Qol ağacında gəzən haqq

Orxan Valehli

Bildiyiniz i kimi  günlər öncə hakimiyyət yenə öz “prinsip”lərinə sadiq qalaraq,  AXCP   Rəyasət Heyətinin üzvü, hüquq şunas,  Qarabağ qazisini oğurlayaraq həbs etdi. Bir çoxları deyir ki, bu həbslərə niyə oğurluq deyirsiniz? Bəs oğurluq deyil, nədir bu?!  Əgər bu haqlı həbs idisə,  niyə günlərlə hakimiyyət orqanları özlərinə əziyyət verib onu izləyirdilər? Gülməli hal orasındadır ki, hər kəs yaxşı bilir ki, hakimiyyət AXCP və Milli Şura üzvlərinin ən balaca bir səhvini gözləyir ki, onu xalqa bəyan edib həbs etsin. Bunu bildiyimiz halda belə, ürəyimizdə birdən haqlı olarlar deyə şübhə yaranır.Əyər Asif bəyin doğurdanda nədəsə günahı olsaydı, onu hər kəsdən gizlin oğurlamazdılar.Hamının gözü qabağında “Sizin qaziniz bax budur”deyərək həbs edərdilər. 

Bizə niyə qəribə gəlir bilirsinizmi? Niyəsini indi yazacam. İndi biz düşünürük ki, əməliyyatdan yeni çıxmış,hələ də qoltuq ağacı ilə gəzən bir əlil Qarabağ qazisini görəsən necə həbs etdilər? Heçmi vicdanları sızlamadı? Yəni o bu qədər  təhlükəlidirmi ki, onu oğurlamaq üçün taksi sürücüsünün 5 dəqiqəlik siqaret almaq üçün mağazaya getməsini fürsət bilirlər? Sizlərə cavab verim. Bəli, o çox təhlükəlidir! Həm də düşünə bilməyəcəyiniz qədər çox təhlükəlidir. Hətta o qədər təhlükəlidir ki, hakimiyyətin yuxusu ərşə çəkilib ki, ölkədə bu cür haqqı deyən Qarabağ qaziləri azadlıqda gəzdikcə, bizlərə rahat nəfəs almaq nəsib olmayacaq. Kənardan  kim nə deyir desin, lap bizi absurdluqda günahlandırsınlar, fərqi yoxdur. Yenə də, hakimiyyəti əldən verməkdən yaxşıdır.

Biz o qoltuq ağacı ilə gəzəni təkcə Qarabağ qazisi kimi, hakimiyyət isə, özünə bəla kimi görür. Heç kim , ona bəla olan birinə rəhm etməz .Heç kim , onun bütün çirkin əməllərinin üstünü açan birinə, “o əlildir” deyə rəhm etməz. Lap Qarabağ qazisi olsa belə. İndi o qoltuq ağacı ilə gəzən Asif bəy deyil, haqq ədalətdir.Tam ayaq açıb yeriyə bilməsə də, haqq ədalət qoltuq ağacı ilə də olsa yeriyə bilir. Mənim elə bir mitinq yadıma düşmür ki, o orada iştirak etməsin.Əsl fədakarlıq budur.Belə bir insanı qoyub, Eynullaları, Raufları şərləyib həbs etməyəcəklər ki.

Əslində hər birimiz yaxşı bilirik ki, əsl müxalifətçilik edənlərin hər birinin növbəsi çatacaq. Mən buna çox sevinirəm, hətta qürur duyuram ki, Asif bəyin həbsindən sonra, gənclərimiz sinəsini qabağa verərək, hakimiyyətə “biz qorxmuruq” mesajın verdi. İndi siz özünüz düşünün. Əməliyyatdan yeni çıxmış bir Qarabağ qazisin şərləyib həbs edirlərsə, sağlam, ayaqüstə rahat gəzən bir müxalifətçini niyə şərləyib həbs etməsinlər? Xoşbəxt ik  ki, başlarına bu cür hadisələrin gələcəyini bilə-bilə, bu yolda yürüyənlər var.Onlar tək qorxmamaqla, yürüməklə kifayətlənməyib, repressiya dalğası gücləndikcə, daha iri addımlarla zalımın üzərinə gedirlər.Müxalifət adı altında gizlənənlərin bu qədər oyununa baxmayaraq, müxalifətin ayaqda qalması, bu cür mərd insanların hesabınadır.