Hakimiyyətin koordinasiyasız siyasəti

Bakıda tolerantlıq tədbiri keçirilən vaxt dindarlara qarşı işgəncə faktı necə ortaya çıxır?

Biz elə bir hakimiyyətin idarəetməsində yaşayırıq ki, bu hakimiyyətin mayası ziddiyyətlərdən, imitasiyalardan, yalanlardan yoğrulub. Hətta hakimiyyətdaxili məsələlərdə də inkarçılıq, bir-birinə zidd mövqelər “at oynadır”. Görürsən ki, bir qurum asfalt çəkir, digər qurum bu asfaltı söküb, altından su kəməri keçirir. 

Yaxud, müşahidə edirsən ki, bir hökumət təmsilçisi hansısa tarixi binanın önəmindən danışır, digər hökumət məmuru həmin binanı yerlə yeksan edib, yerində restoran tikir. Bir millət vəkili deyir ki, Jirinovski Azərbaycan xalqından üzr istəməlidir, digər millət vəkili Jirinovskinin tərifini göylərə qaldırır. Üstəlik, ölkə başçısı səviyyəsində bu adam hörmətli qonaq kimi qarşılanır. Bir qurum benzinin qiymətinin qalxacağını anons edir, o biri qurum qiymətlərin qalxmayacağına təminat verməyə çalışır.

Hətta, beynəlxalq bir qurumun insan haqları komitəsinin rəhbəri Bakıya gəlir, həmin gün də qondarma ittihamlarla həbs olunmuş insanların həbs müddəti artırılır. Belə faktlar yüzlərlədi və hamısı da bir-birindən absurd.

Amma belə ziddiyyətlər yalnız hökumətin fəaliyyətində deyil, həm də siyasətində özünü göstərir. Son günlər baş verən bir hadisə də bunun bariz nümunəsinə çevrildi.

Belə ki, bugünlərdə Bakıda ilk dəfə “Dini tolerantlığın möhkəmləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident Ilham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Qafqaz Müsəlmanları Idarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tolerantlığın və multikultural mədəniyyətin hər bir dövləti gücləndirən, xalqı mütəşəkkilləşdirən və onun birliyini təmin edən amil olduğunu söyləyib. Şeyxülislam bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram yüksək səviyyədədir, tolerantlıq ənənələrinin tarixi qədimdir. Xalqımızın milli mənəvi və tarixi irsindən bəhrələnən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qurur mənbəyidir.

Bəli, bir tolerantlıq tədbirinin keçirildiyi vaxtda xəbər yayıldı ki, Bir qrup dindar – sələfi noyabrın 13-də saxlanılması və şəhər polis idarəsində zorakılığa məruz qalması ilə bağlı “Turan” agentliyinə müraciət edib. Saxlanılanlardan biri, Qarabağ müharibəsinin ikinci qrup əlili Zaur Mehdiyev bildirib ki, mülki geyimli şəxslər ona yaxınlaşaraq, polisə getməyi təklif ediblər. 

Orada əlini qandallayıblar və döyməyə başlayıblar. “Kürəyimdən, başımdan vururdular. Yaralandığımı və bədənimdə qəlpələr olduğunu dedim, onlar isə döyməyə davam edirdilər”, deyə Mehdiyev bildirib.

Ondan başqa daha 8 nəfər saxlanılıb, onları da döyüblər və alçaldıblar – şalvarlarını çıxarıblar, ağızlarına isə dəyənək soxublar.

“Bizi nəyə görə cəzalandırdıqlarını izah etməyiblər. Polisdə tələb etdikləri yeganə şey saqqalımızı qırxmaq idi”, deyə Mehdiyev bildirib. Digər dindar, Qarabağ müharibəsi əlili Vidadi Məhərrəmli bildirib ki, böyrəklərindən – döyüş yaraları olan yerlərindən vurublar.

“Başa düşmürük ki, bizi niyə döyüblər. Dövlət müharibə əlillərinin qayğısına qalır, maşın, mənzil verir, bu yaxınlarda məni Naftalan sanatoriyasında müalicəyə göndərmişdilər. Insanlara qarşı niyə belə davranırlar?”, deyə o bildirib.

Bu adamlar sələfi olsalar da, onların da özlərinə görə hüquqları var və bu adamların təhqir oolunması, döyülməsi, saqqallarının qırxılması bütün hüquqi normalara ziddir. Hətta, bu adamalrın hansısa cinayətləri aşkarlanıbsa belə, yenə də onların cəzasını məhkəmə verməlidir.

Göründüyü kimi, tolerantlıqla bağlı beynəlxalq konfrans keçirə-keçirə, eyni zamanda insanları təriqət seçiminə görə vəhşicəsinə döyürlər.

Bu nə ziddiyyətdir? Heç olmasa bu tədbirin keçirildiyi vaxt belə əməliyyatları həyata keçirib özünüzü ifşa etməyin.

Baş verənlərdən bu nəticəyə gəlmək olur ki, ya bu hökumət düşünmək qabiliyyətini tamam itirib, ya da hökumətin içində təxribatçı qüvvələr var və öz məqsədlərinə görə bu kimi hallara yol verirlər.

Istənilən halda, hökumətin bütün sahələrdəki siyasəti kimi, tolerantlıq siyasəti də iflasa uğrayır.