İçi özünü, çolü özgəsini yandıran adam…
Dialoq… Bu soz-söhbət: nə az, nə çox düz iyirmi il bundan qabaq , daha doğrusu, mərhum Heydər Əliyevin Pənah Hüseynlə üç saatlıq görüşündən sonra başlayıb: ta o vaxtan bu vaxta qədər davam edir… Daxili siyasi mübarizənin ritminə uyğun olaraq zaman- zaman gündəmə gəlir və gedir. Amma o vaxt iqtidar müxalifət dialoqunun əsası necə qoyulubsa indiyə qədər münasibətlər düzəlmir ki, düzəlmir. Niyə? Çünki zahiri gözəl olan bu sözün batini çirkindir; nədən ki, dialoq sözünün yozumu, və mənası, daha doğrusu, siyasi-diplomatik dildən loru dilə tərcüməsi BAZARlıq deməkdir. Təbii ki, söhbət tələb və təklif əsasında formalaşan iqtisadi bazardan deyil, siyasi bazardan gedir. Hər iki bazarın yazılmış qanunları və yazılmamış qaydaları var: sadəcə bu qaydalara və qanunlara uyğun olaraq bazarların birində pul-para xərclənir, digərində isə insanın özü xərclənir, daha doğrusu dəyərlər, prinsiplər, mənəviyyat və şəxsiyyət xırdalanır… Bu iyirmi ildə, gözümüzün qabağında, bu BAZARDA neçə-neçə adamlar xərclənib xırdalandı … Kimlər gəldi, kimlər getdi, İlahi?! Bəyin təbirincə desək bir zamanlar əliyalın tankın qabağında dayananlar indi bu zəhrimar göy əskinazın qabağında dayana bilmədilər…Təəssüf, min təəssüf! Uzun illərin yol yoldaşı olduğum, gizli fəaliyyətdən açıq mübarizəyədək birgə bir düşərgədə, hətta bir səngərdə omuz-omuza vuruşduğum bir arkadaşın səmimi etiraflarını eşidəndə üzüldüm, çox üzüldüm, hələ də üzgünəm: adamın hər şeyi var, həm də heç nəyi yoxdur. İlahi həyatımda ilk dəfə daxildən sınıb: içi özünü, çölü özgəsini yandıran adam gördüm.
Dialoq hardan, türklər demiş, nərədən çıxdı…
Ramiz Mehdiyevin Dövlət İdarəçiliyi Akedemiyasıdakı yubiley çıxışı mətbuatda, xüsusilə də, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi və müxtəlif fikirlərə yol açdı; ictimai rəydə həm rəğbət, həm də etiraz doğurdu. Bunun iki səbəbi var: əvvəla cəmiyyət hələ də ümid içində hakimiyyətdən hər hansısa bir dəyişiklik gözləyir, çünki mövcüd durum çox həssaslaşıb, hətta o qədər kövrəkləşib ki, hər an partlaya bilər. İkinci, Ramiz Mehdiyev sıradan bir məmur deyil, hakimiyyətin rəsmən dördüncü, felən isə ikinci adamıdır, ona görə də dediyi hər bir söz diqqət kəsb edir və maraq doğurur. Deyilənə görə, hakimiyyətin siyasətini üç adam müəyyənləşdirir, onlardan biri də cənab Mehdiyevdir. Ona görə də geniş müzakirələrə səbəb olan bu çıxışdan uzaqgedən nəticələr çıxarırlar; guya bunu iqtidar-müxalifət dialoqunun başlanğıcı kimi, yeni siyasi kursun demokratik açılımın anonsu olaraq təqdim edirlər. Artıq bu istiqamətdə təbliğat kampaniyası başlayıb: iqtidar mətbuatı çıxışın mətnini bütövlükdə hakimiyyətin “Mənəviyyat manifesti” Ramiz Mehdiyevi isə “mənəviyyat mücahidi” adlandırıb. “Azərbaycan” qəzeti bu sözü hansı mənada işlədib deyə bilmərəm. Amma onu deyə bilərəm ki…
Cənab Mehdiyev sözün həqiqi mənasında mücahidlik edib…
