
Osman Kazımov: «Hikmət Hacızadə Arif Hacılı ilə görüşdən çıxdı, nə baş verdisə, fikrini dəyişdi…»
Müsavat Partiyasından Hikmət Hacızadənin istefasından sonra vəziyyət daha da gərginləşib. Belə bir məqamda yeni rəhbərliyindən narazıların yeni partiya yaratmaq istədiyi barədə məlumatlar yayılır. Müsavatdan uzaqlaşdırılan, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy da bu barədə yayılan xəbərləri təkzib etməyib. Əksinə, bu istiqamətdə müzakirələrin getdiyini təsdiqləyib.
“Bu həftə sonu müzakirələri tam bitiririk, gələn həftə qərarımızı bildirəcəyik. Müxtəlif təkliflər var və təkliflərə keçid dövrü üçün ictimai birlik, partiya yaratmaq daxildir. Biz fraksiya məsələsini qoyurduq, ancaq bizim Müsavat Partiyasını işğal edən dəstə ilə bir yerdə olmağımız mümkün deyil. Ona görə də növbədənkənar qurultay məsələsini də müzakirə edirik. Bu variantların hər biri müzakirə olunur”, – deyə Səxavət Əlisoy “trend”ə açıqlamasında bildirib.
Onun fikrincə, hər şey yenidən başlamalı, obyektiv qurultay keçirilməlidir: “Lakin bu da bu partiyanı işğal edən qaragüruh dəstə ilə mümkün deyil. Onlar Müsavat Partiyasında saxtakar imici yaradıblar. Artıq bunların kimisə saxtakarlıqda ittiham etməyə haqqı yoxdur”.
Səxavət Əlisoyun sözlərinə görə, obyektiv qurultay keçirilsə, Arif Hacılı 10-15 faizdən yuxarı səs toplaya bilməz.
“Meydanı boş buraxmaq niyyətində deyilik”
Başqanlığa digər keçmiş namizəd Tural Abbaslı yeni partiya yaradılmasıyla bağlı məsələyə belə münasibət bildirib: “Əgər Səxavət Əlisoy partiya yaratmağı düşünürsə, ona ancaq uğurlar diləyə bilərəm. Ancaq mənim hər hansı bir partiya yaratmaq kimi fikrim yoxdur. Biz Müsavat Partiyasının daxilində fəaliyyətimizi davam etdirəcəyik. Çünki Müsavatın bu gücə malik olmasında bizim də əməyimiz böyükdür. Biz bu fəaliyyətimizdən imtina etmək, meydanı boş buraxmaq niyyətində deyilik. Bu baxımdan, bir daha qeyd edirəm ki, bizim partiya yaratmaq kimi fikirmiz yoxdur”.
“Qubad İbadoğlu və tərəfdarlarının fikri partiyanın nüfuzuna xələl gətirir”
Müsavat Divanının üzvü Vəfa Cümşüdlü isə partiyada yaşananlara görə başqanlığa keçmiş namizəd Qubad Ibadoğlu və onu dəstəkləyənləri günahlandırıb. O, APA-ya açıqlamasında deyib ki, Qubad Ibadoğlu və onu dəstəkləyən bəzi şəxslərin fikirləri Müsavatın nüfuzuna xələl gətirir.
Vəfa Cümşüdlü partiyanın sabiq başqanı Isa Qəmbərin Müsavatdakı prosesləri hakimiyyətlə partiyanın savaşı kimi qiymətləndirməsinə münasibət bildirib. Onun sözlərinə görə, Isa Qəmbər Məclisin toplantısında da Qubad Ibadoğlu və onu dəstəkləyən bəzi şəxslərin mətbuatda, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən fikirlərinə münasibət bildirib və hər kəsi baş verənlərdən nəticə çıxarmağa səsləsə də, qarşı tərəf qurultay məsələsini daim gündəmdə saxlamaqda maraqlıdır: “Sözsüz ki, bu da partiyanın nüfuzuna xələl gətirir və cəmiyyətdə birmənalı qarşılanmır. Odur ki, Isa Qəmbər baş verənlərə münasibətini bir cümlə ilə ifadə etdi. Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin bizə əmanətidir və onun məsuliyyətini hər bir müsavatçı dərk etməlidir”.
V.Cümşüdlü Müsavatı Isa Qəmbərin idarə etməsi barədə deyilən fikirləri isə absurd adlandırıb: “Partiyanı Isa Qəmbərin idarə etməsi barədə fikrə gəldikdə, bunlar kökündən yanlış məlumatdır. Isa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib. Partiyanın başqanı, Divanı və Məclisində təmsil olunanlar mübarizə yolunu keçmiş, siyasi təcrübəsi və təşkilatçılıq qabiliyyəti olan insanlardır”.
“Onu öyrədib göndərmişdilər”
Müsavat Divanının başqa bir üzvü Nemət Kərimli partiyanın Binəqədi rayon təşkilatının Şura üzvü Arif Əzizzadə ilə aralarında insident olduğunu təsdiqləyib. O, “AzNews.az”a açıqlamasında bildirib ki, qarşıdurmada ilk addım Arif Əzizzadə tərəfindən atılıb: “Bu adam şər və böhtançıdır. Ilk addımı o atdı, mən də rekaksiya verdim. O da məndən şikayət edib. Yazdıqları şərdir. Mən də öz növbəmdə Mərkəzi-Nəzarət Təftiş Komissiyasına müraciət etdim”.
