Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Gənc siyasi məhbuslardan biri əfv ərizəsi yazmasını bu cür əsaslandırmışdı: “Həbsdə olduğum müddətdə ölkədə sürətli inkişaf getdiyini görüb belə qərara gəldim”.
Əlbəttə, ilk baxışda gülməli görünür. Azadlıqda (Azərbaycan reallığında bu hər nə qədər nisbi sayılsa da! ) ola-ola inkişafı görmürsən, inkişafın əvəzində yalan, talan görürsən, həbsdə – dörd divar arxasında isə inkişafı görərək tövbə edir, əfv diləyirsən.
Dərindən düşündükdə isə bu nə gülməlidir, nə də absurdizm. Belə bir “görmə effekti” tamamilə mümkündür. Təsəvvür edin, həbsxanada sən səhərdən axşama ancaq rejimin təbliğat ruporları ilə təmasdasan. Sənə rəsmi divar, pardon, dövlət qəzetlərini oxutdurur, AzTV-yə baxdırır, hələ üstəlik, ara-sıra həbsxana rəisinin yanına çağırıb “islahedici” nitqlərə qulaq asmağa məcbur edirlər. Buna zəif əsəb nə qədər dözə bilər? Ən əsası, zəif iradə, ağıl və təcrübə buna nə qədər tab gətirsin?
Bu haqda hətta məşhur bir Sovet lətifəsi də var.
Lektor beşilliyin uğurlarından danışır:
– Şəhərdə elektrik stansiyası tikilib…
Zaldan səs:
– Mən ordan gəlirəm. Heç bir elektrik stansiyası yoxdu.
Lektor davam edir:
– Şəhərdə kimya zavodu tikilib…
Həmin səs:
– Bu yaxınlarda orda idim. Heç bir zavod yoxdu.
Lektor qəzəblənir:
– Siz, yoldaş, az avaralanın, bir az qəzet oxuyun.
Vəziyyət dəyişməyib. Indi bizi də ona görə tutur, döyür, söyürlər – demək istəyirlər ki, bəsdir avaralandınız, bir az da AzTV-yə baxın.
Çünki azadlıqda ikən heç kimə hansısa rəsmi divar, pardon, dövlət qəzeti aldırmaq, ya da onu AzTV-yə baxmağa məcbur etmək olmur. Ona görə də bu prosesi zorla, anti-milli ünsürləri, düşmən dəyirmanına su tökənləri, naftalin iyi verənləri həbsxana divarları arxasına doldurmaqla həyata keçirirlər.
Və bir də gördünüz budur, kimsə içəridən yazır: “Artıq ölkəmizdə son illərdə baş verən müsbət dləyişiklikləri, analoqu olmayan inkişafı görməyə başladım və?” Arxası məlumdur, uzatmayaq.
Bəs sözümün “Mustafa”sı nədir?
Açıq deyək: ölkədə böyük çoxluq AzTV-dəki Azərbaycanda yaşayırlar, daha doğrusu, özlərini belə hiss edirlər. Onlara başqa heç bir səs, heç bir söz çatmır. Onlar fərqli heç nə eşitmək imkanına sahib deyillər. Onların başqa informasiya imkanları yoxdur. Onlar üçün Azərbaycan – AzTV-də göstərilən ölkədir. Hətta soyuducusu boş olarkən, özü xirtdəyəcən borca girmişkən, kredit bataqlığında boğularkən, övladlarının ən elemenntar istəklərini qarşılamağa çətinlik çəkərkən belə, o inanır, ya da onu inandırırlar ki, Azərbaycan çiçəklənir, inkişaf edir, müsbətə doğru dəyişir, sabah isə bugünkündən qat-qat yaxşı olacaq.
O düşünür: “Görünür, mənə də xoşbəxtlik növbəsi sabah çatacaq?”
Beləcə, ümid edir.
AzTV onun düşüncə və ümidlərinə tam hakim olduqdan sonra isə hətta səninlə mübahisəyə girməyə də başlayır:
“Nefti oğurlayırlar? Hə, nə olsun, oğurlayırlar, amma iş də görürlər, körpü tikirlər, fontan quraşdırırlar”.
“Büdcəni söküb-dağıdırlar? Boş söhbətdir, korrupsiya dünyanın hər yerində var”.
Və s. və i.a.
Qısası, biz AzTV-yə uduzuruq, rejimə yox. Internet əlbəttə, bizim üçün nəfəslik rolunu oynayır. O, rejimin qarşısında son qalalardan biri, birincisidir. O, mitinq meydanıdır da, partiya qərargahıdır da, qəzet səhifəsidir də. Amma gəlin açıq danışaq. Yalnız seçki ərəfəsində iki-üç televiziya çıxışı ilə siyasi əhval-ruhiyyə tamamilə dəyişir, toplumda fərqli ovqat, aktivlik müşahidə edilir.
Inanın, rejimin belə uzunömürlü olmasında dəyənəkdən və puldan da güclü amil məhz AzTV-dir. AzTV-lərdir – cəm şəkilçəsi ilə yazıram, çünki digər telekanalların da ondan bir fərqi yoxdur, onlar da əslində AzTV-1, AzTV-2, AzTV-3… kimi işarələmək daha doğrudur.
Bəs bu vəziyyət qarşısında nə etməli, Azərbaycanı AzTV-də göstərilən o çiçəklənən, analoqsuz inkişaf edən, regionun lideri olan ölkəyə çevirmə imkanlarını necə qazanmalı?
Bu haqda isə növbəti yazıda danışarıq.