O, bütün havalara oynadı
Çox gözəl mənzərə yaranıb. Gül-çiçəkli bağları da, şır-şır axan şəlaləri də, iylənmiş gölməçələri də görə bilirik. Təbii ki, ağlı başında olan heç kim gözəl təbiət mənzərəsini qoyub, böcəklərin “istirahət məkanı”na çevrilmiş gölməçələrə meyl etməz.
İndi ölkəmizin ictimai-siyasi həyatında da eyni vəziyyət yaranıb. Özünə hörmət edən, mənliyini satışa çıxarmayan, bu dünyadan təmiz adla getmək istəyən hər kəs prinsipial qüvvənin yanında yer almaq istəyir. Ən pis halda, haqlı olan tərəfə rəğbətini ifadə edir. “Siyasi gölməçə”lər isə öz üfunətini yaymaqda davam edir.
Son günlər “Yeni Müsavat” qəzeti sürəti artıraraq müxalifətin üstünə şütüyür. Hələ başa düşməyiblər ki, “ehtiyat hissə”ləri zədələnmiş avtomobillə tankı əzib keçmək olmaz. Ən yaxşı halda bu avtomobil tankın ayaqları altında inildəyə bilər. Görünür ki, Rauf Arifoğlu özünün də dediyi kimi “kəndirbaz”lıqla deyil, “avtoş”luqla məşğuldu. Ancaq bu avtoşun benzini qurtardığı üçün finişə gedən digər avtomobillərin təkərini partlatmaq, şlankını kəsməklə məşğuldu.
Bəli, Rauf Arifoğlunun bütün arqumentləri bitib, ifşa başa çatıb və ictimai-rəy ona “2” yazıb. İndi vəziyyət o həddə çatıb ki, Rauf Arifoğlu komandasına “şərə davam” əmri verib.
İlk “tapıntı”ları da bu olub ki, “Azadlıq” qəzetində “Azad, Akif” imzası ilə yazılar yazan adam Əli Kərimlidir. Çox maraqlıdır, 25 ildir mətbuatda külüng vurduğunu iddia edən adam Əli Kərimlinin yazı üslubunu hələ tanıya bilməyibmi? “Azadlıq” qəzetində hər gün müxtəlif məqalələr yazılır və bu məqalələr ekspertlərin rəyi ilə əhatə olunur. Həmin məqalələrin də bəzilərinin altında “Akif” imzası var. Belə çıxır ki, Əli Kərimli ictimai-siyasi xadimlərdən, hüquqşünaslardan, gənclərdən açıqlama alır. Bu qədər absurdu necə qəzet səhifəsinə yerləşdirmək olar? Əli Kərimli nə vaxt Raufkimilər fəsiləsindən olanlara cavab verib? Görünür, özü bəzi işçilərinin adından yazı yazmağa öyrəncəli olduğundan, başqalarını da öz arşını ilə ölçür.
Əslində, biz bu “media kapitanı”nı başa düşməyə çalışırıq. Adam, Əli Kərimlinin yanındakı sıravi cəbhəçilərin arqumentlərinə cavab verə bilmədiyinə görə, partiya rəhbərinə nifrət edir. İndi Rauf Arifoğlunun gözünə hər yer Əli Kərimli kimi görünür. Bu həm də ona görədir ki, Rauf Arifoğlunu məhz Əli Kərimliyə görə bu qədər cılızlaşdırırlar.
Etiraf edək ki, bu məsələdə Rauf Arifoğlunun bəxti gətirmədi. Bundan öncə düşərgəsini dəyişənlərdən bu qədər “fədakar”lıq tələb olunmurdu. Yəni, satılmışların heç biri Rauf Arifoğlu qədər “rəqs” etməyib. Hafizlərin, etibarların, azər həsrətlərin “keçidi” belə məşəqqətli deyildi. Raufun “zakaz”ı daha amansızdı. O bütün havalara rəqs etməlidir. Əks halda, “şabaş” dan məhrum olacaq.
İnsafən, Rauf Arifoğlu bacardığını edir. Bu “fədakar” jurnalistin “valehedici repertuar”ını qiymətləndirmək lazımdır.
Ölkə başçısı bunu niyə görmür? Bir deputat mandatı nədir ki, onun önünə atmırlar.
Görünür, Rauf Arifoğlu bütün sınaqlardan keçsə də, Əli Kərimli mərhələsini tamamlaya bilmədiyinə görə “priz”i ala bilmir. Bunun üçün daha çox söyməli, təhqir etməli, şərləməlidir. Artıq Rauf Arifoğlu şou-biznes əhlinə çevrilib və İlhamə Quliyevanın adından istifadə edərək davam etmək istəyir. Tezliklə o da cəbhəçiləri “ermənipərəst” adlandırsa təəccüblənməyin. Hətta AXCP və onun liderinə həsr olunmuş mahnı oxuya, klip çəkə də bilər.
Aydındı ki, Rauf Arifoğlu xeyli müddətdir müxalifətçiliyin üstündən xətt çəkib. “Batumi uğuru”ndan sonra bu xətti daha da qalınlaşdırdı. Son 1 həftədə isə qalın xətti tamamən rəngləyib və qara fon yaradıb.
Görünür, əvvəlki alış-veriş ürəyincə olmayıb. İndi özünü toplayıb, ikinci dəfə “bazar”a daxil olmaq istəyir. Həm də halal ticarətçilərin məhsulunu pisləyərək satışa start verib.
Ən pisi də odur ki, həyatının əvvəlki dönəmlərindən imtina etdiyini bildirir. İndi bu adamın neçə yaşı var? Onun yaşam tarixi nə vaxtdan başlayır? Bəlkə də hökumətin əmri ilə Əli Kərimliyə hücuma keçəndən sonra mandat alacaq. Və 1 yaşını da həmin gün qeyd edəcək.
Dünya malına qul olmaq pis şeydir. Allah heç bir bəndəsini bu vəziyyətə salmasın.
Ey insafsız rejim, onu daha artıq yormayın. Bu qədər amansız olmayın. Allahınız olsun. Şərin limiti qurtarıb. Bu adam şeytanı da təəccübləndirə bilib. Nə istəyirsə, verin.
Akif


