İki beynəlxalq təşkilat dünya ictimaiyyətinə müraciət etdi
Cenevrədə yerləşən Işgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) və Insan Hüquqları naminə Beynəlxalq Federasiya (FIDH) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətinin ciddi təhlükə altında olması ilə bağlı birgə bəyanat yayıblar.
“Turan”ın məlumatına görə, hər iki təşkilat beynəlxalq ictimaiyyətiÿhüquq müdafiəçisinin həyatını xilas etmək üçün Azərbaycan hakimiyyətinə təzyiqi artırmağa çağırır.
“Azərbaycan hakimiyyəti vəziyyətə təcili müdaxilə etməlidir ki, Leyla Yunusa qarşı bütün fiziki və mənəvi təzyiqlərə son qoyulsun, o, qeyd-şərtsiz azad edilsin”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, son günlər Leyla Yunusun vəkilləri onun vəziyyətinin kəskin pisləşdiyini bildiriblər. Çox güman ki, onda Hepatit C kəskinləşib, hüquq müdafiəçisi 12 kq. arıqlayıb. Leyla Yunus həmçinin yüksək təzyiq və şəkərdən əziyyət çəkir.
Xatırladaq ki, Leyla Yunus iyulda, onun həyat yoldaşı Arif Yunus isə avqustda həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluq, vergidən yayınma, dələduzluq kimi əməllərdə ittiham olunur. Lakin yerli və beynəlxalq ictimaiyyət hesab edir ki, Leyla Yunus və həyat yoldaşının həbsinin əsl səbəbi siyasi məhbusların siyahısını açıqlaması, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağırış, insan haqlarının kəskin pozulmasına görə hakimiyyətin ünvanına səsləndirdiyi tənqidlərdir.
Qeyd edək ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusu” elan edib.