Hakimiyyətin 21 illik siyasətinin, xüsusilə “neft strategiyasının” özünü doğrultmadığını açıq şəkildə olmasa da, dolayısı ilə ifadə edib. Etiraf edib ki, neft kapitalını insan kapitalına çevirmək əvəzinə xalqı zombiləşdirib, bütövlükdə kütləyə çevirdik: inkişaf etməyə formalaşmağa qoymadıq… Məsələn, əsrin əvvəlində poçt qutusunu qucaqlayıb buraxmayan, ağasının məktubunu qorumaqdan ötrü xidmətçini al-qana bulayan Novruzəli əsrin sonunda başqa qiyafədə, başqa geyimdə, başqa görkəmdə Məmmədqulu müəllimin timsalında zühur edib eyni formada seçki qutusunu qucaqlayıb ağasının səsini qorumaq üçün rəqibləri al-qana bulayır… Və ya əlindəki zopası ilə əyalət küçələrində meydan sulayan Xudayar bəy indi “çakır” ləqəbli Süleymanın timsalında zühur edib eyni əda ilə əlindəki dubinkanı oynada-oynada Bakının küçələrində meydan sulayır. Ramiz müəllim etiraf edir ki, dünya dəyişir, inkişaf edir, bu dinamikanın ritminə uyğun olaraq yeni düzən yaranır və yeni insan kapitalı formalaşır, amma biz dəyişmirik nə irəli,nə geri gedirik: eləcə yerimizdə sayırıq. Yoldaş Brejnev demiş “ şiroka şaqaet Azerbajan” Qüsura baxmayın, bunlar çənab Ramiz Mehdiyevin dolayısı ilə dedikləri idi, sadəcə mən qulluğunuza ərz etdim.İndi buyurub birbaşa özünün dediklərini öz dilindən eçidin və oxuyun:
“Bəzən böyük ağrı və mənəvi iztirabla özüm –özümə sual verirəm: yəni bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Olub, Ramiz müəllim, nəinki, özləri, hətta davamçıları da olub… Biri özünün dediyi kimi “it günündə” yaşaıb uzun sürən xəstəlikdən dünyasını dəyişdi. Allah Baba Pünhana rəhmət etsin. Birinin də çibinə narkotik atıb tutdular, “srokunu”çəkib çıxdı: indi mühacir həyatı yaşayır, Allah salamat etsin. Hətta “Molla Nəsrəddin”də olub, Ramiz müəllim, amma jurnal kimi yox, qəzet şəklində olub:”ÇEŞMƏ”…Yəqin xatırladınız, redaktoru başda olmaqla qəzetin dörd əməkdaşını həbs etdib zindana saldılar, çıxından sonra da baş götürüb məmləkətdən getdilər. Nə isə… Allah şeytana lənət etsin.
Qayıdaq mətləbə…
Ramiz müəllimin bu çıxışından İlhamlanan dörd partiya ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək ücün Prezident Aparatına müraciət, daha doğrusu DİALOQ təklif edib. Insafən, hakimiyyət məmləkətin sayılıb-seçilən bu dörd müxalif partiyasının gözləntisini intizarda çox saxlamayıb, elə həmən aparatın ictimai-siyasi şöbəsinin müdrü Əli Həsənovdan cavab gəlib ki:”Partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təklif olarsa , nəzərdən keçirməyə hazırıq.” Bəli, sosial tələbə uyğun olaraq təklif verilib və qəbul edilib, türkün sözü, dialoqun baş tutması üçün hər şey hazırdır. İştə, günün sualı budur: nəhayət iyirmi ildən sonra məhrum Heydər Əliyevlə Pənah Hüseyn tərəfindən əsası qoyulan DİALOQ bu gün Əli Həsənovla Pənah Hüseyn arasında baş tutacaqmı? Əvət baş tutacaq, çünki indiki məqamda DİALOQ hər iki tərəfə lazımdır: türkün sözü birinə hava kimi, birinə su kimi…Nədən ki, qarşıdan- 2015-ci ildə Avromeydan hərəkatına təkan verə biləcək Riqa sammiti gəlir və üstəlik bazarlıq etmək üçün parlament seçkisi olacaq. Türkün sözü hər şey öz axarı ilə gedir: sadəcə, bizə dua etmək qalır… gəlin ellikcə əlimizi göyə qaldırıb o böyük Yaradandan bir diləkdə bulunaq ki, hakimiyyətin büz bağlamış qəlbinə bir az rəhm salsın. Ki Obamanın, Merkelin, Ollandın xahiş-minnətin qəbul etməyən hakimiyyət Pənah Hüseynin müraciətini qəbul edib, sözünü yerə salmasın və siyasi məhbusların qapısını açsın… Amin! Axı, Siyasi Partiyaların bu əməkdaşlıq mərkəzi məxsusi olarqa İntiqam Əliyevin, o cümlədən siyasi məhbusların hüquqlarının müdafiəsi adı altında yaradilıbdır.