«Yeni Azərbaycan» yoxsa «Azadlıq» qəzeti…
Bildiyiniz kimi Azərbaycan hakimiyyətinin ən sevimli ifadəsi, ən “tutarlı” arqumenti, ən dəyərli sözü “erməni” sözüdür. Bütün dövrlərdə ölkənin ləyaqətli ziyalıları, vicdanlı qələm adamları, haqqını tələb edən sıravi vətəndaşları, satılmayan siyasi liderləri “ermənipərəst” adlandırılıb. Hakimiyyətin bu insanlara qarşı dəlili, tutarlı arqumenti olmadığına görə, insanları düşmənin adı ilə ləkələməyə çalışıb. Vəziyyət o həddə çatıb ki, yağışın yağmasını, küləyin əsməsini, qasırğa qopmasını da müxalifətin adına bağlasalar, təəccüblənmərik.
Bugünlərdə hakimiyyətin ən böyük sözçüsü hesab edilən (cəmiyyətin oxumadığı və ikrahla yanaşdığı) “Yeni Azərbaycan” qəzetində “”Azadlıq” erməni qəzetidir. Niyə?” başlıqlı böyük məqalə dərc olunub. Məqalədə sübut etməyə çalışırlar ki, “Azadlıq” qəzeti erməniləri sevindirməklə məşğuldu, bu qəzetin maliyyə mənbəyi ermənilərdi.
Əvvəla, belə bir başlıqla məqalə dərc etmək bu qəzetin 10000-lərlə oxucusunu təhqir etməkdir. Normal ölkədə bu ittihama görə “Yeni Azərbaycan” qəzeti məhkəmədə cavab verməli olardı. Ancaq bu qəzetin rəhbərliyi də əmindir ki, ölkədə müstəqil məhkəmə sıradan çıxarılıb, hüquq məhv edilib, peşəsinə hörmət edən hüquqşünaslar isə şərlənərək həbs olunub. Ona görə də 25 ildir sözə xəyanət etməyən, bütün çətinliklərə rəğmən prinsiplərindən geri çəkilməyən və mətbuat tarixində xüsusi yeri olan “Azadlıq”a çamur atmaq mümkün olur.
Təbii ki, artıq vəziyyət xeyli aydınlaşıb və hakimiyyətin əsl mahiyyətini cəmiyyət bilir.
Ancaq “Azadlıq” qəzeti həmişə faktlarla çıxış etdiyinə görə bu dəfə də “Yeni Azərbaycan”a faktlarla cavab verəcək və erməniləri kimin sevindirdiyini göstərəcək.
Hakimiyyət erməniləri necə sevindirir?
“Azadlıq” qəzetini erməniləri sevindirməkdə ittiham etsələr də, real mənzərəni gözdən keçirəndə məlum olur ki, bu hakimiyyətin bütün fəaliyyəti ermənilərə təbəssüm bəxş etməkdən ibarət olub. Ey özünü vətənpərvər, Qarabağ sevdalısı kimi aparan hakimiyyət və onun mətbuat orqanı. Ermənilər bilirsizmi nə vaxt sevindi?
Ermənilər o vaxt sevindi ki, Qarabağ qazisi özünə od vurub yandırdı, o vaxt sevindi ki, Sumqayıtda Qarabağ qazisini dəlixanaya atdınız. O vaxt sevindi ki, şəhid ailələri Milli Məclisin qarşısında aksiya keçirməyə məcbur qaldı. Erməniləri ən çox sevindirən o oldu ki, Qarabağ qazisi əməliyyat olunduqdan 1 həftə sonra şərlənərək həbs edildi. Erməniləri ən çox sevindirən odur ki, atəşkəs dövründə 3000-dən çox əsgər həlak olub. Ey, “bizim Qarabağ kimi dərdimiz var” deyən “vətənpərvər”lər, ermənilər o zaman sevindi ki, Qarabağı Rusiyaya birləşdirmək təşəbbüsü ilə çıxış edən, Azərbaycan xalqını təhqir edən Jirinovski ən dəyərli qonaq kimi qarşılandı. Ermənilər o zaman sevindi ki, “lazım”ın gəlişi təxirə düşdü. Bu hakimiyyət erməniləri hələ də sevindirir. 20 faiz torpaq hələ də Ermənistanın nəzarətindədir və bu torpaqlar YAP hakimiyyətinin dövründə işğal olunub.
