Hakimiyyət ABŞ-ın səfir təyinatından narahat olub

Rəsmi Bakı yüksək səviyyəli ABŞ rəsmisinin Bakı gəlişini niyə arzulayır

ABŞ-la Azərbaycan arasındakı münasibətlərdəki gərginlik zaman keçdikcə daha da güclənir. Bu gərginliyi yaradan səbəblər isə ABŞ-dan gələn demokratiya, insan haqları ilə bağlı çağrışlara müvafiq reaksiya verilməməsidir.  Amma bununla belə iki ölkə arasındakı münasibətlərdə maraqlı bir cəhət də diqqətə çarpır. Söhbət münasibətlərin gərgin olmasına rəğmən Azərbaycanın ABŞ-la əlaqələri normalaşdırmağa çalışmasından gedir. Bir neçə gün öncə dövlət informasiya agentliyi olan «AzərTac»ın ABŞ konqresmeni Mayk Doylun Azərbaycanla bağlı Obmaya müraciət etməsi barədə xəbər verməsi bu baxımdan təsadüfi qiymətləndirilməməlidir. Konqresmenin müraciətinin dövlət agentliyi tərəfindən verilməsi bu addımın hakimiyyətin təşəbbüsü ilə atıldığını deməyə əsas verir. ABŞ Konqresinin daha bir üzvü Mayk Doyl Prezident Barak Obamaya Azərbaycanla bağlı məktubla müraciət edib. Konqresmen məktubunda Azərbaycana ardıcıl dəstək verilməsinin əhəmiyyətini vurğulayıb. Maraqlıdır ki, konqresmen ABŞ-la Azərbaycanın münasibətlərinin normallaşdırılmasının vacib olduğunu vurğulamasının fonunda demokratiya və insan haqları ilə bağlı məsələlərin üzərindən sükutla keçib. Əsas diqqət isə Azərbaycanın regiondakı əhəmiyyətinə yönəldilməyə çalışılır.

Eyni zamanda ABŞ-a yönələn mesajlar da bu ölkədən Azərbaycana yüksək səviyyəli nümayəndə heyətinin dəvət olunması, səfir təyinatının tezliklə reallaşdırılması xahiş edilir. Azərbaycan hakimiyyətinin bu cür siyasət yürütməsinə səbəb nədir?

Fuad Qəhrəmanlı: «Hakimiyyətdə hesab edirlər ki, ABŞ-la münasibətlərin gərgin olması yaxşı perspektiv vəd etmir»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, konqresmenin müraciəti aydın məslədir ki, lobbi fəaliyyətinin nəticəsidir. Çünki müraciət də daha çox Azərbaycanın dəstəklənməsi istiqamətinə yönəlib. F.Qəhrəmanlının qənaətincə, Azərbaycan-ABŞ münasibətlərinin gərgin olduğu bir zamanda bu təzadlı görünə bilər. Amma Azərbaycan tərəfinin atdığı addımların konkret məqsədi var: «Bir tərəfdən ABŞ-la Azərbaycan arasındakı münasibətlərdə soyuqluq davam edir, digər tərəfdən də Azərbaycan lobbist qruplar tərəfindən cəhdlər edilir ki, bu münasibətlərin daha da gərginləşməsinin qarşısı alınsın. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Amerikadan gələn demokratiya çağrışlarına Azərbaycan hakimiyyəti əməl etməkdə maraqlı deyil. Ona görə də bu tələblərə sərt ritorika ilə cavab verdiyindən, onlar nəzərə alınmadığından münasibətlər gərginləşib. Amma digər bir tərəfdən hakimiyyətdə hesab edirlər və ondan narahatdırlar ki, ABŞ-la münasibətlərin gərgin olması hakimiyyət üçün yaxşı perspektiv vəd etmir. Münasibətlərin daha da gərginləşməsi hakimiyyətə müəyyən risklər, təhdidlər yaradır. Həmin bu təhdidlərin qarşısını almaq üçün hakimiyyət demokartiya çağrışlarını bir kənara qoyaraq münasibətlərin normallaşmasında maraqlıdır. Ona görə də konqresmenlərin müraciətindən də görünür ki, Azərbaycanın rolu və digər məsələlər önə çkilir. Hakimiyyət istəyir ki, Azərbaycanla ABŞ münasibətləri əvvəllər olduğu kimi enerji və təhlükəsizlik maraqları üzərində qurulsun və ölkədə gedən demokratik proseslərə diqqət yetirilməsin».

Belə bir münasibətin təqribən ABŞ-la ərəb ölkələri arasında mövcud olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan hökuməti eyni münasibətin Azərbaycanla ABŞ hökuməti arasında qurulmasında maraqlıdır. Elə lobbist fəaliyyət də demokratiya tələbinin kənara qoyularaq münasibətlərin normallaşdırılmasına çalışır: «Amma eyni zamanda Azərbaycanın demokratiya və insan haqlarına münasibətdə mövqeyi dəyişmədiyinə, insan haqları və demokratiya məsələsininölkəmizə münasibətdə artıq bir prioritet kimi nəzərə alındığına görə hakimiyyətin bu səyləri fayda verməyəcək. Əslində Azərbaycana yüksək səviyyədə nümayyəndə heyətinin göndərilməsi istəyi onunla bağlıdır ki, bu heyət ilə Azərbaycan hakimiyyəti enerji və təhlükəsizlik maraqları istiqamətində müzakirələr arasın. Bununla çalışsın ki, münasibətlər normalaşsın. Bütün hallarda Azərbaycan hakimiyyətinin marağı demokratiya və insan haqlarının üzərindən keçilməsiylə bağlıdır».

Xəyal