“Yeni Müsavat”ın növbəti unutqanlığı

Eldəniz Quliyev: «Rüstəm Ibrahimbəyov bu məsələdə qətiyyətli mövqeyini ifadə edib və «Yeni Müsavat»ın yazdıqları cəfəngiyyatdır»

“Yeni Müsavat” qəzeti “Ibrahimbəyov niyə Leyla Yunusu müdafiə etmir?” başlıqlı məqalə dərc edib. Məqalədə Leyla Yunusun Rüstəm Ibrahimbəyov haqqında səsləndirdiyi müsbət fikirlər xatırlanır, seçki dövründə fəallığı, Ibrahimbəyovu vahid namizəd kimi müdafiə etməsi, onu cəsarətli bir ziyalı kimi qiymətləndirməsi diqqətə çatıdırılır. 

Bütün bunlar sadalanandan sonra qeyd olunur ki, Rüstəm Ibrahimbəyov eyni fədakarlığı Leyla Yunus üçün etmədi. Bildirilir ki, Rüstəm Ibrahimbəyov Leyla Yunusun həbsinə biganə qaldı, onu müdafiə etməkdən imtina etdi.

Məqsədimiz Rüstəm Ibrahimbəyova vəkillik etmək, onun  haqqında deyilənlərə cavab vermək deyil. Sadəcə ədalət xatirinə xatırlatmaq istəyirik ki, Leyla Yunusun həbsilə bağlı ilk bəyanat verənlərdən biri də Rüstəm Ibrahimbəyov olub. 

Sentyabr ayında verilən bəyanatda Ibrahimbəyov bildirir ki, həbsxanada Leyla Yunusun dəhşətli fiziki təzyiqlərlə üzləşməsi faktından şoka düşüb: “Ölkəmə görə utanıram. Bizimlə nə baş verir? Uzun tarixi inkişaf yolunu tapdalayaraq orta əsrlərdə mövcud olan yaşam normalarına doğru yuvarlanmışıq. Hakimiyyət həyatını öz həmvətənlərinin müdafiəsinə həsr etmiş insanı azadlıqdan məhrum edir. Bununla kifayətlənməyərək, üstəlik, həbsxanada onu elementar məhbus hüquqlarından da məhrum edirlər. Leyla Yunusa qarşı baş verənlər vicdanı, yaşadığı ölkəyə görə məsuliyyət hissi olan hər kəsə qarşı hakimiyyət tərəfindən düşünülmüş zorakılıqdır”.

Rüstəm Ibrahimbəyov bəyanatda onu da qeyd edir ki, Leyla Yunusun Hüquqularını Müdafiə Komitəsinin bütün qərarlarına qoşulur: “Bundan artığını edə bilmədiyimdən acı təəssüf hissi keçirirəm”.

Əslində, “Yeni Müsavat” qəzetinin bu formada yanaşması təəccüblü deyil. Artıq uzun müddətdir ki, hakimiyyətin hədəf seçdiyi adamlar, həm də “Yeni Müsavat”ın hədəfindədir.  Yaxşı olardı ki, “Yeni Müsavat” qəzeti bu məsələdə insanların mövqeyini araşdırmaq əvəzinə, bu həbslərlə bağlı öz mövqeyini  ortaya qoyaydı. Amma bu mümkün deyil və bu qəzet “Leyla Yunus Ilham Əliyevin məhbusudur” yazmaq iqtidarında deyil.

Onu da qeyd etmək yerinə düşər ki, “Yeni Müsavat” qəzetinin redaktorundan fərqli olaraq, Rüstəm Ibrahimbəyov siyasi məhbusların şəkillərinin cırılmasını bayram kimi qeyd etməyib.

Milli Şuranın Koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev bildirdi ki, “Yeni Müsavat” qəzetinin canfəşanlığı yersizdir və cəfəngiyyatdır: “Əvvəla, Rüstəm Ibrahimbəyov və Çingiz Hüseynov aylar öncə bu məsələyə qətiyyətli mövqe bildiriblər və Leyla Yunusun həbsinin hakimiyyətə başucalığı gətirməyəcəyini ifadə ediblər. Bu bəyanat o zaman mətbuatda da işıqlandırıldı. Bundan əlavə, tam səmimi deyirəm ki, Rüstəm Ibrahimbəyovla hər dəfə əlaqə yaradanda, mütləq bu məsələyə toxunulur və elə bir danışığımız olmayıb ki, Rüstəm müəllim Leyla Yunusun işi ilə maraqlanmasın. Ona görə də ”Yeni Müsavat”ın qaşınmayan yerdən qan çıxarmasına ehtiyac yoxdur. Yaxşı olar ki, öz işləri ilə məşğul olsunlar və bu cəfəng addımlardan əl çəksinlər”.

Azad