“Ədəbiyyatın xilasedici gücünə inanıram”

Elnur Astanbəyli: «Rus nəsrinin «ikinci dərəcəli» yazıçıları var ki, Azərbaycanda qaldırılıb dağ başına qoyulan «ən böyük yazıçıdan» belə qat-qat böyükdür»

Bu günlərdə “Oktyabra məktublar” adlı yeni şeirlər kitabı çap olunan şair-publisist Elnur Astanbəyli ilə müsahibə.

– Ilk kitabınız – “Almadan küsən” iki il əvvəl çap olunmuşdu. Iki il sonra yeni kitabınızın çap olunması sizin şair kimi az çap olunmağınız barədə qınaqlara cavabdır”

– Qətiyyən. Əslində “Oktyabra məktublar”a daxil edilən şeirlərin bir qismi ilk kitabda yer almalı idi. Sadəcə, düz-əməlli arxivimin olmaması səbəbindən bu, mümkün olmadı. Ümumiyyətlə isə mən hər kitabı bir yazarın yaradıcılığında bir mərhələnin qapanması, yeni bir mərhələnin başlanğıcı hesab edirəm. “Almadan küsən”dən sonra özüm üçün belə bir gözləntim yox idi, yuxarıda da dedim, kitab müəyyən mənada yarımçıq idi. “Oktyabra məktublar”dan sonra isə bu günədək yazdıqlarımdan xilas olduğumu hiss edirəm. Onlar artıq yaradıcı mənada keçmiş və keçilmiş mərhələdir. Indi daha rahatlıqla gələcəyə baxa bilərəm.

– Publisistika sizə şair kimi mane olurmu?

– Mən şair olmamışdan da, publisist olmamışdan da əvvəl vətəndaşam. Şair kimi də, publisist kimi də, vətəndaş kimi də mənə ancaq ölkəni bürüyən korrupsiya, cəhalət, yalan, yaltaqlıq mane olur. Inanın ki, yazar deyil, tamam başqa bir iş, peşə sahibi olsam da, bu cavabım yenə dəyişməzdi. Çünki çəkməçi, yaxud həkim olmamışdan əvvəl də yenə vətəndaş olardım. Digər tərəfdən, bu gün elə bir ölkədə yaşayırıq ki, onun gələcəyi ilə bağlı narahat olmamaq, onun taleyinə biganə qalmaq yaradıcı insan üçün ümumiyyətlə, qəbuledilməzdir. Hər halda mən belə düşünürəm. Abbas Səhhət həkim idi, ondan niyə gedib həkimliklə məşğul olub həyatını təmin etmədiyini soruşanda demişdi ki, “əslində mən indi əsl həkimliklə – xalqımı ən ağır xəstəlik olan cəhalətdən sağaltmaqla məşğulam”. Məncə, yaradıcı adamın ən əsas missiyalarından biri budur. Xüsusilə də xalqı, ölkəsi siyasi, ictimai, mənəvi bəlalara mübtəla olmuş bir yaradıcı adamın buna laqeyd qalmaq, bu bəlalardan xalqını və ölkəsini xilas etmək adına əlindən gələni etməmək haqqı və lüksü yoxdur. 

– Nobel mükafatçısı olan yazıçı Joze Saramaqo müsahibələrinin birində deyirdi: “Ədəbiyyat dünya əhalisinin sayını artırır”. Bu fikirlə razısınızmı?