Vətəndaşı dilənçi vəziyyətinə salaraq, düşməni şadlandırmaq
“Azadlıq” qəzeti hər zaman ölkədəki problemlərə işıq salmağa çalışıb və bu problemlərdən çıxış yollarını göstərib. Hər zaman ekspertlərin fikirlərinə istinad edib, dünya təcrübəsindən nümunələr gətirib və Azərbaycan hakimiyyətini məsuliyyətli olmağa çağırıb. Ancaq, dünyanın heç bir ölkəsində tənqidi mövqe ifadə edən qəzetə “erməni” damğası vurmurlar.
Ey, “ermənipərəst”liklə silahlanmış, şərin sözçüləri. Ermənilər o zaman sevinir ki, sizin baş ideoloqunuz “bir nəfər də savadlı kadr tapa bilmirik” söyləyir. Ermənilər o zaman sevinir ki, “Elmlər Akademiyası” bazara çevrilir və PA rəhbəri bunu etiraf edir. Ermənilər o zaman sevinir ki, elmi adların tapşırıq əsasında verilməsi, samballı elmi əsərlərin yazılmaması, təhsilin səviyyəsinin aşağı düşməsi açıq şəkildə görünür və hökumətin başında oturan adam bunu etiraf edir. Ermənilər o zaman sevindi ki, YAP-çı deputat xalqın kredit bataqlığında olduğunu etiraf etdi. Bəli, Siyavuş Novruzov bildirdi ki, kredit borcunu ödəmək üçün ya silah alveri, ya insan alveri, ya da narkotik alveri etməlisən. Ermənini sevindirən odur ki, hakimiyyət vətəndaşı cinayətkara çevirir və bunu etiraf edir. Ermənilər o zaman sevindi ki, Azərbaycan əhalisinin 2.2 milyon nəfəri kredit borcu ödəyir. Ermənilər o zaman sevindi ki, neft və qazla zəngin Azərbaycan əhalisinin sosial vəziyyəti, heç nəyi olmayan Ermənistanla eynidir. Ermənilər o zaman sevindi ki, ölkə əhalisinin 2 milyondan çoxu yaşamaq üçün ölkə xaricinə üz tumalı oldu.
Hakimiyyətin “neft siyasəti” düşmənə təbəssüm bəxş edir
“Yeni Azərbaycan” köhnəlmiş düşüncələrlə yazır ki, “Azadlıq” qəzeti neftin qiymətinin düşməsinə görə sevinir. Əvvəla, neftin qiymətinin enib-qalxması “Azadlıq”ın sevinib-kədərlənməsi ilə əlaqədar deyil. Bu, dünya miqyaslı bir hadisədir. Ikincisi, “Azadlıq”ın bu sevinci nədə ifadə olunub? Neftin qiymətinin kəskin azalması heç kimə sirr deyil. “Azadlıq” qəzeti də bu problemi işıqlandırır və ekspertlərin dili ilə çıxış yolunu göstərir. Digər tərəfdən, o qədər kədərlənməyə də lüzum görmürük. Çünki, neftin qiyməti 100 dollardan yuxarı olanda da, 66 dollara enəndə də xalqa təsiri olmayıb. Biz, hakimiyyətdə oturanların daha çox oğurlaya bilmədiyinə görəmi kədərlənməliyik? 21 ildə bu neft milyardları xalqa xidmət etdimi?
