Comərt Qaya
Bu dəfə insanlarımızda olan polis qorxusundan, cəmiyyətimizi bürüyən polis xofundan yazacağam. Daha doğrusu, bu qorxunu, xofu törədən səbəblərin bir neçəsindən danışmaq istəyirəm. O səbəblərdən ki, biz onlara heç nə olmamış kimi baxır, adi hal kimi qəbul edirik. Sanki bu belə də olmalıymış.
Çoxlarınıza bu səbəblər məlumdur. Əgər birinci səbəb polisin kobudluğu, vəzifəsindən sui-istifadə edərək özbaşına davranmasıdırsa, ikinci səbəb vətəndaşın buna susması, etirazını bildirməməsidir. İkinci səbəb birinci olmalıdır əslində. Çünki bunda ən çox vətəndaş günahkardır. Niyə? – Niyəsi məlumdur. Vətəndaş polisin kobudluğu qarşısında mağmın-mağmın susarkən polis daha da azğınlaşır, daha da kobudlaşır. Hər hansı vətəndaşın qanunu pozması belə polisin onunla kobud davranmasına, onu təhqir etməsinə haqq vermir, bəraət qazandırmır. Məsələn, yol hərəkəti qaydasını pozmusansa, polis normal şəkildə sənə tətbiq olunan cəriməni yazmalıdır, daha səni təhqir edə-edə, “korsan” deyib ləyaqətini alçalda-alçalda yox. Əgər polis səninlə bu cür davranırsa, sən buna etirazını bildirməlisən. Hansısa qaydanı, qanunu pozmağın belə polisə etiraz etməmək üçün sənin əl-qolunu bağlamamalıdır.
Doğrusu, bunlar hamının bilməli olduğu adi şeylər olsa da, cəmiyyətimizdə çoxu bundan xəbərsizdir. Və bu məlumatsızlıq da insanlarımızda polis qorxusu yaradır.
Normalda polis qorxulu şey deyil. Amma normalda!
Bizdə isə vəziyyət bir az başqa cürdür. Bizdə polis özünü kobud aparır, mədəniyyətsiz davranır, vətəndaşa əl qaldırır və s. və s. Hansı ki, biz bunun dəfələrlə şahidi oluruq. Polis bütün bunları məqsədyönlü şəkildə edir — cəmiyyətdə qorxu yaymaq, xof yaratmaq üçün. Çünki bu onlara sərf edir — daha da özbaşına davranmaları, vətəndaşları incidib, qorxudub rüşvət almaları üçün. Şəxsən özüm dəfələrlə şahidi olmuşam, polislə üzbəüz gələndə yolunu dəyişən kim, çəkdiyi siqareti gizlədən kim, danışığını yarımçıq saxlayan kim. Saymaqla bitməz.
Şəhərimizdə müşahidə etdiyim bir mənzərə mənə çox maraqlı gəlib həmişə. Parkda əyləşib dincələrkən görürsən ki, həmyaşıd olduğum qızlar (və ya oğlanlar) deyə-gülə gəlib skamyaların birində əyləşir, şən söhbətlərinə davam edirlər. O vaxtacan ki, bir polis ya yaxınlıqdan keçə, ya da gəlib onlara yaxın skamyaların birində əyləşib istirahət etmək istəyə. O saat onlar söhbətlərini saxlayır, deyib-gülməklərini dayandırırlar. Hətta çox vaxt qalxıb gedənləri də görmüşəm. Sanki polis yox, kabus görüblər. Bəli, polis onlar üçün qorxulu kabusa çevrilib. Əlbəttə, burada o polisin günahı yoxdur. Amma…
Bu yaxınlarda dostlarımdan biri şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün Lənkəran ŞRPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə getmişdi. Danışırdı ki, bölmənin yerləşdiyi binanın həyətinə daxil olanda qapıda növbədə olan polislərdən biri onun üstünə “əllərini cibindən çıxart!” (?) deyə qışqırıb. Bunu mədəni şəkildə demək əvəzinə kobud şəkildə deyib. Dostum buna görə polisə etiraz edəndə həmin polis ona yaxınlaşıb? qolundan tutaraq zorla onun əllərini cibindən çıxartmağa cəhd edib.
Bundan daha betər polis kobudluğuna şahid olan bizlər üçün bu hadisə adidir, bilirəm. Amma uzun müddət xaricdə yaşayan dostum üçün bu hadisə vəhşilik, barbarlıq demək idi. Əslində, bu vəhşilikdir, bəli. Biz bu cür hadisələrə göz yuma-yuma onun adiləşməyinə, adiləşdirə-adiləşdirə də polisin daha da həddini aşmasına, mədəniyyətsiz davranmasına şərait yaratmışıq. Və buna görə də tez-tez polis qəddarlığına şahidlik etməkdəyik.
Bəli, günahı polisdə axtardığımız qədər özümüzdə də axtarmalıyıq və bəlkə də daha çox özümüzdə axtarmalıyıq.
Kobud, mədəniyyətsiz davranan polisdən mədəni davranmağı, nəzakətli olmağı tələb etmək lazımdır. Bir az qəribə səslənir, bilirəm. Çünki bu cür davranmağa illərdir adət etmiş birinin birdən-birə dəyişib nəzakətli, mədəni olması mümkün deyil . Ancaq bununla belə burada qəribə heç nə yoxdur. O polisin nəyə adət edib-etməməsi vətəndaşlarla aqressiv, nəzakətsiz davranmasına əsas vermir. Bu cür davranışla qarşılaşan vətəndaş buna etirazını bildirməli, polisdən nəzakətli olmağı tələb etməlidir. Vətəndaş onunla kobud davranılmasına, təhqir edilməsinə qətiyyən yol verməməlidir. Polisin birdən-birə dəyişməsi mümkün olmasa da, bu tədricən mümkündür. Əsas məsələ insanların belə hallara təpki göstərməsidir. Nəticə olacaq. Gec olacaq, amma olacaq. Çünki islah hər zaman mümkündür.