– Nədir, yoxsa mən Saramaqo ilə mübahisəyə girməliyəm?! Bu çox gülməli olmazdımı? Saramaqonun doğrudan da məhz belə deyib-demədiyini bilmirəm, amma tərbiyəvi, xilasedici gücünə inandığım üçün şübhə etmirəm ki, ədəbiyyat dünyada INSANLARIN sayını artırır, daha çox adamı düşünməyə, ikiayaqlı məxluqdan qəlbi, beyni və ruhu olan varlıqlara çevirir. Bəzən bir şeir, bir hekayə belə, insanın daxilində hansısa təlatüm, fırtına yarada, onun fikirlərinin, düşüncələrinin axışını, rəngini dəyişə bilər. Bir kitabla hətta insanın təbəssümü belə dəyişə bilər. Səsi, yerişi belə dəyişə bilər. Mən buna inanıram. Uzun illər əvvəl, dəqiq xatırlamağa çalışsam da, mümkün olmur, amma deyəsən 17-18 il əvvəl mənim – epilepsiyadan, kəskin göz ağrılarından əziyyət çəkən, hər fürsətdə yaşadığı ucqar bir kəndin yarıuçuq, tozlu kitabxanasına qaçan yeniyetmə oğlanın qəlbində və ağlında çox şeyi dəyişən təsadüfən oxuduğu bir mətn olmuşdu: bu, Alber Kamyünün Nobel nitqidir. 

Həmin vaxt o nitqdə hələ məktəbli olan mənim üçün anlaşılmaz, dərki çətin cümlələr, abzaslar da çox idi, amma o nitqin anlaya bildiyim, anladıqca da qəlbimə hakim kəsilən, gözlərimi parladan, sanki gələcək yolumu işıqlandıran parçaları da az deyildi. 

Bu günlərdə təsadüfən qarşıma çıxdı və yenidən oxudum həmin nitqi. Əlbəttə, indi orada mənə qaranlıq qalan, aydın olmayan heç nə yox idi, baxıb gördüm ki, onun hər cümləsi, hər sözü, hər hərfi belə, mənim üçün nə qədər doğmadır. Insana onu dünyaya gətirən ata və anasına doğduğu doğmalıq hissi, onu yenidən “doğan”, yaradan kitablara, sözlərə qarşı da hakimdir.          

Kamyü özünün həmin bu parlaq Nobel nitqində həqiqəti və azadlığı eyniləşdirir, deyirdi: “Həqiqət müəmmalıdı, onun dərki çətindir, ona qovuşmağa can atmaq lazımdır. Azadlıq təhlükəlidir, ona sahib olmaq valehedici olduğu qədər də çətindir. Qoy çətinliklə olsun, ancaq daş-kəsəkli bu yolda bizi nə qədər büdrəmələr və uğursuzluqlar gözlədiyini əvvəlcədən bilsək də, bu iki məqsədə doğru qətiyyətlə irəliləməliyik”.

Yəqin ki, Kamyünün haqqında danışdığım nitqinin 17-18 il əvvəl mənim – yeniyetmə bir oğlanın daxilinə saplanan, ona başqa yön verməyə başlayan abzaslarından biri bu olmuşdu. O başqa sualdır ki, həqiqətə və azadlığa belə parlaq çağırış indi bizim ölkəmizdə – pulun, maddiyyatın, hakimiyyət və sərvət hərisliyinin hegemon olduğu, mənəvi olan hər şeyin sürətlə dəyərsizləşdiyi, dəyərsizləşdirildiyi bugünki Azərbaycanda nə qədər insanın gözünü qamaşdıra, ruhunu və qəlbini aydınlada bilər?!

– Yazı prosesi ilə bağlı vərdişləriniz varmı?

– Demək olar ki, yoxdur. Yalnız bir istisna ilə: son vaxtlar yazarkən və oxuyarkən mobil telefonu ya söndürür, ya da səssizə alıram. Hətta arabir ondan ümumiyyətlə, imtina etmək fikrinə düşürəm. Istənilən vəziyyətdə yaza bilərəm: hay-küydə də, səssizlikdə də. Qələmlə də, kompüterlə də. Günün istənilən vaxtı yazıram – bu, gecənin bir yarısı da ola bilər, səhərlər də, günün günortası da. Ayıq başla da, sərxoş da. Hər şey artıq yazacağım mətnin beynimdə hazır olması, “bişməsi” ilə bağlıdır. Əgər mətnin “doğuşu” başlayırsa, bunun harada, nə zaman, hansı şəraitdə baş verməsinin mənim üçün heç bir xüsusi anlamı qalmır. Yəqin bunda mənim heç vaxt yazı otağımın, hətta yazı masamın olmamasının, uzun illər “köçəri” – kirayənişin yaşamağımın da rolu az olmayıb.

