Tarixin xarabalığı

Hüquq müdafiəçisi Leyla Yunusla bağlı yenə də ağrılı xəbərlər gəlir. Azadlığı əlindən alınan xanıma təcridxanada da rahatlıq yoxdur. Rahatlıq sözünü qəribçiliyə salmayın, bəzi dostlarımız uzun illərin ağrılı-acılı mübarizəsindən sonra türməyə düşməyi bir növ “istirahət” kimi qəbul edirlər. Onlar çoxlu kitab oxumağa bu şəkildə vaxt tapmağı Tanrının qisməti sayırlar.

Ancaq Leyla xanıma bu “rahatlığı” da çox görürlər. Əsəblərini tarıma çəkirlər, onsuz da ciddi problemlər olan səhhətini bir qədər də ağırlaşdırmağa çalışırlar. Təzyiqin istənilən, çoxlarının ağlına belə gəlməyəcək forması bunlar üçün qəbulediləndir. Beynəlxalq təşkilatlar, ictimaiyyət bir yana, heç Allahdan da çəkinmir, həya etmirlər. Yaşlı qadına qarşı bu hakimiyyətin etdikləri ilə bağlı bəzən adamlar söz tapmaqda belə çətinlik çəkirlər. Sosial şəbəkələrdə yazılanlardan bunu görmək olur. Niyə hakimiyyətdə öz vətəndaşına qarşı bu qədər qəzəb, kin, nifrət var? Nədən qaynaqlanır bütün bunlar? Niyə bunlar oturduqları budağı belə israrla kəsməkdədirlər? Bilmirlərmi ki, kəsdikləri budaq sınacaq, yerə çırpılmaq çox ağrılı olacaq?!.

***

“…müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı”. Bu sitat Azərbaycanın prezidenti Ilham Əliyevin “Rossiya24″ telekanalına müsahibəsindəndir. Kanal əməkdaşının tolerantlıqla bağlı sualına cavab verərkən Ilham Əliyev bunları deyib. Nifrəti duydunuzmu? Xalq Cəbhəsinin hakimiyyətdən devrilməsindən 21 il keçib. Ancaq ölkə başçısı elə bil dünənki hadisə barədə danışır. Yanğıyla. Baxmayaraq ki, həmin illərdə heç Azərbaycanda olmayıb. Xalq Cəbhəsinin 1 illik hakimiyyət dönəmində nə etdikləri ilə işimiz yoxdur, vicdanlı vətəndaşlar onu xatırlayır və yeri gələndə başqalarına da xatırladır. Bəs görək 21 illik hakimiyyət hansı işləri görüb. Bəlkə, Qarabağ məsələsində uğura imza atıb? Bəlkə, təhsildə uğurlar qazanıb? Bəlkə, işsizlik problemini həll edib? Yeri gəlmişkən, həmin müsahibədə işsizliyin faizi ilə bağlı suala cavabında ölkə başçısı bunun 5 faiz olduğunu deyib. Bir faktı xatırladaq. Təkcə QHT sektoruna olan builki hücumlar neçə min adamı işsiz qoyub.

Müəllimə, həkimə 120-130 manat, ancaq futbol yığmasına gətirdiyi məşqçiyə 1 milyon 200 min manat maaş verir.

Təhsilsizlik adamların kütləvi şəkildə çeşidli təriqətlərə üz tutmasıyla sonuclanıb. IŞID-ə qoşulan yüzlərlə azərbaycanlı oğul və qızlarımızı xatırlatmaq yetərlidir, məncə. Ərazisinin 20 faizi düşmən tapdağında olan ölkənin vətəndaşları başqa dövlətin ərazisində “haqq-ədalət” adı altında baş kəsir, qan tökür. 

21 il az deyil. Bu illər ərzində çox şey qazanmaq, ölkəni həqiqi inkişafa aparmaq olardı. Ancaq əvəzində geriləməni görürük, Azərbaycanın ötən əsrin 70-ci illərinə – rüşvətxorluq və “pripiska” illərinə – qaytarıldığının şahidi oluruq. Milyonlar, milyardlar xərcləyib binaların divarlarını qaşımaq, mənasız körpülər, yol keçidləri tikmək inkişaf deyil, korrupsiyadır. Yeri gəlmişkən, bir neçə gün qabaq istifadəyə verilən “Dərnəgül yolu” yenidən bağlanıb, təmir adıyla.

Şahidi olduğumuz başqa bir “inkişaf” fərqli düşünənlərin, hakimiyyətin səhv yolda olduğunu deyənlərin ucdantutma türməyə salınmasıdır…

Qabaqlar Xalq Cəbhəsi ilə bağlı danışanda Ilham Əliyev onları “tarixin arxivinə” atdıqlarını deyirdi, indi leksikon dəyişib. “Tarixin xarabalıqları” ifadəsi gündəmə gəlib. Görünür, hakimiyyətdəkilər də tarixi hansı günə saldıqlarının fərqindədirlər…