Baş redaktor keçmiş başqanın Əfqan Muxtarlıya dəstəyini həzm edə bilməyib
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat Partiyasının keçmiş başqanı Isa Qəmbəri ittiham etməsi partiyada müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, Rauf Arifoğlu rəhbəri olduğu qəzetdə Isa Qəmbəri Müsavat Partiyasında böhran yaratmaqda ittiham edib. “Müxalifətin yeganə sağ və bütöv qalan bir təşkilatı var idi – Müsavat Partiyası. Ki, əgər dəyişim olardısa, o, əsas aktyorlardan birinə çevrilə bilərdi. Hesab edirəm ki, başqanımız Isa bəyin yanlış qərarı nəticəsində o da krizisə girdi. Əminliklə deyirəm ki, o, getməməliydi, başqanlıqda qalmalıydı.
Bizə başqanımızın demokratiya nümunəsi göstərməsi lazım deyildi, biz bu barədə ədəbiyyat oxumuşuq. Bizə başqanımızın bizi hakimiyyətə gətirməsi lazım idi. Başqan olandan 21 il sonra “ortaya nümunə qoyacam” deyib, başqanlıqdan getməsi…bizə, mənə lazım deyildi”, – deyə Rauf Arifoğlu bildirib.
Müsavatdakı mənbənin sözlərinə görə, Rauf Arifoğlunun qəfildən Isa Qəmbəri ittiham etməsi partiyada təəccüb doğurub. Mənbə iddia edib ki, baş redaktor Müsavatda baş verən proseslərdə Isa Qəmbəri dəstəkləyənlər sırasında olub. “Doğrudur o, qəzetində hər iki tərəfə yer ayırmaqla proseslərdə tərəf olmadığı təssüratı yarada bilmişdi. Amma pərdəarxasında Isa Qəmbərin addımına dəstək verirdi”,-deyə mənbə bildirib.
Qaynağımızın sözlərinə görə, Müsavatda belə rəy yaranıb ki, Rauf Arifoğlunun Isa Qəmbəri ittiham etməsi keçmiş başqanın jurnalist Əfqan Muxtarlıya verdiyi dəstəyə cavabdır. Xatırladaq ki, “Batumi qalmaqalı”ndan sonra hakimiyyətin nəzarətində olan mediada jurnalist Əfqan Muxtarlıya qarşı kampaniyaya start verildi. Əfqan Muxtarlının Batumi qalmaqalına görə Rauf Arifoğlunu ittiham etməsinə görə “Yeni Müsavat” da jurnalistə qarşı kampaniyaya dəstək verdi. Hökümətyönlü media Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş Əfqan Muxtarlını ermənipərəstlikdə ittiham edirdi. Əfqan Muxtarlıya qarşı bu iyrənc kampaniya ictimaiyyətin qınağına tuş gəldi. Isa Qəmbər də bu kampaniyanı pislədi. Müsavatdakı mənbə deyir ki, partiyada Rauf Arifoğlunun məhz Isa Qəmbərin Əfqan Muxtarlıya dəstəyindən sonra keçmiş başqanı ittiham etməsini təsadüfi saymırlar. “Bunu Rauf Arifoğlunun Isa Qəmbərə xəbərdarlığı kimi qiymətləndirənlər var. Rauf Arifoğlunun ittihamlarına cavab verilməməsi isə sadəcə onun rəfhbərlik etdiyi qəzetdən tribuna kimi istifadə edilməsini imkanlarını itirməmək istəyindən gəlir” – deyə mənbə vurğulayıb.


