Səssiz qalsanız, sizi də öldürərlər!

Amerikada baş verənlərdən sevincək olanları anlamaq olar. Sevinməyə başqa nə var ki?  Görünür, böyük depressiyalarda təsəlli üçün bu da kara gəlir. Hələ bu sevincli anlar yaşayanlara bəzi şeyləri xatırladıb, onların əlini bir az da möhkəmləndirmək istəyirəm. Biləsiniz ki, irqçilik bu amerikanların tarixi köklərində var. Onların yaşadıqları torpaqlardan belə özlərinin xəbəri olmayıb, bir italyan əsilli səyyah kəşf edib, o biri italyan əsilli səyyah öz adına çıxıb. 
Xristofer Kolumbun tapdığı, Ameriqo Vespuççinin adını tarixə yazdırdığı həmin o coğrafi əraziyə də sonra amerikanlar sahiblənib oturublar. Həm də elə möhkəm oturublar ki, yüz illərdir bir qarış torpaqları belə sürüşməyib. Buralarda baş verən “rəngli” toqquşmalarının tarixi də xeyli uzundur…
Amerikadakı günün şiddətli etiraz aksiyalarına 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsi əsas verib. Gənc Mayk Braunu öldürən polisin cəzasız qalması insanları hiddətləndirib və nəticələr də göz önündədir. Əvvəlcə bir əyalətdən başlanan şiddətli aksiyalar indi ölkənin ən böyük şəhərlərini də bürüyüb.
Hadisələrə səbəb olan polis məmuru isə öz vəzifəsini icra etdiyini bildirir. Mətbuatın suallarına cavab olaraq deyir ki, onu qaradərili olduğu üçün öldürməyib və dərisinin rəngi ağ olsa da, münasibəti eyni olacaqdı. Günbəgün genişlənən aksiyaların plakatlarında yazılanlar isə fərqli fikir sərgiləyir: “Ədalət yoxsa, barış da yox”, “Qardaşınız üçün ayağa qalxın”, “Qaraların həyatı da dəyərli”, “Əgər səssiz qalsanız, sizi də öldürərlər”, “Irqçi polis terroruna son”.
Doğrusu, bu hadisə bir az da altmışıncı-yetmişinci illər Amerikasında baş verən qaradərili etirazlarını xatırladır. Avtobusda öz yerini ağdəriliyə vermədiyinə görə həbs olunan və sonradan böyük etiraz dalğasına çağırış edən gənc Martin Lüter Kinqin həbsini. 382 gün sürən Montgomery Avtobus boykotunu. Son olaraq, Amerika Ali Məhkəməsinin əyalətlərarası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrı-seçkiliyi qanundankənar elan etməsini. 60-cı illərin ortalarında qaradərililərin irəli sürdüyü tələblərin Amerika hüququnun bir parçasına çevrilməsini…
Amma yuxarıda qeyd etdiyimin əksinə, bunları yazmaqla heç də sevinənlərin menyusuna dad qatmaq fikrində deyiləm. Xatırlatmaq istədim ki, Amerikanı başqalarının kəşf etmiş olması belə tarixən heç nəyi dəyişməyib. O da başqa ölkələr kimi qanlı-qadalı günlərdən keçib gəlib, ancaq gücündən heç nə itirməyib. Tarixində irqçilik də olub, işğalçılıq da, tiranlıq da. Lakin müasir vətəndaşlarına ən modern, ən güclü, ən demokratik sistem töhfə verib. Elə bir gəncin qətlə yetirilməsi ilə milyonların bir anda ayağa qalxması da o açıq düşüncənin məhsuludur. Heç şübhəsiz, demokratik cəmiyyət də hansı nöqtədəsə haqsızlığa yol verən hökumətə təzyiq göstərmək üçün vacibdir elə. Yalnız belə cəmiyyətlərdə bir polisin səhvi üçün bütünlükdə bir hökumət cavab verməli olur.
Son olaraq, gələk sevinənlərin halına. Bir şeyi bilirəm ki, bunlar kənardan öz durumlarını müşahidə edə bilsəydilər, gerçəkdən ağı deyib ağlayardılar. Ən azı ona görə ki, indi Nyu-York küçələrində heç bir əngəllə üzləşmədən səslənənlər daha çox o sevinənlərin yaşadığı məkanda baş verir. “Qardaşınız üçün ayağa qalxın”, “Qaraların həyatı da dəyərli”, “Əgər səssiz qalsanız, sizi də öldürərlər”, “Irqçi polis terroruna son” kimi şüarlardan rəng çalarını silsək, hamısı bu coğrafiyada yaşananlara aid olmazmı? Amma bu şüarlar içində bizə daha yaxın olan birini xüsusi vurğulamaq istərdim. Bəli, səssiz qalsanız, sizi də öldürərlər!