Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Azərbaycanda – Bakıda məscidlərdən birini partlatmaq istəyən iki nəfər həbs edilib, bu barədə dünən MTN-in yaydığı rəsmi məlumatdan öyrəndik. Məlumatdan görünür ki, bu iki nəfərdən biri Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Geri qayıtdıqdan sonra digər şəxslə birlikdə, “PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi ”Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar”. Məqsəd də ölkədə məzhəb ayrı-seçkiliyindən doğan aksiyalar keçirmək olub. Hər halda, söhbət fləş-mob-zad keçirməkdən getmir, aksiyalar qanlı, terror mahiyyətli olmalı imiş.
Bu XXI əsrin ikinci onilliyində ölkənin gəlib çıxdığı vəziyyətdir.
Kim təminat verə bilər ki, “Yekbun” təkdir? Azərbaycan hələ xəbərsiz olduğumuz digər bu cür qorxunc örgütlənmələrdən xalidir?
Maraqlı bir müqayisə: indi bizim həyatımıza “Yekbun” kimi qorxunc niyyətli örgütlər daxil olmaq istəyirlər, amma 95 il əvvəl bu torpaqlarda müsəlman coğrafiyası üçün nadir hadisələrdən biri – Müsavat Partiyasının qurultayı keçirilib. Azərbaycanın istiqlalını qorumaq, onun çağdaş bir dünya ölkəsinə çevrilməsi üçün müzakirələr aparılıb, öz dövrü üçün yetərincə proqressiv, irəligörüşlü proqram qəbul olunub.
Hardasa 100 il öncə normal, demokratik siyasi, sivil münasibətlərin yaradılmağa çalışıldığı bir ölkə isə indi hansısa terrorçu “Yekbun” örgütü yaratmaq üçün münbit, əlverişli məkana çevrilir.
Səbəblər çoxdur, əlbəttə.
Əmin olun ki, bu səbəblərin ön sırasında məhz Azərbaycanda siyasi meydanın sivil təşkilatlanmalardan boşaldılmağa çalışılması dayanır. Siz Müsavatı, AXCP-ni, NIDA-nı, REAL-ı, qeyrilərini, hətta Azad Fikir Universiteti (AFU) kimi modern düşüncə, diskussiya klublarını ləğv etməyə çalışarsınızsa, onların yerini hansısa “Yekbun”larla doldurmağa çalışanların da ortaya çıxacağını əvvəlcədən bilməlisiniz. Siz Intiqam Əliyev kimi maarifçi insanlara həbs yolu göstərərsinizsə, bununla olsa-olsa, qandan bəslənən məzhəbçilərə “yaşıl işıq” yandırmış olarsınız.
Baxın, keçən əsrin əvvəllərində, çar üsul-idarəsinin hökmran olduğu dövrdə belə, Azərbaycanda ən müxtəlif sivil örgütlənmələr mövcud idi. Sağ və sol təmayüllü çeşidli təşkilatlar vardı. Sosial-demokrat “Hümmət” təşkilatı da vardı, sağçı “Difai” də, başqaları da. 100 il öncə ən müxtəlif ideoloji meylləri ifadə edən onlarca qəzet adı sadalamaq mümkün idi. Onların bir hədəfi vardı: Azərbaycanı köhnəliyin, cəhalətin caynağından xilas edib aydın bir ölkəyə çevirmək.
Bugünkü Azərbaycan şərtlərində 100 il öncəki həmin bu ictimai-siyasi, mənəvi-ideoloji qaynarlığa belə, ancaq qibtə və həsədlə baxmaq olar. Ölkəni çağdaş, modern istiqamətdə aparmaq, bəşəri dəyərlərin bizim torpaqlar üzərində təntənəsinə nail olmaq istəyənlər üçün resurslar tamamilə tükənməkdədir. Olub-qalan imkanlar belə, əldən çıxmaqdadır. Fikir müxtəlifliyi, düşüncə toqquşmaları yasaqlanmaqda, hamıdan qeyd-şərtsiz itaət tələb edilməkdədir. Üstəlik, təhsilsizlik və elmsizlik sürətlə dərinləşməkdə – dərinləşdirilməkdir.
Nəticə?
Buyurun, kimlərsə Azərbaycanı artıq məzhəb savaşlarının, şəriət davalarının meydanı kimi görməyə başlayır.
Vahiməli tendensiyadır. Üstəlik, təhlükə zəngləri hamımız üçün çalmağa başlayır. Sivil siyasi təşkilatlardan təmizlənmiş meydanı ələ keçirəcək təkbir çağırıb baş kəsənlər üçün onlardan olmayan hər kəs potensial qurbandır. Yaptokratların ağlı hansısa AFU-nu qapatmağa, hansısa siyasi partiyanı silib-süpürməyə getməsin. “Yekbun”lar meydana çıxacaqsa, onlardan uzun müddət, əsrlər boyu xilas, qurtuluş çətin olacaq. Bunun üçün anti-demokratik, zülmkar, çağdaşlığa, hüquqa qənim kəsilmiş hakim rejimlərin mövcud olduğu ərəb ölkələrinə baxmaq kifayətdir. Həmin rejimlərin yanlış idarəetməsinin məhsulu olan qanlı, terrorçu örgütlər qarşısında artıq az qala bütün dünya aciz və çarəsizdir.
Odur ki, yaptokratiya rejimi bu yanlış yoldan dönməyi bacarmalıdır, Azərbaycanı sivil, modern, demokratik ölkə kimi görmək istəyənlərlə nifrət dilində danışmaqdan, onları düşmən elan edərək zərərsizləşdirməyə çalışmaqdan, qondarma ittihamlarla həbsə ataraq, ya qorxudub, ya da iyrəndirib ölkədən getməyə məcbur edərək, meydanı kimlər üçün boşaltdığının fərqinə varmağı, ölkəyə və xalqa heç olmasa, bu yaxşılığı etməyi bacarmalıdır.
Unudulmamalıdır: gələcək nəsillər onlara “Yekbun”u, “Yekbun”ları miras qoyanları heç vaxt bağışlamayacaq!