– Nə vaxtsa yazmaya bilərsinizmi?

– Gələcəklə bağlı suallara konkret cavab vermək həmişə çətindir, bu suala cavab vermək isə ikiqat çətindir. Doğrusu, bu haqda heç vaxt fikirləşməmişəm. Yəqin ona görə ki, mənim əlimdən başqa heç bir iş gəlmir. Əlbəttə, şeir, publisistika hesabına yaşamaq, özünü və ailəni maddi təminat altına almaq Azərbaycan reallığında qəliz, hətta mümkünsüz məsələdir, odur ki, “ikinci iş” şərtdir. Mənim üçün bu – redaktorluqdur. Kitab redaktələri ilə məşğul oluram, o da dolayısı ilə yaradıcılıqla bağlıdır. Bir sözlə, hətta şeirin, yaxud publisistikanın daşını atsam belə, yazı-pozu işindən tamamilə uzaqlaşmaq mənim üçün indilik çətin görünür. 

–  Hər gün yazırsınız?

– Ayda 20, bəzən daha çox köşə yazısı yazmalı oluram. Bu əməkdaşlıq etdiyim qəzetlə anlaşmamızdır. Yəni bir növ məcburiyyətdir. Şeirə gəlincə, məsələn, son üç ayda bir misra da yazdığımı xatırlamıram. Amma elə ola bilər ki, bir ayda bir neçə şeir yazaram. 

– Hazırda nə oxuyursunuz? 

– Təzəlikcə Qonçarovun “Adi əhvalat” romanını oxuyub bitirdim. Bu, rus realist nəsrinin ilk nümunələrindən biridir. Tolstoy məktublarının birində həmin əsəri oxumağı məsləhət görür və əlavə edirdi: “Həyatı buradan öyrənmək lazımdır”. Hazırda isə başqa bir rus yazıçısı Korolenkonun hekayələrini oxuyuram. Qorki onu “ən namuslu rus yazıçısı” adlandırmışdı. O hələ tələbəlikdən inqilabi əhval-ruhiyyəsi ilə seçilirdi. 28 yaşında çar III Aleksandra “sadiq təbəə” olmaq üçün and içmədiyinə görə sürgün edilmişdi. Onunla bağlı bir maraqlı faktı da deyim: 1900-cü ildə Korolenko Rusiya Elmlər Akademiyasının fəxri üzvü seçilir, amma iki il sonra Qorkinin qanunsuz şəkildə akademiya üzvü seçilməməsinə etiraz əlaməti olaraq, Çexovla birgə fəxri üzvlükdən imtina edir. Bizdə belə bir addımı Azərbaycanda Elmlər Akademiyasının hansı üzvü, ya da hansı titullu yazıçı atardı? Şübhəsiz, heç biri. Onlar üçün “imtina etmək” anlayışı yoxdur, onlar üçün həyatda bir məqsəd var: əldə etmək! Nə vaxt bu zərərli tendensiya dəyişsə, bax onda Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatının bir parçasına çevriləcək, çox çeynənmiş, şablon ifadə ilə desək, Biləcəridən o tərəfdə də tanınmağa başlayacaq. 