Nemət Kərimli deyir ki, Arif Əzizzadə təxribatla məşğuldur: “Onu öyrədib göndərmişdilər”.
“Vurğun Əyyub heç kimi tanımadığını bəyan edir, amma…”
Müsavat Divanının digər üzvü Osman Kazımov hesab edir ki, hazırda partiyada baş verənlər düşünülmüş planın tərkib hissəsidir: “Hesab edirəm ki, bu ardıcıllıqla həyata keçirilən bir plandır. Məsələn, hörmətli Qubad Ibadoğluna qurultaydan dərhal sonra Məclis sədrliyi təklif edildi, ancaq imtina etdi. Sonra görüşə dəvət edilir, imtina edir. Müsavatda qalıb fəaliyyət göstərəcəyini bəyan edir, amma tərəfdarlarının istefa verməsinin qarşısını almaq üçün tədbir görmür. Əgər hörmətli Qubad bəy fikirlərində səmimidirsə, tərəfdarlarının Müsavatda qalmasında maraqlı olmalıdır”.
Osman Kazımov onu da əlavə edib ki, Hikmət Hacızadə Müsavat partiyasının başqanı Arif Hacılı ilə görüşüb və tərəfləri barışdırmaq üçün təminat alıb: “Görüşdən çıxır və nə baş verirsə, fikrini dəyişir. Arif Hacılı Qubad Ibadoğlunu görüşə dəvət edir. Qubad bəy müxtəlif bəhanələrlə imtina edir. Vurğun Əyyub heç kimi tanımadığını bəyan edir və Müsavat üzvü olaraq qaldığını deyərək Qubad bəyin növbəti qurultay çağırışını dəstəkləyir. Uzun müddətdir ki, Müsavat partiyasına gəlməyən, əlaqə saxlamayan hörmətli Nəsib Nəsibli ortalıqda peyda olur və istefa verir. Barışıq cəhdləri qəbul edilmir. Qurultayda heç bir pozuntu olmadığı halda, uydurma pozuntulardan danışılır. Və nizamnaməyə zidd fəaliyyət davam etdirilir, təşəbbüs qurupu yaradılır. Yəni, planlı bir fəaliyyət sərgilənir”.
“Müsavatda şikayətlərə Məzahir Pənahov tərzində baxıldı”
Başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli “facebook” səhifəsində məlumat yayıb ki, Hikmət Hacızadə partiyadan istefası ilə bağlı rəsmi ərizə yazmayıb. Onun sözlərinə görə, Hikmət Hacızadə istefa ilə bağlı rəsmi müraciət edərsə, o, ərizəni cırıb tullayacaqlar:
“Sadəcə olaraq, Hikmət Hacızadə sosial şəbəkədə paylaşdığı istefa bəyanatını əsəbi vaxtında qələmə alıb. Buna görə də onu getməyə qoymayacağıq. Hikmət Hacızadə 23 noyabr tarixində partiyamızın qərargahında keçirilən Ümumrespublika Müşavirəsində iştirak edib, bizim ”qabırğamıza döşəyəcək”.

Lakin Hikmət Hacızadə isə istefa verdiyini bir daha vurğulayaraq, bunun səbəblərini göstərib: “157 dəfə yazmışam. Qurultay keçirilib və kiminsə şikayəti varsa, ona baxılmalıdır. Şikayət etdilər – heç biri qəbul olunmadı, hamısı Məzahir Pənahov stilində rədd edildi. Aydındırmı indi? Sonra da başladılar narazıları partiyadan çıxarmağa. Budur səbəb”.
Hikmət Hacızadə müşavirəyə dəvət edilməsinə isə nəzmlə cavab verib:
“Dostun xahişini dost yerə salmaz,
Həmişə əlində iqtidar olmaz.
Bu vəfasız dünyaya bel bağlama çox,
Gedər bu gözəllik sənə də qalmaz”.
“İsa Qəmbər azad, ədalətli, demokratik seçki vəd etmişdi”
Müsavat başqanın keçmiş müşaviri Hüseyn Məlik də “facebook” səhifəsində Isa Qəmbəri tənqid edib: “Müsavat Partiyasının eks başqanı Isa Qəmbər müsavatçılara qurultayda azad, ədalətli, demokratik seçki vəd etmişdi. Lakin bu baş vermədi. Demokratik düşüncəli müsavatçılar seçkinin azad və ədalətli olmadığını dilə gətirdikləri zaman Isa Qəmbərin dostlarına qarşı bir nifrəti, kini yarandığı açıq hiss olunmaqdadır. Özünün yanlışlığını nəzərə almayan eks başqan əsəbi halda yaxın dostlarına qarşı hikkə göstərməkdədir. Məncə, çıxış yolu yanlışlıqları etiraf etmək, hikkəni kənara qoymaq , hikkəsiz çıxış yolları aramaq lazımdır. Dostlardan küsmək, ”mənim istədiyimi istəmədilər” deyə onlara hikkə göstərmək, növbəti yanlışlıqlarla nəticələnəcəkdir”.