Ey neft sevdalıları, Ermənilər o zaman sevindi ki, neftdən gələn 100 milyarddan artıq vəsaitin 68 milyardının “fatihə”si verildi. Ermənilər o zaman sevnidi ki, ölkə sərvətinin 48 milyardı ofşorlara daşındı. Ermənilər o zaman sevindi ki, Neft Şirkətinin prezidentinin 21 yaşlı oğlu milyonlara sahib oldu. Ermənilər o zaman sevindi ki, ölkə iqtisadiyyatı yalnız neftin üzərində bərqərar oldu və qeyri-neft sektoru “koma” vəziyyətinə salındı. Ermənilər o zaman sevindi ki, bu milyardlar gələcək nəsillərə xidmət etmədi. Ermənilər o zaman sevindi ki, bu pullar dünyanın 4 tərəfində park, məktəb, kilsə, uşaq bağçası, muzey tikintisinə xidmət etdi. Ermənilər hər gün sevinir ki, bu neft səltənəti Azərbaycanın deyil, Azərbaycan hakimiyyətinin maraqlarına xidmət etdi. Erməniyə ən böyük sevinc onda bəxş olundu ki, hakimiyyət daha çox qazanmaq naminə bütün dəyərləri məhv etməyə qərar verdi…
Siyasi məhbusları müdafiə etmək düşmənə xidmətdirmi?
Şər-böhtan “istehsal”ı ilə məşğul olan qəzet yazır ki, “Azadlıq” Leyla Yunusa dəstək olur və erməniləri sevindirir. Əvvəla, “Azadlıq” qəzeti Leyla xanım başda olmaqla bütün siyasi məhbuslara dəstəkdir və bundan sonra da dəstək olacaq. Ikincisi, bütün dünya siyasi məhbuslara azadlıq tələb edir və bu adamlar ən yüksək mükafatlara layiq görülür. Belə çıxır ki, bütün dünya ermənipərəstdir. Əgər belədirsə, deməli, YAP hakimiyyəti xarici siyasətdə də Ermənistana məğlub olub və zəngin ölkənin deyil, kasıb ölkənin diplomatiyası qalib gəlib. Ancaq digər tərəfdən də deyilir ki, Azərbaycan bütün dövlətlərlə yüksək səviyyədə münasibətlər qurub. Başqa bir məqam ondan ibaerətdir ki, bugün “ermənipərəst” damğası vurulan təşkilatlar və ölkələr Qarabağ məsələsində ortaya mövqe qoyublar. Bütün bunlardan aydın görünür ki, Leyla Yunusa və digərlərinə azadlıq tələbi bu adamların günahsızlığı ilə bağlıdır. Təbii ki, “Yeni Azərbaycan” və onun xidmət etdiyi YAP hakimiyyəti Leyla Yunusun günahsız olduğunu bilirlər. Sadəcə olaraq bunu etiraf etməyə cəsarət və qətiyyət yoxdur. Bu məsələdə ən böyük biabırçılıq ondan ibarətdir ki, Leyla Yunusun məhkəməsi başa çatmamış, ittihamlar sübuta yetirilməmiş, “vətən xaini”, “ermənipərəst” kimi ifadələr hakimiyyətin şüarına çevrilib. Erməniləri ən çox sevindirən odur ki, Azərbaycanda hüquqa hörmət yoxdur. Bugün “Azadlıq” qəzetinin əməkdaşları da daxil olmaqla qondarma ittihamlarla həbs olunan 100-lərlə vətəndaş var. Erməniləri sevindirən odur ki, ölkədəki vicdanlı insanlar, ləyaqətli hüquqşünaslar, dəyərli qələm adamları sıradan çıxarılır. Erməniləri ən çox sevindirən odur ki, YAP hakimiyyəti 37-ci il ab-havasına köklənib. Və bütün baş verənlər beynəlxalq aləmdə də Ermənistanın arqumentini gücləndirir. Ermənilər ortaya fakt qoyur ki, bu hakimiyyət öz vətəndaşına divan tutur və heç bir dəyər tanımır. Erməniləri sevindirən odur ki, bütün beynəlxalq hesabatlarda Azərbaycanın adı ən axırıncı sırada gəlir. Siyasi məhbusları müdafiə etmək isə Azərbaycanda cəsarətli, vicdanlı insanların hələ də qaldığının sübutudur. Bax bu, erməniləri qətiyyən sevindirmir.