–  Özünüzdən əvvəlkiləri sancmadan dayana bilmirsiniz, deyəsən…

– Axı bu sadəcə, sancmaq deyil. Reallıq budursa, nə etməli?  Təsəvvür edin, Korolenko kimi ciddi bir yazıçı rus nəsrinin “ikinci dərəcəli yazıçısı”dır, Çexovun, Qorkinin, Dostoyevskinin, Tolstoyun kölgəsindədir. Halbuki Azərbaycanda qaldırılıb dağ başına qoyulan “ən böyük yazıçıdan” belə qat-qat böyükdür. Onun “Qəribə qız”ı bizim xalqsız xalq yazıçılarının istənilən birinin külliyyatından ağır gələr. Amma özlərini elə aparırlar ki, sanki dünya ədəbiyyatı bunların çiynində dayanır, çiyinlərini azacıq çəksələr, guya Hüqo, yaxud Drayzer, Kamyü ya da bir başqası başıaşağı gələcək. Mən rus nəsrinin hamıya bəlli simalarını bir kənara qoyub, “ikinci dərəcəli yazıçılarından” Kuprinin “Təkbətək”ini, yaxud “Olesya”sını xatırlatmaq istəyirəm. Anar Rzayevin bizə “şedevr” kimi sırınan “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, ya da Elçin Əfəndiyevin “Ölüm hökmü” çox gülməli görünür. Inanın, bunu özləri də bilir. Sadəcə, bizdə mütaliənin səviyyəsi o qədər aşağıdır ki, çoxluğu asanlıqla aldatmağı bacarırlar.

– Bir dəfə yazmışdınız ki, yaltaq şairləri və yazıçıları oxumaqdan imtina edirsiniz. Onları doğrudan oxumursunuz?

– Niyə oxumalıyam? Mən belə şairlərin, yazıçıların öz mətnləri ilə oxucunun beynini və qəlbini gizli şəkildə zəhərlədiklərinə inanıram. Bir dəfə də demişdim, hələ də o fikirdə qalıram: heç bir şübhəm yoxdur ki, yaltaq şairin, yazıçının da yaltaq oxucusu olur. Bəzən deyirlər ki, filankəs yazıçı yaltaqdır, filan şair riyakardır deyə bunların hamısını çıxdaş eləyək, bəs yerdə kim qalsın, kimi oxuyaq? Cavab çox sadədir: gedin dünya ədəbiyyatını oxuyun, həm şar kimi üfürülərək şişirdilmiş anarlarınızın, elçinlərinizin ədəbiyyat adına əslində nə qədər qeyri-ciddi göründüklərini anlayın, həm də ayrı-ayrı dövrlərdə hakim sistemlərin bizə nəhəng təbliğat maşina hesabına sırıdığı, sanki harasa raykom katibi, harasa polis rəisi təyin edərmişcəsinə “xalq şairi”, “xalq yazıçısı” təyin etdiyi əldəqayırma “dahi”lərdən canınızı qurtarın ki, ruhunuz, zövqünüz salamat qalsın.   

– Sonda oxuculara sözünüz.

– “Oktyabra məktublar” çap olunduqdan sonra onlara səslənmişdim ki, bu kitabı alsınlar. Yazmışdım ki, illərdir ən ağır maddi və mənəvi şərtlər altında yazmağa davam etdiyim üçün özümdə bu cür çağırış haqqı görürəm. Sonda həmin çağırışı təkrarlamaq istəyirəm: “Bu kitaba toplanan şeirlərlə bağlı heç bir yüksək iddiam yoxdur. Onların şedevr olduğuna da iddia etmirəm. Söhbət, ümumiyyətlə, bundan getmir. Sadəcə, bir yazarın ləyaqəti ilə, vicdanını satmayaraq, Şərin kölgəsinə sığınmayaraq yaşamağa, deməli, həm də yazmağa, yaratmağa davam etməsi üçün oxucu kölgəsinə sığınmaqdan, onun dəstəyinə güvənməkdən qeyri yolunun olmadığını düşünür, Azərbaycan reallığında bu nə qədər çətin olsa belə, hər halda belə bir dəstəyə ümid edirəm. Sizin alacağınız hər bir kitab onun müəllifi üçün maddi olaraq da, mənəvi olaraq da böyük dəstəkdir, misilsiz ilham qaynağıdır”. 

Amma hər halda son söz yenə də oxucunundur. Qoy o özü müəyyənləşdirsin: namuslu sözü seçir, yoxsa mənəvi kölələrin yazdıqlarını?!