“Beşinci kolon” hakimiyyətin daxilində formalaşır”

«Azadlıqların önünü kəsmək, onları boğmaq hər il daha da çətinləşir»

Sahib Kərimli: «Rauf Arifoğlu siyasi baxışlarının dəyişdiyini etiraf etməlidir»

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son məqaləsində hədəfə aldığı məsələlər yenə mətbuatın əsas müzakirə mövzusudur. Daha çox hakimiyyətdən qaynaqlanan problemləri demokratik qüvvələrin üzərinə yıxan R.Mehdiyev az qala Milli Şura və AXCP-ni ölkədəki bütün problemlərdə günahkar elan edir. AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli ilə müsahibəmizə bu məqamdan başlamaq qərarına gəldik.

– Bu, əslində Milli Şura ilə AXCP-nin böyük uğurudur. Çünki hakimiyyət onunla hesablaşmayan, konkret dövlət başçısının adını çəkərək tənqid edən siyasi qüvvələri sıradan çıxarmaq yolu tutub, Milli Şura və AXCP isə göstərdiyi prinsipial fəaliyyətlə hakimiyyətin bu istəyini gözündə qoyub. Bu gün Milli Şura və AXCP Ilham Əliyevin adını çəkərək onu tənqid edə bilir. “Azadlıq” qəzeti, “Azərbaycan saatı” kimi media qurumları hakimiyyətin fəaliyyətini sərt formada tənqid edir. Ona görə də hakimiyyətin əsas hədəfi Milli Şura və AXCP-dir. Belədə hakimiyyətin əsas ideoloqu olan Ramiz Mehdiyevin Milli Şura və AXCP-ni hədəf almasında qəribə heç nə yoxdur.

– Ramiz Mehdiyevin məqaləsində hakimiyyət sanki atacağı addımlara bəraət qazandırmağa çalışır. QHT-lər “5-ci kolon” elan olunur, media strukturları təhlükə mənbəyi kimi göstərilir. Bu qədər narahatlıq nədən qaynaqlanır?

– Ilk növbədə hakimiyyət ciddi araşdırma aparır. Regionda baş verən proseslər, neftin qiymətinin düşməsi, Rusiyada baş verənlər ciddi təhlil olunur. Müasir dövrdə internetin imkanları getdikcə genişlənir. Artıq azadlıqların önünü kəsmək, onları boğmaq hər il daha da çətinləşir. Bu mənada hakimiyyət fərqindədir ki, onun xalqa dayanan siyasi kursu olmadığından ölkədə insanlar sosial tələblərlə, korrupsiyaya qarşı mübarizəyə başlamış olsalar, istinad nöqtəsi Milli Şura, AXCP olacaq. Hakimiyyət Ərəb dünyasında, Ukraynada baş verənlərdən nəticə çıxararaq belə qənaətə gəlir ki, guya Azərbaycandakı dəyişikliklər üçün QHT-lərə müəyyən məbləğ verilib. Amma hakimiyyət burada da ciddi yanlışın içərisindədir. Çünki müstəqillik uğrunda mübarizədə iştirak etmiş, SSRI-nin güclü vaxtlarında fəaliyyət göstərən milli qüvvələr ölkədə “beşinci kolon” rolunda çıxış edə bilməzlər. Yetər ki, Azərbaycada azadlıqlar verilsin, normal seçkilər keçirilsin. Ramiz Mehdiyevin məqaləsində göstərilir ki, hökmdarla xalq arasındakı mübarizədə hakim kim olacaq. Hökmdarla xalq arasında mübarizədə hakimin kim olacağı çox qabaqlar məlumdur. Bu, seçki institutu ola bilər. Amma bu institutu hakimiyyət tamamilə çıradan çıxarıb. Ramiz Mehdiyevin təmsil etdiyi hakimiyyət illərdir bu seçki institutunu əlimizdən alıb. Azərbaycanda Məzahir Pənahovun rəhbərliyi altında fəaliyyət göstərən və məlum qərarlar çıxaran MSK var. Əgər xarici qüvvələrin Azərbaycanda qarışıqlıq yarada biləcəyi ifadə olunursa və bu zaman kütləvi repressiyalar baş verirsə, bu həm də onun etirafıdır ki, hakimiyyət isterikadadır. Təhlükə hiss etdiyindən qabaqlayıcı addım ataraq günahsız insanları həbsə atıb. Hakimiyyət bu addımı ilə həbslərin niyə baş verdiyini ifadə edir və gələcək həbslərin anonsunu verir. Hakimiyyətin məqsədi Azərbaycanda prosesləri öldürməkdir. Çünki hakimiyyətin siyasi müstəvidə yarışmıq üçün potensialı aşağıdır. Ona görə inzibati resurslardan yararlanırlar. 

