Eldəniz Quliyevdən “Yeni Müsavat”a öldürücü ironiya

Tanınmış ziyalı, Milli Şuranın üzvü Eldəniz Quliyev hakimiyyətin ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin son günlər AXCP-yə qarşı tirajladığı şər-böhtanlara öldürücü ironiya ilə cavab verib. Eldəniz Quliyevin facebook səhifəsində paylaşdığı həmin qeydi təqdim edirik:

AXCP-nin gənc fəallarından biri yolla gedirmiş. Birdən ayağı boş bir limonad şüşəsinə dəyir, butulka sınır. Elə o andaca… şüşədən bir Cin çıxır. Üzünü oğlana tutub deyir:
– Ey mənim sahibim, səndən buyruq, məndən qulluq!.. Nə arzun-istəyin varsa, de, bir göz qırpımında yerinə yetirim.
Oğlan Cini sınamaq məqsədilə:
– Get, Hind okeanının üstündən qəşəng bir körpü çək! – deyir.
Cin dərin fikirə gedir, handan-hana günahkarcasına mızıldanır:
– Ya başımın ağası, bu çoox qəliz bir məsələdi axı… Bəlkə başqa bir şey əmr edəsən?..
Oğlan deyir:
– Onda elə et ki, mən “Yeni Müsavat”ın felindən, məkrindən agah olum!..
Cin bunu eşidən kimi dik atılır:
– Ya sahibim, -deyir, – Bayaq buyurduğun körpünün eni nə qədər olsun dedin?..