışlı, hər azad, hər mədəni insanla rejimin sarayından ən azı bir daş da düşür, “Az.TV xalqı” ən azı bir nəfər də azalır. 

Maarifçiliyin xilasedici gücünə inanın!

Günümüzdə Az.TV-nin, Az.TV-lərin saçdığı yalan, yaltaqlıq, mütilik zəhərinə qarşı mənəvi əleyhqaz rolunu ancaq o oynaya bilər.