«Ukraynada baş verənlər bizi çox narahat edir»
Dünyada gedən demokratikləşmə prosesi və bu prosesin prioritet sayılması Azərbaycan hakimiyyətini narahat edir. Ona görə də bütün vasitələrlə demokratik ittifaqlardan, insan haqlarına hörmət tələb edən sazişlərdən kənar qaçırlar və bacardıqca bu sazişləri gözdən salmağa çalışırlar. Təbii ki, avtoritar bir sistem üçün, demokratiya əjdaha cildində görünür.
Belə məqamlarda hakimiyətin ən sevidiy söz “ikilistandartlar” ifadəsidir. Guya, bütün dünya bunlardan demokratiya tələb edərkən, ikilistandartlardan çıxış edirlər. Hakimiyyətin demokratiyadan qaçış üçün istifadə etdiyi bütün arqumentlər artıq effektivliyini itirib. Sadəcə olaraq ətrafda baş verənlər və Ukrayna məsələsinə dünyanın diqqəti hakimiyyəti narahat edir və eyni arqumentləri təkralamaqdan başqa çarə qalmır.
PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusundaÿçıxış edərkən, imkan tapıb Avropa Birliyini də tənqid edib: “Dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı. Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı. Ukraynada Yanukoviç bir qədər vaxt istəyirdi, Ukraynada nələr baş verdi? Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu, bizim hüququmuzdur”- deyə Novruz Məmmədov bildirib.
Göründüyü kimi, Qərbin Ukraynaya sona qədər dəstək verməsi və demokratikləşmə məsələsinə prinsipial yanaşması Novruz Məmmədovu da narazı salıb. Əvvəla qeyd edək ki, Ermənistanın hansı seçimi edəcəyi heç kimə sirr deyildi. Çünki, bu ölkə bütün mənalarda Rusiyaya məxsusdur. Vaxt məsələsinə gəlincə, Azərbaycan hakimiyyəti də prinsipial məqamlarda həmişə vaxtı uzatmağa çalışıb. Hətta, Avropa Komissiyasının prezidenti Barrozo Bakıya səfər edərkən Azərbaycanla Avropa Birliyi arasında “Assosiasiya Sazişi” imzalanması müzakirə olunmuşdu. O zaman hakimiyyət bundan imtina etmədi və ilk növbədə strateji əməkdaşlıq sazişi imzalanmasını irəli sürdü. Təbii ki, bu addım “Assosiasiya Sazişi”ni imzalamamaq və müəyyən qədər vaxt udmaq üçün idi. O zaman Ilham Əliyevin bəhanəsini əlindən almaq üçün bu sazişin imzalanmasına razılıq verildi. Ancaq, müxtəlif yetkililər dəfələrlə bəyan edib ki, əməkdaşlığın əsas prioriteti “Assosiasiya Sazişi”nin imzalanmasıdır. Qeyd edək ki, “Assosiasiya Sazişi”nin imzalanması demokratiya və insan haqları məsələsində öhdəlik yaratdığı üçün hakimiyyət bundan qaçır.
Indi, Novruz Məmmədov Avropa Birliyini Ukraynaya vaxt verməməkdə qınayır. Çünki, Azərbaycan hakimiyyəti də uzun illər boyu öhdəliklərə əməl etməyib, verilən vədlərə xilaf çıxıb. Azərbaycan “Şərq Tərəfdaşlığı”na daxildir və Qərb Ukraynaya münasibəti ilə göstərdi ki, bura daxil olan ölkələrin demokratikləşməsi əsas məqsəddir.
Indi, qarşıdan Riqa sammiti gəlir və “Assosiasiya Sazişi” yenidən gündəmə gələcək. Hakimiyyət də bilir ki, manevr imkanları tükənib və bu dəfə daha sərt münasibətlə üzləşəcək. Ukrayna məsələsində Rusiya ilə üz-üzə gəlməyi qərara alan Qərb üçün Azərbaycan məsələsində qətiyyətli addım atmaq çətin deyil.
Bütün bunları nəzərə alaraq, Azərbaycan hakimiyyəti Avropa Birliyini aşağılamağa və bəzi ölkələrlə fərdi əməkdaşlığa üstünlük verir.
Görünür, bu siyasətin də uğur gətirməyəcəyini anlayırlar və Azərbaycanın demokratikləşmə ehtimalı PA rəsmisini təlaşlanıdırır.
Akif