Xarici siyasətimiz düşmənin gözündə
Bugün Azərbaycan hakimiyyətinin xarici siyasət kursu Ermənistanın işini xeyli yüngülləşdirib. Ümumiyyətlə, 21 illik “balans dövrü” Azərbaycanın Qərbə inteqrasiyasını məhdudlaşdırıb, dövlətin və millətin imicini zədələyib. Azərbaycanın “Qoşulmayanlar bloku”na qoşulması, Qarabağı ermənilərə bağışlayan Rusiyanın əlaltısına çevrilməsi, ÜTT-yə üzvlükdən, “Assosasiya sazişi”ni imzalamaqdan imtina etməsi, antiQərb kampaniyasını gücləndirməsi Erməniləri çox sevindirir. Indi ermənilər arxayındılar ki, Azərbaycan hakimiyyətinin “qətiyyət”li mövqeyi bu ölkəni mütərəqqi dünyadan uzaqlaşdırmaqda davam edəcək. Azərbaycanın xaricdəki imicinin azalması, beynəlxalq təşkilatların sanksiya hədələri, “kürü diplomatiyası” kimi biabırçı hallardan sonra Qərb diplomatlarının Azərbaycan nümayəndələri ilə təmasdan yayınması, Erməniləri həqiqətən də sevindirir. Erməniləri sevindirən həm də odur ki, hakimiyyət təmsilçilərinin bir hissəsi Qərbə gedərək “bizi sendviç kimi əzirlər” deyir, digər hissəsi isə Irana, Rusiyaya gedib Qərbdən şikayət edir. Yəni hakimiyyətin ikiüzlü siyasəti və bunun ifşa olunması da düşmənin xoşuna gəlir. Ermənilərin ən çox xoşuna gələn isə dünya şöhrətli Azərbaycan vətəndaşlarının “arzuolunmaz şəxs” siyahısına salınmasıdır.
“Yeni Azərbaycan” erməniləri necə feyziyab edir?
Erməniləri sevindirəcək yeganə qüvvənin bu hakimiyyət olduğunu sübut etmək üçün başqa faktlar da göstərmək olardı. Ancaq bu qədər kifayət edər. Keçək “Yeni Azərbaycan”ın erməniləri sevindirməsinə. Öz prinsiplərinə sadiq qalan, tənqidi fikrin son qalası hesab edilən, bütün fəaliyyəti ilə dövlətə və millətə xidmət edən “Azadlıq” qəzetini “erməni qəzeti” adlandırmaq, ermənilər üçün böyük hədiyyə oldu. Bəli, hakimiyyət bu yaxşılığı da ermənilərə etdi. Bu təkcə “Azadlıq”a atılan böhtan deyil, həm də hakimiyyətin özünüifşasıdır. Belə çıxır ki, Ermənistan o qədər qüdrətlidir ki, Azərbaycanda 25 yaşlı bir qəzetə sahiblik edir. Bəs, deyirdiniz ermənilər acından ölür? Necə olur ki, acından ölən bir ölkə “Azadlıq” qəzetini maliyyələşdirə bilir? Bugün Sərkisyan hakimiyyəti kef eləyir. Çünki, 20 faiz torpağın işğalından sonra Azərbaycan hakimiyyətinin hədiyyələri davam edir. Hakimiyyət öz vətəndaşlarını düşmənin adı ilə çağırır və düşmənin təbliğatını aparır.
Bəli, “Yeni Azərbaycan” qəzeti 1 səhifəsini ermənilərin qüdrətinə həsr etməklə erməniləri feyziyab edir. Bəlkə də “Yeni Azərbaycan”lar olmasaydı, Sərkisyan ikitərəfli görüşlərdə bu qədər gülməzdi. Öz vətəndaşını ləkələməklə məşğul olan qəzetlərin sayı çox olduğu müddətdə, ermənilər rahat olacaq.
“Azadlıq” isə ermənilərin sevincini gözündə qoymaq istədiyinə görə, “erməni qəzeti” adlandırılır.
Indi siz deyin. Kimdir ermənipərəst? Bütün çətinliklərə rəğmən, maaşsız, təqiblər və təzyiqlər altında işıq üzü görən “Azadlıq”, yoxsa ölkənin sərvətini talan edən hakimiyyətə çıraq tutan “Yeni Azərbaycan” qəzeti?
Akif


