Rusiya Qroznıdan qarışdı

«Çeçenistanda hazırda baş verənlər uzun illə boyunca gedən mübarizənin davamıdır»

Dekabrın 4-də Çeçenistanın paytaxtı Qroznıda sözün əsl mənasında müharibə başladığını demək olar. Şəhərin mərkəzində güclü partlayışdan sonra atəş səsləri eşidilməyə başlayıb. Çeçen silahlıları ilə rus ordusu arasında atışma zamanı hər iki tərəf ciddi itki verib.
Çeçenistandakı olayların Rusiyadakı böhran zamanı baş verməsi də təsadüfi sayılmır. Ekspertlər hesab edir ki, Çeçenistan hadisələri Rusiyada mərkəzi aparatın getdikcə situasiyaya nəzarəti itirdiyini göstərir.
 
Vəfa Quluzadə: «Baş verənlər təbidir və mən bunları gözləyirdim»
 
Politoloq Vəfa Quluzadə bildirdi ki, Çeçenistanda hazırda baş verənlər uzun illə boyunca gedən mübarizənin davamıdır. Şimali Qafqaz xalqlarının öz müstəqillikləri uğrunda mübarizənin növbəti mərhələsinə qədəm qoyduğunu düşünən V.Quluzadə bildirdi ki, bu xalqlar müstəqillikləri, öz talelərinə sahib olmaq uğrunda mübarizəni həmişə aparacaqlar: «Bir müddət Çeçenistanda mübarizə səngimişdi. Amma mübarizənin səngiməsi o demək deyildi ki, mübarizə bitib. Mübarizə aparan mücahidlər dağlara çəkildilər. Bu bir strategiyadır. Mücahidlər yenidən mübarizəyə başlamaq üçün güc yığırdılar. Çeçenistanda baş verənlər Putinin xalqa müraciəti ilə üst-üstə düşdü. Bu da Putinə bir mesajdır ki, biz məğlub olmamışıq və mübarizəni sona qədər davam etdirəcəyik. Şeyx Şamildən də əvvəl Şimali Qafqaz xalqları ruslarla mübarizə aparıblar. Şeyx Şamil Şimali Qafqazda dövlət yaratmağa yaxın idi. Şeyx Şamili 25 illik müharibədən sonra məğlub etməsəydilər orada hazırda böyük bir müsəlman dövləti olardı. Amma rus çarı, daha sonra isə SSRİ buna imkan vermədi. İndi isə Rusiya Federasiyası Şimal xalqlarına müstəqillik vermir. Amma bu heç də o demək deyil ki, xalqlar məğlub olub. Baş verənlər təbidir və mən bunları gözləyirdim».
V.Quluzadənin sözlərinə görə, artıq rus təbliğatı baş verənlərin arxasında Qərbini dayandığını bəyan edir. Amma bu təbliğat reallığa əsaslanmır. «Rusiya tarixinə nəzər yetirsin. Hazırda mübarizə aparan xalqların yüz il əvvəl arxalarında kimin dayandığına baxsın. Bu müstəqillik mübarizəsidir və buna kölgə salmaq olmaz», deyə V.Quluzadə vurğuladı.
Xəyal