Əlövsət Talışxanlı: «Partiyanı yaradan İsa Qəmbər deyil, onu yaradanlardan biri mənəm, Çaykənd əməliyyatında həlak olan dostlarımızdır…»
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun özünün də üzv olduğu Müsavat Partiyasının keçmiş başqanı Isa Qəmbəri ittiham etməsi partiyada müzakirə mövzusuna çevrilib.
Rauf Arifoğlu rəhbəri olduğu qəzetdə Isa Qəmbəri Müsavat Partiyasında böhran yaratmaqda ittiham edib. Deyib ki, müxalifətin yeganə sağ və bütöv qalan bir təşkilatı var idi – Müsavat Partiyası, amma artıq bu partiyada böhran içindədir: “Əgər dəyişim olardısa, o, əsas aktyorlardan birinə çevrilə bilərdi. Hesab edirəm ki, başqanımız Isa bəyin yanlış qərarı nəticəsində o da krizisə girdi. Əminliklə deyirəm ki, o, getməməliydi, başqanlıqda qalmalıydı.ÿBizə başqanımızın demokratiya nümunəsi göstərməsi lazım deyildi, biz bu barədə ədəbiyyat oxumuşuq. Bizə başqanımızın bizi hakimiyyətə gətirməsi lazım idi. Başqan olandan 21 il sonra ”ortaya nümunə qoyacam” deyib, başqanlıqdan getməsi…bizə, mənə lazım deyildi”.
Müsavat partiyası yetkililəri, partiyayla bağlı insanların Rauf Arifoğlunun bu fikrinə münasibətini öyrənmək istədik. Məlum oldu ki, Müsavat Məclisinin üzvü Vurğun Əyyub ümumiyyətlə, Rauf Arifoğlunun fikirlərinə münasibət bildirmir.
Müsavatda Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü olmuş, lakin qurultayda baş verənlərlə əlaqədar əsas etirazçılardan biri olan və bu səbəbdən partiyadan istefa verən Əlövsət Talışxanlı da şərhə ehtiyac görmür. Onun sözlərinə görə, Müsavatın hansı vəziyyətə düşdüyü göz qabağındadır: “Isa Qəmbər başqa cür də hərəkət edə, fərqli addımlar ata bilərdi. Isa Qəmbər Müsavatı yaradanları partiyadan uzaqlaşdırdı. Partiyanı yaradan Isa Qəmbər deyil, onu yaradanlardan biri mənəm. Mənsur Əlisoy, Gəncədə Çaykənd əməliyyatında həlak olan dostlarımız bu partiyanı yaradıblar. Biz bu sözləri ürək ağrısıyla deyirik. Bizim üçün çox çətindir. Biz mübarizəni başqa formada görürdük. Amma bu gün sosial şəbəkələr və mətbuat söyüş səhnəsinə çevrilərək hansı hala qalıb?”
Müsavat başqanının müavini Gülağa Aslanlı Rauf Arifoğlunun sözügedən fikirlərilə tanış olmadığını bildirərək, bu haqda danışmaq istəmədi.
Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli də bənzər cavab verərək bildirdi ki, Rauf Arifoğlunun sözügedən yazısını oxumayıb.
Siyasət şöbəsi


