Ictimaiyyət nümayəndələri AXCP-yə qarşı olan hücumları təşkilatın mövqeyilə əlaqələndirir
AXCP-nin hakimiyyətin növbəti dəfə hədəfinə tuş gəlməsi bir reallıqdır. Bütün insani dəyərləri ayaq altına atan hakimiyyət heç bir sərhəd tanımadan siyasi opponetlərinə qarşı mübarizə aparmaqdadır. AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlunu şərləyib həbs edəndən sonra, AXCP Naxçıvan şöbəsinin fəalı Hicran Qasımovu saxladılar. Ancaq bununla da kifayətlənmədilər və Hicran bəyin həyat yoldaşı və anasını da saxladılar.
AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin gülünc iddia ilə hələ də həbsdə saxlanılmasının da bir adı var.
Bundan başqa, AXCP mətbuat Xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilovun da qondarma ittihamlarla həbsi, heç şübhəsiz, bəlli məqsədlərə xidmət edir. Qarabağ döyüşlərində əlil olmuş AXCP sədrinin müşaviri Asif Yusiflinin də reallıqdan uzaq ittihamlarla saxlanılması mənzərəni tamamlayır.
Bir sözlə, vətəndaş cəmiyyətinin təmsilçilərinə olan basqılardan sonra 2-ci zərbəni alan AXCP-dir. Bu təşkilatın fəalları bir-birinin ardınca həbs olunurlar.
Vidadi Mirkamal: “Hakimiyyət ona ən böyük təhlükənin AXCP-dən gəldiyini görür”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, 37-ci ilin ab-havası Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hiss olunmağa başlayıb. Daha sonra hakimiyyətin avtoritar idarəetməyə məxsus sindromlar götürdüyünü deyən V.Mirkamal vurğuladı ki, hakimiyyət müxalif mövqedə dayanan insanlardan çox qəzəblidir: “Hakimiyyətin 2013-cü ildən sonra əsas məqsədi vətəndaş cəmiyyətini zəiflətmək oldu. Vətəndaş cəmiyyətində hakimiyyətin korrupsiya əməllərini, seçki saxtakarlığı ilə bağlı törətdiklərini ifşa edən təşkilatların rəhbərləri ya həbs olunub, ya da təşkilatların fəaliyyəti dayandırılıb”.
Prezident seçkilərindən sonra demokratik düşərgədə “sulların da durulduğunu” deyən V.Mirkamal bildirdi ki, indiyə qədər özünü müxalifət adlandıran şəxslərdən də hakimiyyət mövqe bildirməsini tələb etdi: “Həmin şəxslər də öz mövqelərini ortaya qoydular. Cəmiyyət də bildi ki, psevdomüxalifət kimdir, real müxalifət kimdir. Belə bir şəraitdə həqiqi müxalifət partiyası olan AXCP-nin tərəfdarları çox aktiv şəkildə fəaliyyətlərini genişləndirməyə başladılar. Bu da hakimiyyətin xoşuna gəlmədi. Hazırda Azərbaycanda AXCP gücündə partiya yoxdur. Çox təəssüf ki, Müsavat daxilindəki ziddiyyətlərdən zəif düşüb. Mənim kimi həqiqi mövqeyi olan şəxslər bu cür tendensiyaya üzülür. Amma fakt faktlığında qalır”.
Cəmiyyətdə qütbləşmənin dərinləşdiyini deyən V.Mirkamal vurğulayıb ki, belə bir durumda AXCP üzvlərinin fəallığı hakimiyyəti razı salmır. “Ona görə də hakimiyyət ona ən böyük təhlükənin AXCP-dən, Milli Şuradan gəldiyini görür. Elə bu səbəbdən hədəfdə ilk növbədə Milli Şura və onun özəyini təşkil edən AXCP üzvləridir. Ona görə bu hücumlarda qeyri-adi heç nə yoxdur”.
Mehriban Vəzir: “Müxalif çevrələrə qarşı hakimiyyətin idarəetməsində bir aqressiya var”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehriban Vəzir hesab edir ki, xüsusilə müxalif olan çevrələrə qarşı hakimiyyətin idarəetməsində bir aqressiya var. Azərbaycanda olan rüşvətxorluğun dövləti çürütdüyünü deyən M.Vəzir vurğuladı ki, idarəetmədə olan aqressiya cəmiyyətə də sıçramaqdadır: “Sadə vətəndaşları dindirən zaman görürsən ki, daxilində yatmış bir vulkan var. Hədəfini tapa bilmir. Bu üzdən də vətəndaş hər kəsdən narazıdır. Azərbaycandakı idaretmə bütövlükdə toplumu bir-birinə qarşı qoyaraq, aqrresiyaya gətirib çıxarıb. Bu baxımdan istər günahsız insanların həbsi, müxalif düşərgədəki insanların bir-birinə qarşı aqressiyası çox təəccüb doğurur. Bu siyasət yaxşı yerə aparmayacaq”.
Xəyal


