Kim kimə daha çox borclu?

Böyük dərdlər var, insanın çiyinlərinə ağır gələn dərdlər. Yaşanması, çəkilməsi, bir ömrün üstünə qoyub sona qədər dartılması yük olan dərdlər. Içində insan taleləri dağılıb paramparça olmuş, hər addım atdıqca acı izləri arxanca sürünən dərdlər. Bəli, bir müharibənin açdığı, böyütdüyü və qəbir evinə qədər insanı tərk etməyən dərdlər kimi. Qarabağ kimi, Xocalı kimi, Şuşa kimi, Laçın kimi dərdlər… Amma bəzən dərddən də yarayan adamlar olur. Minlərin, on minlərin, yüz minlərin ağrı-acısı bir qrupun işinə gəlir bəzən. O müharibə yanğınından yetərincə nəsibini almış, on illərdir didərgini didərgin, əlili əlil, əsiri əsir, yetimi yetim acısını yaşayanların canını cəhənnəmə sayıb, tribunalarda Qarabağ adlı böyük dərddən danışan adamlar…

On illərdir həmin müharibənin ağrısını canında daşıyan insanların yaşadığı faciələrə şahidlik edirik. Hələ başqalarını bir kənara qoyuram, bir savaşın hesabını sağlamlığı bahasına ödəmiş Qarabağ qazilərinin bu ölkədə nələr çəkdiyini kim bilmir ki? Keçən həftə də belə qazilərimizdən biri olan Asif Yusiflini oğurlayıb apardılar. Kimsəyə xəbər vermədən, hər kəsdən gizli şəkildə bir gün saxladılar eləcə. Sonra da məlum oldu ki, artıq məhkəməsini də ediblər, üç aylıq cəzasını da kəsiblər. Asif bəyin səhhətində çox sayda problemlər olduğunu, yenicə əməliyyatdan çıxdığını, hələ tam sağalmadığını hər kəs bilirdi. Onun müxalif cəbhənin ən fəal insanlarından biri olduğu da hamıya məlum idi. Onu yaxından tanımayanlar belə, sosial şəbəkələrdə dolaşan etiraz aksiyalarındakı unikal fotolarından xatırlayar üzünü. Nədi Asif bəyin günahı, bir davanın iştirakçısı olub, canının parçasını öz torpağı üçün qurban verməkmi? Haqsızlığa, qanunsuzluğa boyun əyməyərək bir müxalif düşüncənin sahibi olmaqmı? Yoxsa bu hakim sistemin mexanizminə qoşulub rüşvət ala bilmədiyi üçün yaşadığı kasıb həyatmı? Asif bəy peşəkar hüquqşünasdır. Normal ölkədə onun üçün yaşamaq nəinki problem olardı, əksinə, qazancı belə başından aşardı.

Həbs olunduğu ilk günlərdə yaxın tanışlardan biri zəng edib dedi ki, eşitdiyinə görə Asif bəy kiməsə pul borclu olduğu üçün həbs edilib. Deməyə söz tapmadım. Yaxşı, lap tutaq ki, Asif bəyin borcu vardı. Bəs Seymur Həzi, Murad Adilov, Sənan Daşdəmirli və başqaları? Onlarındamı kiməsə borcu vardı? Lap borcu olsa belə, bir qazini, canını bu ölkə üçün qıymış bir insanı bu şəkildə cəzalandırmaq nə deməkdir? Məgər o borcu başqa bir formada, işi həbsxanaya aparıb çıxarmadan yoluna qoymaq olmazdımı? Bu gün həmin hökumətin başbilənləri oturduğu isti yerlər üçün o qazilərə nə qədər borclu olduqlarını anlasaydılar keşkə… Keşkə özləri süd gölündə üzərkən, nədən məmləkətdəki bütün savaşçıların səfil gündə yaşadığını, borc içində batdığını anlasaydılar… 

Anlasaydılar… Anlasaydılar, igid Qarabağ qazisi Oruc Məmmədalıyevi həbsxana künclərində çürüdüb vaxtsız ölümünə bais olmazdılar. Anlasaydılar, az qala hər gün ağır həyat şərtləri və sağlıq problemləri üzündən haray çəkən Rüxsarə Cumayeva kimi qazilərin halını anlardılar. Anlasaydılar, qazi Zaur Həsənov kredit borcu üzündən paytaxtın mərkəzində özünü yandırıb canını tapşıranda anlardılar. Anlasaydılar, bu qan ağlayan məmləkətdə necə böyük dərdlər olduğunu görərdilər. Axı haradan anlayacaqlar ki…