Jurnalist Xalid Qarayev 25 günlük həbsini başa vuraraq azadlığa çıxıb. “Azadlıq” qəzetinin müxbiri və xaricdən peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının texniki direktoru olan Xalid Qarayev oktyabrın 29-da Bakıda tutulmuşdu. Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi ona 25 sutka inzibati həbs cəzası kəsmişdi. O, xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsini tərk edəndən sonra “Azadlıq” radiosuna danışan jurnalist həbsini belə xatırlayıb: “Bizim ərazidə polisin adamı kimi tanınan biri var. Mənə zəng etmişdi ki, ərazidə bəzi təmir işləri aparmalıyıq və mənimlə danışmalıdır. Artıq zəng edəndə anlamışdım ki, mənə qarşı nəsə hazırlanır. Axşam marketdən bəzi şeylər alıb çıxanda arxadan yaxınlaşdı. Bir neçə nəfər də vardı. Dedilər bizimlə gəlməlisən. Bildirdim ki, rəsmi çağırış göndərin. Dedilər ki, gəlməlisən – vəssalam. 4-cü polis bölməsinə apardılar. Oradan da Binəqədi Rayon Polis İdarəsinə. “Azadlıq” qəzetindəki fəaliyyətimlə maraqlandılar.
Həbsimin əsas səbəbi jurnalistika fəaliyyətimdir və ölkədəki repressiyaların davamıdır. Həmkarlarıma, vətəndaş cəmiyyəti fəallarına olan təzyiqin bir hissəsidir. Həbsdə qaldığım 25 gündə mən heç nə itirmədim. Əvəzində cəmiyyət, beynəlxalq ictimaiyyət ölkədəki repressiyaların bir daha fərqinə vardı. Düşünürəm ki, həbsim nə qədər qanunsuz olsa da, rejimin ifşası həbsimin müsbət tərəfidir”.
Jurnalist İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində onunla normal rəftar edildiyini deyib.


