Rusiyanı nə çökdürəcək?

Bizdə geopolitikadan o qədər çox və elə asanlıqla danışırlar ki, adam bu mövzuya baş vurmağa təşvişli olur. Çoxları da xarici siyasətdən, dünyadakı olaylardan, regiondakı sarsıntılardan, IŞID-dən, Ərdoğanın Amerikanı kəşf etməsindən, hətta ermənilərin acından ölməsindən ona görə danışır ki, ölkə daxilindən söhbət açmasın. Bizim savadsız və səsləri quş buraxan müğənnilər də artıq bu mövzuya girişiblər. Müdrik görkəm alıb, insan, ailə, həyat haqqında “qızıl xırdalamaqla” kifayətlənə bilmirlər, keçiblər dünyanın taleyinə…

Amma bu Rusiya mövzusu mənim üçün təkcə xarici ölkə mövzusu və ya geopolitika məsələsi deyil. Rusiya aid olduğumuz yaxın keçmişi bölüşən region üçün az qala daxili məsələdir. Hətta siyasi xarakteri Rusiyadakı kimi avtoritar olan bütün ölkələr üçün Rusiyanın durumu əhəmiyyət kəsb edir.

Ukraynaya təcavüzdən və Krımın ilhaqından sonra Rusiya Qərbin açıq sərtliyi ilə üzləşib. Maliyyə və digər iqtisadi sanksiyalar öz təsirini göstərir. Maliyyə bazarı böyük enmələr yaşadı, iri şirkətlər itkilər verməkdə davam edir, rublun məzənnəsi isə ölməkdədir. Neftin ucuzlaşması da daha bir zərbədir. Rusiyada sıxıntı artıq məişət səviyyəsində hiss edilir. Hamı Putin rejiminin, avtoritar Rusiyanın çökəcəyindən danışır. Rusiyanın özündən də artıq “etiraflar” gəlir…

Bu ölkənin sərvət dağarcığı olduğu hamıya bəllidir, odur ki, zəngin resurslarının olduğuna görə onun ağırlıqlara uzun müddət dözəcəyini deyənlər də var. Bu cür düşünənlər hesab edir ki, üstəlik, Putin geopolitik qələbə və yeni SSRI hegemonluğu yaşatması ilə qəlbləri ələ keçirdiyi üçün rus xalqı daxili sıxıntılara dözümlü olacaq.

Təbliğat manipulyasiyası və qorxu öz sözünü deyə bilər. Amma elə dəyərlər və həqiqətlər, elə pisliklər və yaxşılıqlar var ki, heç bir cəmiyyət ondan birdəfəlik imtina etməz. Bundan biri də ədalətli cəmiyyət arzusudur. Ruslar bu məqsədlə ataları Çarı yıxmış bir xalqdır. 

Buyurun, siz də baxın, bu günlərdə sosial şəbəkələrdə rusların keçirdiyi kiçik bir rəy sorğusuna rast gəldim. Mövzu SSRI idi, sual isə onun ədaləti ilə bağlı idi. Sual verilirdi ki, SSRI-də onun ədalət prinsipi olan “Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə” meyarı gözlənilirdimi?

Cavablar belə idi:

1) Bəli, gözlənilirdi – 29%

2) Bəzən gözlənilirdi – 22%

3) Gözlənilmirdi – 37 %

4) Cavab verməyə çətinlik çəkənlər – 6%

5) Başqa cavablar – 6%

Sorğunun nəticələri göstərir ki, Putinin təbliğat maşını və qorxu siyasəti nə qədər işləsə də Rusiya yenə də ədalət istəyir, hətta SSRI-dən də. 2-ci və 3-cü cavablar birlikdə 59 faiz deməkdir, bu da SSRI-ni ədalətli sayanlardan 2 dəfə çoxdur. Üstəlik, SSRI-dən fərqli olaraq, Putin Rusiyasına “Ədalət gözlənilir” deyəcək 30 faiz də yoxdur. Daxili iqtisadi və sosial sarsıntılar üzünü göstərdikdə, yaxud qarşıdakı hər hansı uyğun bir dönəmdə ədalət istəyənlər rejimi rədd edəcəklər. Yəni Putini və Rusiyadakı avtoritar rejimi ölkəni ağuşuna alan ədalətsizlik çökdürəcək. 

Ukraynaya hücum, Qərbin sanksiyaları, rublun məzənnəsinin ölməsi vəsilədir və vəsilə olacaq, amma ölkənin haqsızlıq, oğurluq bataqlığına çevrilməsi rejimi çökdürə biləcək başlıca səbəbdir. Xarici siyasətindəki ədalətsizlik onu sıxacaq, daxilindəki ədalətsizlik isə onun haqsız rejimini çökdürəcək.