Aynur İmranova
Zor zamanlar yaşayırıq. Azadlıqda olmaq əzab verir. Nə qədər azadlıqda olduğumuz da sual altındadır təbii ki. Ölkədən çıxışı yasaqlamaqla rejim böyük həbsxanada olduğumu tam rəsmiləşdirib. Amma yenə də rahat yataq, isti ev, ürəyin istəyəni yemək zəhərə dönüb, həyatımız zəhər olub. Bəlkə bir az eqoistlik olacaq Hocam, amma sizin həbsinizdən sonra bütün siyasi məhbuslar mənim üçün ikinci plana keçdi. Çünki hər kəsin bir şəkildə xəstəliyini, aclığını, rahatsızlığını bildirəcəyini, haqqını tələb edəcəyini bilirəm, sizdən başqa… Amma bu doğru deyil. Sizin üçün doğru qərar ola bilər, amma sizi sevən, sizi haqsızlıq, zülm hakim olan bu məmləkətdə ədalət simvoluna çevirən yüzlərlə insana qarşı doğru deyil. Sizə bir şey olarsa bizim üçün xəyal qırıqlığının, ruh düşkünlüyünün miqyasının fərqinə varmanızı xahiş edirəm. Siz artıq özünüzə məxsus deyilsiniz, hamımıza aidsiz: Milli dəyərsiz, bizim ümidimizsiz, inamımızsız. O inamı- bu ölkənin gələcəyinə, bu millətin düzələcəyinə son inamı, bizə çox görməyin Hocam.
Çarəsizik, neyləyəcəyimizi, sizi ordan necə qurtaracağımız bilmirik. Mən həyatımda ilk dəfədir ki, bu şər rejiminin qurucuları daxil hər kəsin qarşısında dizin-dizin sürünməyə hazır olduğumu anladım. Təki sizi azad etsinlər, təki sizə bir şey olmasın. Deyir bir insana nə qədər bağlı olduğunun dərəcəsini, nə qədər sevdiyini ondan ayrılmayana qədər hiss eləmirsən. Mən sizin bizim üçün necə böyük təskinlik olduğunuzu həbsinizdən sonra tam çılpaqlığı ilə anlamışam. Nənəmin bir sözü vardı “ürəyim qut olur”deyə. Hani insan ac olan zaman, yemək tapıb yeyənə qədər bir tikə atır mədəsinə, toxtaq olsun deyə. Siz bizim bu məmləkətdə azadlıq, ədalət, insanlıq bərqərar olana qədər ürəyimizi tox tutan o loxmasız. Bizi ayaqda saxlayan, gücümüzün tükənməsinə izn verməyən, nəfəsimizin tükənməsinə əngəl olan, yıxılmağa qoymayan… Siz gedərsəniz biz də düşərik, həm də şər rejimin səbəbkarları olan zalımların ayaqları altına düşərik…
Burdan, bu böyük həbsxanadan o kiçik həbsxanaya, sizə doğru yüzlərlə əl uzanıb Hocam. Əlimizi boş buraxmayın, tutun əlimizdən. Tutun ki, bu günə qədər mübarizə apardığımız o böyük Azadlıq yolunun sonuna birlikdə gedək. Gedək, bizə bu günə qədər yaşatdıqları şər- böhtan dolu günlərin acığını gülərək, pozitiv olaraq birlikdə alaq…
İntiqamımızı alaq, Milli intiqamımızı…


