Nemət Əliyev: «Daxili bazardakı inhisar siyasəti və qeyri-neft sektoruna olan münasibət belə bir vəziyyət yaradıb»
2014-cü ilin sentyabr ayında fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtibi tələb olunmayan idxal-ixrac mallarının həcmi (dəyəri) 150,8 milyon dollar olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bunun da 122,3 milyon dolları idxalın, 28,5 milyon dolları ixracın payına düşüb.
Fiziki şəxslərin ticarətində idxal ixracı 4,3 dəfə üstələyib və xarici ticarət saldosu mənfi 93,8 milyon dollara bərabər olub. Başqa sözlə, xarici ticarət dövriyyəsinin 81,1 faizini idxal, 18,9 faizini ixrac təşkil edib.
Sentyabr ayında gömrük bəyannaməsi tərtib edilmədən aparılan xarici ticarət əlaqələrinin 30,73 faizi Türkiyə; 26,86 faizi Rusiya; 13,77 faizi Gürcüstan; 7,74 faizi Iran; 2,46 faizi Çin; 2,07 faizi Ukrayna; 1,92 faizi Almaniya; 1,86 faizi Birləşmiş Ərəb Əmirlikləri; 1,56 faizi Böyük Britaniya; 1,41 faizi Polşa; 1,2 faizi Belarus; 1,19 faizi Amerika Birləşmiş Ştatları; 1,1 faizi Fransa; 0,95 faizi Qazaxıstan; 0,88 faizi Italiya ilə həyata keçirilib. Azərbaycana idxal olunan malların çox hissəsini, yəni 95,38 faizini Türkiyədən (30,18 faiz), Rusiyadan (27,14 faiz) və Gürcüstandan gətirilən mallar təşkil edib.
Fiziki şəxslər tərəfindən xarici ölkələrdən idxal edilən malların ümumi həcminin az hissəsi ərzaq malları, daha çox hissəsi isə qeyri-ərzaq mallarından ibarət olub.
Iqtisadçı-ekspert Nemət Əliyev hökumətin daxili bazarda həyata keçirdiyi siyasətin və qeyri-neft sektoruna olan münasibətin nəticəsi olaraq idxalda belə bir vəziyyətin yarandığını söyləyir. Ekspert Statistika Komitəsinin elan etdiyi statistikanı da yada salır. Komitə bu ilin 9 ayı ərzində ölkə idxalının 1,5 milyard dollar həcmində aşağı düşdüyünü bəyan edib. Bu isə özlüyündə çox böyük rəqəmdir: “Azalma müxtəlif sahələri əhatə edib. Ərzaq və qeyri-ərzaq məhsulları, geyim və çoxçeşidli məhsullarda bu məqam özünü göstərib. Idxaldakı azalmalara Rusiya ətrafında baş verən hadisələr də təsir göstərir. Azalmaların qarşısını almaq, bu qədər miqyasda olmasını əngəlləmək bəlkə də olardı. Hökumət ölkə daxilində korrupsiyanın, rüşvətxorluğun, monopoliyanın səviyyəsini aşağı salsaydı, idxalın zəifləməsinin qarşısını almaq mümkün idi. Təəssüf ki, hökuməti idarə edənlər həmin prosesin qarşısını almaq əvəzinə, ona daha da təkan verirlər. Düşünürlər ki, monopol çevrənin nüfuz dairəsini aşağı salacaq addımlar onların gəlirlərini azaldacaq”.
Ekspert bu məsələdə dövlət və millətin maraqlarının önə çəkilmədiyini vurğulayaraq, vəziyyətin yaxşılaşması üçün ilk növbədə idxalı əngəlləyən problemlərin aradan qalxmasını vacib sayır. Onun sözlərinə görə, ixracda müşahidə edilən 500 milyon dollardan çox azalma da mənfi haldır: “Ümumilikdə isə ticarət dövriyyəsindəki 2,2 milyard dollar həcmindəki azalma heç də yaxşı hal deyil. Bu məsələdə hökumətdən asılı olan səbəblər 90 faizdir”.
Nigar


