Əliyevin Macarıstan səfərinə kəskin reaksiya

Macar telekanalı Əliyevi Azərbaycandakı repressiyalara dair verilişlə qarşılayıb

Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Macarıstana səfəri, bu ölkənin jurnalistlərilə yanaşı, hətta qonşu Avstriya mediasının da diqqətindən yayınmayıb. Əliyevin səfərinə bu cür diqqət isə təsadüfi deyil. Məsələ burasındadır ki, Avropa Birliyinin üzvü olan Macarıstanda hazırkı baş nazir Viktor Orbanın səyləri nəticəsində demokratik dəyərlərdən ciddi şəkildə geriləmə müşahidə olunur.

Bu üzdən də bir müddət əvvəl Qərb mətbuatı demokratiyanın acınacaqlı durumuna görə Macarıstanı Azərbaycanla müqayisə etmişdi. Iş o həddə çatıb ki, ABŞ-Macarıstan münasibətlərində də ciddi gərginlik yaranıb. Vaşinqton Macarıstanın baş naziri Orbana yaxın olan bir neçə şəxsi korrupsiya ittihamına görə “qara siyahıya” salıb. Həmin adamların ABŞ-a səfərinə qadağa qoyulub.

Son günlərdə ölkənin paytaxtı Budapeştlə yanaşı, Macarıstanın digər şəhərlərində də hökumətin sosial-iqtisadi siyasətinə etiraz olaraq, aksiyalar keçirilir. Etirazçılar Orban hökumətini korrupsiyada ittiham edir.

Belə bir ərəfədə Ilham Əliyevin Macarıstana üçüncü səfərini, baş nazir Orbanın onunla yaxın münasibətlərini təsadüfi hadisə saymır. “Der Standard” qəzeti bu mövzuda yayımladığı məqalədə Azərbaycandakı vəziyyətdən də bəhs edir. Qeyd olunur ki, Şimali Koreyada olduğu kimi, Azərbaycanda da hakimiyyət atadan oğula ötürülüb. Həmçinin xatırladılır ki, Ilham Əliyev 2009-cu ildə Konstitusiyaya dəyişiklik edərək, bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağanı aradan qaldırıb və bununla da hakimiyyətini əbədiləşdirmək imkanı əldə edib.

“Der Standard” həmçinin Azərbaycanı dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri kimi təqdim edir. Macar baş nazirin ata və oğul Əliyevin “güclü dövlət modelini” tərifləməsi də avstriyalı jurnalistlərin diqqətindən yayınmayıb. Orbanın bu fikirləri onun və Əliyevlərin idarəçiliyi arasındakı bənzərliklə əlaqələndirilib.

Məqalədə o da qeyd olunur ki, Macarıstanın RTL telekanalı Ilham Əliyevin səfəri zamanı Azərbaycandakı repressiyalar, mətbuat üzərində senzura və bu ölkədə Əliyevlərə pərəstiş haqda material yayımlayıb. 

Informasiya şöbəsi