Hüququn adamı

Onun haqqında yazmaq çox çətindir. Indi, sıralarımızda olmadığı, azadlığı qanunsuz olaraq alındığı çağda çətinliklər ikiqat artır. Tutulanda da hamını başqalarının hüquqlarının müdafiəsinə səslədi: “Mənə vaxt ayırmayın”. Onun bu yazını necə qarşılayacağı adamın əl-qolunu bağlayır. Əli yetməsə də, sözü yetişəcək, ən azı “çox şişirtmisiz” tipli mesaj göndərəcək. Yaxından tanıdığım üçün deyirəm… 

 

Böyük işlər gördüyü hamıya bəlliydi. Hamı deyəndə həm də onu türməyə salanları, azadlığını əlindən alanları da deyirəm. Onlar bəlkə bizlərdən artıq onun hansı işləri gördüyünün fərqindəydi. Ancaq özü bu işlərin sıradan biri, gündəlik iş olduğunu düşünürdü. Çoxlarının ondan da artıq çalışdığını, zəhmət çəkdiyini deyirdi. Təvazökarlıqdan yox ha (bunu təvazökarlıq kimi dəyərləndirənlər də var), sadəcə vətəndaş, QHT rəhbəri, hüquqçu olaraq bu işləri görməyi borc bilirdi. Başını aşağı salıb yorulmadan, sağlamlığının qayğısına qalmadan gecə-gündüz çalışırdı… 

Hələ həbslər kütləviləşməmişdi. Yadınızdadırsa, gənclərdən başlamışdılar, 1993-cü ildən start götürən “demokratiyanı beşiyindəcə boğmaq” siyasətini davam etdirirdilər. Bu sayda həbs çoxdan olmamışdı. Gənclərin müdafiəsi üçün vəkillərə ciddi ehtiyac vardı. Heç onda vəkillərin sırası bu qədər seyrək də deyildi. Yenə kimlərisə tapmaq olurdu. Çətinliklə olsa belə. O, müdafiə işi üçün planlar qururdu, daha çox vəkilin prosesə cəlb olunmasına, sıraların genişlənməsinə, gərək olan maliyyənin tapılmasına sonsuz enerji xərcləyirdi. Özü də aksiyalarda fəal iştirakçıydı. Aksiyaların birində  tutulmuşdu da. Məşhur şəkli yadınızda olar. Hüquq adamını, tez-tez ayaqlar altına atılan hüququn adamını, başqalarının hüququnun müdafiəsi üçün çalışan adamı hüquq mühafizə əməkdaşları cinayətkar kimi “yaxalamışdılar”. 

Ancaq onun Azərbaycan məhkəmələrində “yaxaladıqları” hakimiyyətin başağrısına çevrilmişdi. Qanunsuz həbslər, hər sahədə addımbaşı pozulan hüquqlarla bağlı müdafiəsiz adamların işinin hazırlanıb məhkəməyə çıxarılması, Avropaya qədər aparılması çox səlahiyyət yiyəsini yuxusundan eləmişdi. Avropadan bir-birinin ardınca gələn məhkəmə qərarları, “…Azərbaycana qarşı” işlər qarşı tərəfin qarşılıqlı addım atmasına nədən oldu. 

“Insanlara xidmət göstərməkdən ali din yoxdur. Ümumi mənafe üçün çalışmaq ən böyük qəhrəmanlıqdır”- bir müdrikin sözləridir. Hansı əsrdə, kimin haqqında deyildiyini bilməsəm də, həm də onun haqqında deyildiyini düşünmək zorundayam, o, həmin qəhrəmanlardandı. Danko kimi – deyəsən, kimsə yazmışdı da bunu. Olsun, elə şeylər var ki, onu təkrarçılıq saymaq olmaz, təkrar olsa belə…

Etiraf edim, bəlkə, çoxlarına qəribə gələ bilər, ancaq belədir, mən onun prosesini aparacaq adamlara – hakimlərə, dövlət ittihamçısına qibtə eləmirəm. Bir qədər başqa duyğu ilə yanaşıram, günahlarının onların qarşısına çıxdığını düşünürəm, elədiklərinin cəzasını nə vaxtsa alacaqlarını yəqin özləri də bilirdilər. Həmin an yetişir. Qanunsuz hökmlər, rüşvətlə verilən qərarlar, heç bir qaydaya, guya müdafiəsində durduqları hüquqa belə söykənməyən ittihamlar. Indi həqiqi ittihamı eşitməyin zamanıdır. Zaman elədiklərini həmişə özünə qaytarır, geci-tezi var. Ancaq var. Hər kəsin bunu bilməsi gərək. 

Bu gün onun qazandığı hələlik barmaqlıqlar arxası olsa da, bunun qarşılığında minlərin sevgisi də var. Barmaqlıqları, hər cür qadağaları, sərhəd, gömrük-keçid məntəqələrini tanımayan sevgi. Ona, eləcə də başqa siyasi məhbuslara azadlıq tələbi ilə dünyanın müxtəlif yerlərində keçirilən aksiyalarda əlində, ürəyinin başında onun şəklini gəzdirənlər var, şəxsən tanımasalar belə. O sevginin odu sönməz, onun külü də közərər. Külün altından xəfifcə gələn o işığı hər gün görürük. O işığa gələnlərin sayı durmadan artır. “Həyatın məqsədi – məqsədlə yaşamaqdır”- yəqin hansı əsrdəsə bu da sizin haqqınızda – məqsədlə yaşayanlar haqda – deyilib.   

Biz sizi çox sevirik, Intiqam müəllim!

Azadlıq arzusuyla…