“Gənclik hakimiyyəti dəstəkləmir”

– Hakimiyyətdə maraqlı etiraflar da olur. Məsələn, bu yaxınlardan Siyavuş Novruzov etiraf etdi ki, Azərbaycanda yüksək faizli kreditləri ödəmək üçün ya silah, ya insan, ya da narkotik alverçisi olmaq lazımdır. Bu etirafı necə dəyərləndirmək olar?

– Hakimiyyət fərqindədir ki, yeni dünyada qapalı siyasət keçərli deyil. Cəmiyyətə açıq olmaq, tənqidi qəbul etmək və buna uyğun addımlar atmaq gərəkdir. Hökumətin təbii ki, buna potensialı yetmir. Amma hakimiyyətin ilkin olaraq bu siyasəti imitasiya etmək cəhdləri var. Hakimiyyət guya özünütənqid prinsiplərinə əməl edir, hər hansı dəyişikliklərin ola biləcəyi anonsunu verir. Amma hakimiyyət bu cür addımlar atmağa hazır deyil. Çünki biz bu hakimiyyətin xalqa dayanmasını, etibar etməsini heç zaman müşahidə etməmişik. Hakimiyyət siyasi müstəvidə rəqabət imitasiyası yaratsa belə, yenə də onları fiasko gözləyir. Çünki bu hakimiyyəti meydanlarda ürəkdən alqışlayan bir təbəqə yoxdur. Gənclik konkret olaraq hakimiyyətin arxasında deyil. Bu gün hakimiyyət “beşinci kolon”dan çox danışır. Amma bu qüvvə daha çox hazırkı hakimiyyətin daxilində formalaşır. Bir müddət əvvəl Elnur Aslanov Prezident Administrasiyasında tutduğu postdan uzaqlaşdırıldı. AKP iqtidarı ilə Gülən şəbəkəsi arasında gedən qarşıdurmanın təsirlərini hiss etdik. Real “beşinci kolon” təhlükəsi bu zaman meydana çıxdı. Demokratik qüvvələrin tərkibindən “beşinci kolon”un çıxması inandırıcı deyil. Olsa belə, elektorat onu qəbul etməz. 

– Ramiz Mehdiyev də çıxışında belə bir etiraf edib ki, Azərbaycanda təhsil bərbad vəziyyətdədir. Elmi adlar pulla alınıb satılır. Buna görə məsuliyyəti kim daşıyır?

– Bu gün təhsil bərbad durumdadırsa, Prezident Administrasiyasında işə götürməyə savadlı adamlar çatışmırsa, məsuliyyət 20 ildir hakimiyyətdə olan bu iqtidarın üzərinə düşür. Çünki təhsildə bu cür geriləməyə görə hesabat verilməlidir. Hətta bu gün müsbət qiymətləndirə biləcək addımlardan belə geri addım atmağa məcbur olurlar. Çünki, bu sistemin mahimyyəti islahatlara yollar açmır. Çünki, Ilham Əliyevin regional təhsil idarələrinin yaranması ilə bağlı sərəncamı oldu. Yanvarın birindən etibarən rayon təhsil şöbələri ləğv edilməli, regional təhsil idarələri yaradılmalı idi. Amma inzibati amillərdən, siyasi baxışlardan dolayı özlərinin başlatdığı prosesdə belə yanlış dönüş etdilər. 

