Ölkənin indiki halında kiminsə burada öz gücünə karyera qurub uğur qazanacağına inanırsınız? Şəxsən mən inanmıram. Kimsəyə sirr deyil ki, çevrəsindəki diplomlu, diplomsuz, istedadlı, istedadsız, çalışqan, tənbəl hər kəs uğur açarını kənarda arayır. Buralardan çox uzaqlarda. Insanların böyük xəyallarını başqa bir ölkə ilə bağlaması da səbəbsiz deyil təbii. Çoxları şansını sınayıb axı dəfələrcə. Sınayıb və xəyal qırıqlığına uğrayıb. Elə indi sorağı “O səs Türkiyə”dən gələn Elnur Hüseynov da buradan başlamışdı. Azərbaycanı ilk dəfə “Eurovision” yarışmasında uğurla təmsil edən ifaçı olmuşdu. O beynəlxalq müsabiqədə Elnur və tərəfdaşı Samir yalnız 8-ci yeri qazansa da, bu nəticə onların istedadsızlığı anlamına gəlmirdi. Bəlkə həmin yarışmadan yaddaşlarda qalan ən unudulmaz şey də elə Elnurun qeyri-adi səsi idi. Təəssüf ki, o belə böyük bir istedadla da çox uzağa gedə bilmədi və demək olar ki, zamanla yadırğanıb unuduldu.
Indi də Elnurun Türkiyədə böyük səs gətirən gözəl ifasından sonra onun uğuruna kölgə salmaq məqsədi daşıyan qaralama kampaniyası başlanıb. Guya onun hansısa şərtlər daxilində Ebru Gündəşi seçdiyi haqqında absurd dedi-qodular medianı başına alıb gedir. Bu cılız və eybəcər kampaniyanı bir kənara qoyuram. Çünki hər şey ortadadır, gənc ifaçının möhtəşəm səsi də, uğurlu çıxışı da, peşəkarların verdiyi qiymət də. Sadəcə, insanı ağrıdan başqa məsələdir. Niyə bu qədər istedadlı olub, öz ölkəndə irəli çıxmaq, dəyərləndirilmək, dəstəklənmək imkanlarından məhrum olasan? Buralardan macəra üçün başını götürüb getmədiyini Elnur özü də etiraf edir axı. Xəyallarını gerçəkləşdirmək və geniş üfüqlərə açılmaq üçün o da çıxış yolunu başqa bir ölkədə görüb anlaşılan.
Bəli, diqqətsizlikdən, haqsızlıqdan və mümkünsüzlükdən başını götürüb gedir insanlarımız. Elnurla bağlı mediada yayılan çirkin yazıları oxuyunca, dünya musiqisində öz yerini çoxdan almış caz sənətçimiz Əzizə Mustafazadəni xatırladım. Sizin də xatirinizdə olar, bəlkə. Illər öncə o da yaşadığı xarici ölkədə çəkildiyi reklamlara görə hədəfə gəlmişdi. Buradakı namus keşikçilərimiz asıb-kəsmişdilər o ki var musiqiçini. Bəlkə də, elə bu üzdən uzun illər buralara ayaq basmamış, Avropa ölkələrinin birində səssiz-soraqsız yaşamışdı. Çox sonralar izinə düşüb tapmışdılar bizimkilər Əzizəni. Yaxşı ki, könlünü alıb doğma şəhərində on minlərlə heyranı olduğuna inandırıb, yenidən buralara dönməyə razı salmışdılar.
Bu illər ərzində belə incik gedən neçə Əzizəmiz var, bilirsiniz? Çoxdur, lap çox. Onların dəqiq sayını kimsə bilmir. Ancaq mənim bildiyim odur ki, onların arasında bir zamanlar şəxsən tanıdığım mükəmməl ifaçılar vardı. Indi onları burada kim xatırlayır? Hazırda uzaq xaricdə böyük uğurlara imza atan bəstəkar və pianoçumuz Əminə Fiqarovanı Azərbaycanda neçə nəfər tanıyır? Yaxud gözəl skripka ifaçımız Səbinə Rakçeyevanı? Belə istedadların adlarını sadalasaq, siyahı hara qədər uzanar, kim bilir?
Bir istedadın sərhədləri aşması, yeni arenalara çıxması və daha geniş miqyasda tanınması böyük uğurdur, əlbət. Normalda bu hər kəsin arzusudur və o idealın çətin yollardan keçəcəyi də kimsəyə sirr deyil. Amma belə istedadlı insanların dəyəri ən əvvəl öz ölkəsində verilməlidir. Zamanında verilən o dəyərlə irəli getmək və başqa çevrələr tərəfindən kəşf olunmaq da xeyli asan olur…