Pentaqon Rusiyanı başlıca təhlükə elan etdi

Vəfa Quluzadənin fikrincə, Rusiya və Çinin yürütdüyü siyasət onların hədəf olmasına səbəbdir

Pentaqon Rusiyanı ABŞ-ın nəzərə almalı olduğu əsas qlobal təhlükələrdən biri sayır. Bunu ABŞ-ın müdafiə naziri Robert Uork “Defense News”a müsahibəsində deyib. “Amerikanın milli təhlükəsizliyinin təminatı üçün cavabdeh orqanların hazırlaşmalı olduğu ən böyük təhlükə və tendensiya nələrdir” sualına Uork “Birinci, əlbəttə ki, Çin və Rusiya kimi dövlətlər” deyə cavab verib. O xatırladıb ki, bu ölkələrin hər ikisi BMT Təhlükəsizlik Şurasının nüvə silahına malik olan daimi üzvləridir.

Onların hər ikisi regional və beynəlxalq iddialara malikdirlər. “Buna görə də diqqətimizin böyük hissəsi bu iki dövlətlə necə davranacağımıza yönələcək”,- deyə Uork təfərrüatlara varmadan bildirib.

Pentaqon şefi qeyd edib ki, ABŞ Sakit okean regionunda daimi mövcudluğunu saxlamaq niyyətindədir və Çinin bunu qəbul etməsini istəyir.

Uork növbəti təhdid mənbələri kimi Şimali Koreyanın və Iranın adlaırnı çəkib. O, transmilli terrorizm və cinayətkarlığı da ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər sırasında göstərib.

Politoloq Vəfa Quluzadə hesab edir ki, ABŞ-ın hədəf göstərdiyi Rusiya və Çin ikisi də qeyri-demokratik dövlətlərdir. Qeyri-demokratik dövlətlərin siyasi quruluşunun demokratikdən tam fərqli olduğunu deyən V.Quluzadə bildirdi ki, Çinin ABŞ üçün təhlükəsi Sakit Okeandan qaynaqlanır: “Çin Sakit Okeanda hökmranlığa can atacaqdır. Ona görə də Amerika bu təhlükənin qarşısını almaq üçün Yaponiyaya nüvə dövləti olmağa belə kömək edə bilər. ABŞ-ın eyni zamanda Cənubi Koreyada hərbi bazaları var. Bütün bu qoşunlar məhz Çinə görədir”.

Rusiyaya gəldikdə isə, V.Quluzadə bildirdi ki, Rusiya ABŞ üçün təhlükə olmaqdan heç zaman çıxmayıb: “SSRI çökdükdən sonra da Rusiyanın bütün silahları ABŞ və Avropaya tuşlanmışdı. Hazırda da Rusiya dirçəlmək istəyəndə Qərblə münaqişəyə girdi. Ukraynaya məxsus olan Krımı işğal etdi. Ukraynanı tamamilə sıradan çıxarmaq fikrinə hətta gəldi. Amma Rusiya Ukraynanı hədəf alan zaman qarşısında Qərbi gördü”.

V.Quluzadənin sözlərinə görə, Şimali Koreyanın da yürütdüyü siyasət, ABŞ-ın müttəfiqi Cənubi Koreyanı da hədəf alması onu təhlükəli dövlət kimi göstərilməsinə səbəb olub.

Xəyal