– “Yeni Müsavat” qəzetinin baş redaktoru rəhbərlik etdiyi mətbuat orqanında hazırda AXCP-ni və “Azadlıq” qəzetini hədəf seçib. Həm AXCP, həm də qəzetin ünvanına təhqirlər yağdırılır…

– Mən siyasətdə təhqir elementlərinin tamamilə aradan qaldırılmasının tərəfdarıyam. Bu bizim inkişafımıza ciddi zərbə vurur. Rauf Arifoğlu və bu prosesdə olanlara gəlincə, demək istəyirəm ki, bu gün dünənki kimi düşünməmək, fərqli mövqedə olmaq siyasətdə normal haldır. Amma yanlış olan və tənqidə dözümsüz odur ki, mövqe, yanaşma faktiki olaraq dəyişilib. Amma bu etiraf olunmur və müxalifət missiyasını üzərlərində saxlamağa çalışdıqları üçün təbii ki, Milli Şura və AXCP-dən olan siyasətçilər, funksionerlər bu məsələni kəskin tənqid edirlər. Rauf Arifoğlu və digərlərinə düşən o olar ki, bu gün onlar iqtidara, Ilham Əliyevə baxışlarının faktiki olaraq dəyişdiyini açıq etiraf etsinlər, bu, getdikləri yolu əsaslandırmaq üçün daha uğurlu olardı. Nəinki Rauf Arifoğlunun bu yoldan imtina etdiyini iddia edən siyasi kəsimə hücumlar etmək. “Niyə bizi gözdən salmağa çalışırsız” kimi ifadələrdən istifadə etmək çox uğursuz yoldur. Ona görə də qarşıdurma bu vəziyyətə gəlib. Kiminsə siyasi mövqeyi ilə bağlı baxışları dəyişibsə, özünün siyasi iddialarını reallaşdırmaqla əlaqəli düşüncələri fərqlidirsə, bunu etiraf etməlidirlər. Əgər AXCP sədri, Milli Şura konkret radikallıqda, cəmiyyətdə islahatların önünü kəsməkdə ittiham olunursa, o zaman fərqli mövqeyin nədən ibarət olduğu elan edilməlidir. Deyilməlidir ki, biz bu yolu tam fərqli görürük, iqtidarla əməkdaşlığın tərəfdarıyıq və sair. Amma bunu ifadə edib, özünün konkret fəaliyyətlərini ört-basdır etmək o qədər də uğurlu yol sayılmır.

“Bu cür ədalətsiz idarəetmə, korrupsiya yolverilməzdir”

– Qarşıdan parlament seçkiləri gəlir. Hazırkı repressiya mühiti nəzərə alınarsa, seçkilərdən gözləntiləriniz nədir?

– 2015-ci il ölkə üçün əhəmiyyətli ildir. Insanlar hər şeyi görür. Bu cür ədalətsiz idarəetmə, korrupsiya yolverilməzdir. Nəhayət vətəndaşa xidmət edən sistem qurulmalıdır. Yarıtmaz təhsil, səhiyyə sistemi aradan qaldırılmalıdır. Azərbaycan vətəndaşı müalicə almaq üçün nəyə görə Irana üz tutmalıdır. Dövlət vətəndaşının təhsilinin, səhiyyəsinin, təhlükəsizliyinin qayğısına qalan bir sistemdir. Ölkəyə çoxlu neft gəlirləri gəlir, amma hər rayonda yalnız bir küçə abaddır. Bununla iş bitmir. Kənd təsərrüfatı sıradan çıxıb, suvarma sistemi sıradan çıxıb, fermerlərə qayğı yoxdur. Ölkənin ciddi potensialının olmasına baxmayaraq ölkəyə kənd təsərrüfatı məhsulları idxal edilir. 2015-ci il Azərbaycan iqtidarı üçün son şansdır. Bu parlament seçkiləri normal olmasa, xalqın iradəsi nəzərə alınmasa, ölkədə dəyişikliklər ciddi kataklizmlərlə müşahidə oluna bilər. 2015-ci il parlament seçkiləri həm iqtidar, həm cəmiyyət üçün əla fürsətdir. Dəyişən dünya var. Dövlət aparatı insana xidmət etməlidir.

Xəyal