«Bütün bu bəyanatlar Rusiyanın təzyiqi ilə reallaşdırılır»
Azərbaycan hakimiyyəti yenidən antiAmerika təbliğatına başlayıb. Son günlər Amerikanın ünvanına səslənən ittihamlar müxtəlif istiqamətləri əhatə edir. ABŞ dünyada terrorizmi dəstəkləməkdə, “rəngli inqilablar” etməkdə günahlandırılır. Bu baxımdan ekspertlər Ilham Əliyevin bir neçə gün öncə “Rosiya 24″ telekanalına müsahibəsində ”IŞID Yaxın Şərqdə yürüdülən yanlış siyasətin nəticəsi kimi meydana gəlib” deməsi təsadüfi qiymətləndirilmir.
Əslində bu açıqlamada məhz ABŞ hədəf seçilir. Amma dövlət başçısı Amerikanın adını çəkməsə də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev son məqaləsində bütün “suallara” aydınlıq gətirib. “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqalədə Amerikanın ünvanına sərt ittihamlar səslənir. R.Mehdiyev məqaləsində bir sıra məqamlara toxunur. Onlardan biri yerli QHT-lərin “5-ci kolon” adlandırılmalarıdır. Bundan başqa, Obamanın yerli qanunvericilik məhdudiyyət qoyarsa belə, müxtəlif ölkələrdə vətəndaş cəmiyyətinin fəallarına, demokratik təssisatlara yardım etməklə bağlı qərarı da hədəfə tuş gəlib.
R.Mehdiyevin məqaləsi ilə əslində hakimiyyətin yürütdüyü siyasətə aydınlıq gətirmiş oldu. Amma bu siyasət hansı məqsədlərə xidmət edir, atılan addımların hansı fəsadları ola bilər?
Fuad Qəhrəmanlı: “Hakimiyyət demokratik institutlara qarşı siyasi repressiyalara haqq qazandırmağa çalışır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bu məqalə ilə hakimiyyət Ramiz Mehdiyevin dili ilə ilk dəfə açıq şəkildə etiraf etdi ki, demokratiyanı, demokratik dəyərləri özü üçün təhlükə sayır: “Bu məqalə həm də dövlət səviyyəsində antiqərb kursunun ideoloji əsaslandırıması hesab oluna bilər. Məqalədə vətəndaş cəmiyyəti dövlət və hakimiyyət üçün təhlükə törədən təhdid faktoru kimi təqdim olunur. Bu da o deməkdir ki, dövlət səviyyəsində nəinki siyasi plüralizm, azad siyasi rəqabət anlayışı inkar olunur, hətta nəzarət edilməyən ictimai sektor, müstəqil QHT-lər xarici dövlətlərin casus şəbəkəsinə bağlı təhlükəli ünsürlər kimi qəbul olunur. Bu o deməkdiir ki, iqtidar hakimiyyətin nəzarətindən kənar hər hansı ictimai fəaliyyəti özü üçün təhlükə sayır və bu cür fəaliyyət imkanlarını boğmaqda maraqlıdır.”.
F.Qəhrəmanlının sözlərinə görə, eyni düşüncə tərzi siyasi partiyalara münasibətdə də özünü göstərir və müxalifət partiyası kimi AXCP-nin fəaliyyətinə qarşı aqressiv yanaşılaraq müxalifət ölkədə sabitliyi pozan təhlükə mənbəyi kimi təqdim ediilir: “Bu mövqe əslində, demokratik dəyərləri inkar edən avtoritar zehniyyətin məhsuludur.Ramiz Mehdiyevin Qərb haqqındakı mülahizələri Sovet dövrünün ritorikası ilə eynidir və Amerika demokratiya pərdəsi altında süni inqilablar, iğtişaşlar təşkil edən qlobal təhlükə kimi xarakterizə olunur. Buradan da o nəticə çıxır ki, hakimiyyət üçün Qərbə inteqrasiya, Qərb institutları ilə əməkdaşlıq dövlətə xəyanət, ölkənin milli maraqlarına zərbə vurmaq anlamına gəlir. Demək hakimiyyətin nəinki Qərbə inteqrasiya kimi bir niyyəti yoxdur, əksinə, bu siyasətə tərəfdar olanlar iqtidarın gözündə potensial milli düşmənlər hesab olunurlar.”.
F.Qəhrəmanlı vurğuladı ki, ümumiyyətlə, məqalədən belə görünür ki, hakimiyyət AXCP başda olmaqla siyasi müxalifəti və müstəqil QHT-ləri özü üçün başlıca təhlükə mənbəyi elan edərək demokratik institutlara qarşı siyasi repressiyalara haqq qazandırmağa çalışır. “Bununla da ölkədə demokratik proseslərin boğulmasına dövlətçilik maraqlarını qorumaq, xarici müdaxilənin qarşısını almaq adı altında bəraət qazandırılır”, deyə F.Qəhrəmanlı vurğuladı.
Hikmət Hacızadə: “Hakimiyyət bu cür ritorikaya Rusiyanın təzyiqi ilə müraciət edib”
Politoloq Hikmət Hacızadə düşünür ki, son zamanlar baş verən hakimiyyətin ənənəvi “balans” siyasətinin pozulmasının nəticəsidir. Iyirmi ildir ki, Qərbin Azərbaycanda demokratiyanın inkişafını dəstəkləmək üçün qrant layihələri həyata keçirdiyini deyən H.Hacızadə vurğuladı ki, hakimiyyət bu cür ritorikaya Rusiyanın təzyiqi ilə müraciət edib: “Bəlkə də Ukrayna hadisələri hakimiyyəti narahat edir. Bu üzdən də Qərbə qarşı bu cür sərt mesajlar verirlər. Bütün bu bəyanatlar Rusiyanın təzyiqi ilə reallaşdırılır. Amma bu addımlar eyni zamanda hakimiyyətin ilə də ürəyincədir. Demokratiya hakimiyyətin seçki yolu dəyişdirilməsidir. Iqtidar isə bunu istəmir”.
Xəyal


