“Bütün hədləri aşan bu qisasçılıq heç bir halda hakimiyyətə uzun ömürlülük və hörmət qazandırmayacaq”
Azərbaycan Xalq Cəbhəsi Partiyası jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, AXCP Xədicə İsmayıla qarşı ittihamları və onun barəsində seçilən həbs-qətimkan tədbirini şiddətlə pisləyir.
Xədicə İsmayıl uzun müddətdir öz sanballı araşdırmaları ilə təkcə Azərbaycanda deyil, dünyada tanınan jurnalist, ictimai xadimdir. Onun peşəkar araşdırmaları müxtəlif mükafatlara layiq görülüb, özü bir yaradıcı şəxs kimi cəmiyyətdə böyük oxucu kütləsi, rəğbət qazanıb.
Bu araşdırmalar Azərbaycanda hökm sürən korrupsiyaçı, kriminal rejimin mahiyyətini açdığı üçün Xədicə İsmayıl Əliyev hakimiyyətinin arzu edilməz şəxsinə çevirilib. Cəsur jurnalisti susdurmaq üçün hakimiyyətin əl atmadığı çirkin vasitə, təzyiq metodları qalmadı. Lakin onların heç biri fayda vermədi. Xədicə İsmayıl əvvəlki kimi peşə fəaliyyətini davam etdirdi.
Son çağlar hakimiyyətin baş ağrısına çevirilən mövzu – siyasi məhbuslar, saxta QHT-lər barədə apardığı işlər, göstərdiyi vətəndaş mövqeyi artıq rejim üçün dözülməz həddə çatmışdı.
Ona qarşı böhtan kampaniyasına inzibati orqanlar, polis, prokurorluq, məhkəmə də qoşulmuşdu. Xədicə İsmayıl xarici səfərlərinin birində olarkən açıq təhdid almışdı, ölkəyə qayıdacağı halda həbs ediləcəyini demişdilər. O bu hədələrə məhəl qoymayaraq, Azərbaycanı tərk etmək fikirində olmadığını bəyan etmişdi. Hər kəsə aydın idi ki, bütün bunlar Xədicə İsmayılı həbsə aparan yoldur. Həbs isə artıq baş verdi”, – deyə bəyanatda qeyd olunur.
AXCP Xədicə İsmayıla qarşı seçilən addımı birmənalı olaraq ədalətsiz və qərəzli sayır. Partiya bəyan edir ki, Xədicə İsmayıla yönələn ittihamlar qurama olmaqla yanaşı, hakimiyyətin siyasi sifarişidir.
AXCP bütün cəmiyyəti, vicdanlı insanları Xədicə İsmayılın müdafiəsinə səsləyir, bu cür cəsur və peşəkar insanların qorunmasının vacibliyini bəyan edir.
AXCP bəyan edir ki, Xədicə İsmayılın sonadək müdafiə olunması üçün lazım olan bütün hüquqi addımları atacaq.
Partiya eyni zamanda tanınmış ictimai xadim və jurnalistin həbsinə qərar verənləri bu barədə bir də düşünməyə çağırır.
“Tənqidçi səslərə, xüsusən də qadınlara qarşı bütün hədləri aşan qisasçılıq heç bir halda hakimiyyətə uzun ömürlülük və hörmət qazandırmayacaq”, – deyə bəyanatda bildirilir.
AXCP hakimiyyətdən Xədici İsmayıla qarşı qondarma cinayət işinə xitam verilməsini və onun eləcə də başqa siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.