Dostlar, belə bir eksperiment düşünək. Bir anlıq özümüzə sual versək ki, şəxsən tanıdığımız, haqqında eşitdiyimiz və ya ədəbiyyatdan, filmlərdən bizə tanış olan real insanların, yaxud bədii obrazların içində məsələn, ən cəsarətli, ən xeyirxah, ən qəddar, ən yaramaz, ən xəsis, ən dözümlü və s. ən…-lər kimlərdir, şübhə etmirəm, ilk növbədə ağlımıza ədəbiyyatdan, sənətdən bizə tanış olan bədii obrazlar gələcək, nəinki real həyatda tanıdığımız adamlar. Baxmayaraq ki, bədii ədəbiyyatda da çox vaxt yazarlar obrazları real həyatdan götürürlər. Lakin yazarın həmişə imkanı var ki, təsvir etdiyi hadisəni, obrazı ədəbiyyata gətirəndə bir az da yazıçı təxəyyülünə meydan verib, gördüyünü, eşitdiyini şişirtsin, nələrinsə xüsusi olaraq altını cızsın.
Əlbəttə, bu, bədii ədəbiyyat üçün, sənət üçün tamamilə normaldır. Yazar hansısa hadisəni, prosesi olduğundan da artıq dramatikləşdirməklə, seçdiyi obrazda cəmləşmiş xüsusiyyətləri bir az da özü tündləşdirməklə, altını cızmaqla ilk növbədə oxucunun hisslərinə toxunur. Onu həyəcanlanmağa, sevinməyə, kədərlənməyə, hiddətlənməyə sövq edir. Ona görə də insanlar bütün müsbət və mənfi keyfiyyətlərin ən çox cəmləşdiyi insanları əsasən ədəbiyyatda, incəsənətdə görürlər. Bəli, bir qayda olaraq belə olur. Yazıçı təxəyyülü real həyatı bir addım qabaqlayır. Qabaqlayır ki, bizim hisslərimizi itiləsin, sonra da düşünməyə sövq etsin.
Amma həmişə belə olmur. Əksi də olur. Bəzən real həyatda elə dramatik, kəskin süjet xətli hadisələr baş verir ki, hələ heç yazarların təxəyyül gücü də ora gəlib çatmayıb. Eləcə də real həyatda yaşayan insanlar. Bəzən ətrafında yaşayan insanlarda elə bir fədakarlıq, dözüm, mərdlik, cəsarət və ya tam bunlara əks olan keyfiyyətlər görürsən ki, bunun real həyat olduğuna inanmağın gəlmir. Çünki insanlar çox vaxt düşünür ki, axı ən kəskin süjetli hadisələr, ən mənfi və ya ən müsbət keyfiyyətlərin bir adamda cəmləşməsi daha çox ədəbiyyat hadisəsidir, nəinki real həyat. Qardaş Türkiyədə belə real həyat hadisələrinə təəccübü ifadə etmək üçün yaxşı söz birləşməsi də düşünülüb: “Film kimi yəni…”.
Bax, bu “film kimi” çətin, lakin gerçəkdən də şərəfli həyat yaşayan, çoxunuzun tanıdığınız Təzəxan Mirələmlidən yazmaq istəyirəm. Təzəxan bəy Bakı Dövlət Universitetində təhsil alarkən Xalq Hərəkatına qoşulmuşdu. 1992-ci ildə üzvü olduğu Xalq Cəbhəsinin çağırışı ilə təhsilini yarımçıq qoyub, könüllü olaraq Qarabağa döyüşməyə yollandı. Füzuli uğrunda döyüşlərin iştirakçısı oldu. Yalnız könüllü batalyonlar buraxılandan sonra cəbhədən qayıdıb, təhsilini başa vurdu. Sonra da uzun illər yaşadığı Cəlilabad rayonunda müəllimlik etdi. Həm də AXCP-nin rayon təşkilatının sədri kimi siyasi mübarizəsini davam etdirirdi Təzəxan bəy. Gənc yaşlarından mübarizəyə necə qətiyyətlə, kompromissiz başlamışdısa, 25 ildən artıqdır ki, elə də davam edir Təzəxan bəy. Amma Ərəb inqilabları Təzəxan bəyə yaman baha başa gəldi.
2011-ci ildə Ərəb inqilabları başlayanda bizim hökumət də bərk qorxmuşdu. Bizim mitinqlərə başlamağımız isə rejimi panikaya salmışdı. Qorxudan da aqressivləşmişdilər. Bizim evin qabağında tez-tez aksiya keçirdikləri zamanlar idi. Həmin zamanlarda prinsipial və qətiyyətli Təzəxan bəyə qarşı da Cəlilabadda yerli məmurlar tərəfindən mənəvi terror həyata keçirilirdi. Nəhayət, bu mənəvi terror faciə ilə nəticələndi. Bir yeniyetmə vətən övladı bu mənəvi terror mühitinin qurbanı oldu, həlak oldu. Təzəxan bəyin yeniyetmə övladı isə uzun müddətə həbs olundu. Atanın siyasi mövqeyinə görə oğula dəhşətli hesab kəsildi. Amma Təzəxan bəyin yaşadığı faciə bununla bitmədi ki. Bu, hələ başlanğıc idi. Təzəxan bəyin azyaşlı oğlunu həbs yerində də rahat buraxmadılar, orada da Vasifə çoxlu əlavə çətinliklər yaşatdılar. Təzəxan bəyi sevdiyi müəllimlik işindən də uzaqlaşdırdılar, faktiki evindən də didərgin saldılar. Sonra da müxtəlif fitnələrlə yaşlı atasını və qardaşını da həbs etdilər. İndi bu mübariz insanın oğlu, atası və qardaşı həbsdədir. Amma o, yenə yolundadır, sınmayıb, ruhdan düşməyib, mübarizənin önündədir. Bilirsiniz, hələ doğmaları tutulandan sonra Təzəxan bəy özü neçə dəfə inzibati qaydada həbs olunub, fiziki zorakılığa məruz qalıb?! İndi AXCP-də siyasi həbslər artıb. Bəzi dostlarımızın özlərini, bəzisinin övladını, digərinin qardaşını həbs ediblər. Aramızda ən böyük məhrumiyyəti Təzəxan bəy yaşasa da, onu tez-tez siyasi məhbus ailələrinə ürək-dirək verən görərsiz. Azərbaycan çətinliklə də olsa, belə böyük kişilərin çiynində gedəcək gələcəyə…
Təzəxan bəy haqda çoxdan yazmaq istəyirdim. Amma bu gün yazası oldum. Bu gün Təzəxan bəyin doğum günüdür. Ad günün mübarək, bəy! Allah əzizlərinin qapılarını açsın! Nəhayət, haqq etdiyin xoşbəxtliyə qovuşasan. Əzabların nə qədər böyük olsa da, Allahın verdiyi ömrü ləyaqətlə yaşayırsan. Aramızda canlı bir əfsanəsən. Öz varlığınla, nümunənlə hamıya nümayiş etdirirsən ki, əqidəsinə, dəyərlərinə sadiq, qürurlu və ləyaqətli insan nə qədər güclü ola bilər.


