Bu yazını yazmaqda məqsədim nə Əli Kərimliyə vəkillik etmək, nə də adamlara nəyisə inandırmaq deyil. Sadəcə olaraq, bütün “məsum”ların Əli Kərimlini hədəf alması, hamının ona “istinad” edərək özünü təsdiq etmək istəməsi bir neçə kəlmə yazmağa vadar etdi.
Cəbhəçi ailəsinə qoşulmadığım vaxtlarda da Əli Kərimli haqqında eşitmişdim. Eyni zamanda “müxalifət liderlərinin hamısı hökumətə işləyir” ifadəsi də qulağımı yağır edirdi.
Təbii ki, bütün bunlar zülmlə mübarizədən çəkinməyə, ədalətsizliyə göz yummağa bəraət qazadırmırdı və bu kimi arqumentlər bəhanə ola bilməzdi.
Ona görə də proseslərin mətbəxinə girməyə qərar verdim və bu mətbəxdə nələrin bişdiyini gözlərimlə görmək istədim.
İnsafən deyim ki, Əli Kərimlinin kimə işlədiyini dəqiqləşdirmək üçün hökumətin təbliğatı köməyimə çatdı. Bu gün də ən dəqiq nəticəni əldə etmək üçün hökumətin münasibətini analiz etmək yetərlidir.
Qeyd edim ki, yalançı və həqiqi müxalifəti fərqləndirmək üçün onların səsləndirdiyi fikirlərə diqqət etmək lazımdır. Yalançı müxalifət hökuməti yalnız tənqid edir. Həqiqi müxalifət isə tənqid etməklə işini yekunlaşdırmır, həm də hökuməti ifşa edir. Cəbhəçilər bütün mübarizə dövründə hökuməti ifşa ediblər və faktlarla silahlanıblar. Bu, təkcə özünütəsdiq üçün deyil, həm də “cib müxalifət”inin ifşa edilməsi üçün önəmlidir. Yəni, prinsipial və ardıcıl mübarizə həm sənin, həm də sənə qarşı olanların kimliyini üzə çıxarır. Həqiqətin gücü də məhz bundadır. İndi özünü müxalifət adlandıranlar da Əli Kərimliyə qarşı döyüşən dəstədə yer alıblar. Çünki Əli Kərimli onların çörəyinə bais olub. Bəli, masqası cırılmış “müxalifət” nə hökumətə, nə də xalqa lazımdır. Yeganə çıxış yolu AXCP-ni və onun liderini böhtan, təhqir atəşinə tutub, komandirdən ənam almağa qalıb.
Qayıdaq Əli Kərimlinin kimə işlədiyinə. Partiya sıralarına qoşulandan sonra Əli Kərimlinin tikilmiş cibindən qumbara çıxdığını, Əl-Qaidə, Hizbullahla iş birliyində olduğunu, Elçibəyi zəhərləyərək öldürdüyünü, xaricdən maliyyələşdiyini və digər xəbərləri eşidirdim.
Bəli, bu qədər qlobal miqyasda “cinayət” törətmiş adam, hələ də azadlıqda gəzir. Görünür, Əli Kərimli cinayətləri o qədər peşəkarlıqla həyata keçirir ki, hüquq mühafizə xidmətimiz “əl izi” tapa bilmir.
İndi Əli Kərimlinin “cinayət”lərini üzə çıxarmaq üçün sındırılmış “politoloq”lar, susdurulmuş “lider”lər, satılmış qəzetlər də prosesə cəlb olunub.
Təbii ki, Əli Kərimlinin fəaliyyətində zəhər də, qumbara da, maliyyələşmə də var.
Onun varlığı çoxlarının həyatını zəhərə çevirib. Onun varlığı çoxlarının ürəyini qumbara kimi partladır. Onun maliyyələşdiyi mənbə çoxlarını pərt vəziyyətə salıb.
Yəqin siz də eşitmisiniz, deyirlər, Əli Kərimlinin villaları, 10-larla cangüdəni, obyektləri, avtomobilləri var. Sonradan Əli Kərimlinin köhnə binadakı köhnə təmirli mənzilinə çox yolum düşdü. İndi də həmin mənzildə yaşayır.
Nə qalaq-qalaq pulları, nə cangüdənləri, nə də qoşa avtomobilləri gördüm. Deməli, bu adam uzun illər ərzində özünə işləyə bilməyib. Yəni, Əli Kərimlinin maddi olaraq bu illər ərzində sahib olduğuna tikintidə işləyən fəhlə də sahibdir.
Bəs bu adam kimə işləyir ki, deputat olmaq istəyən də, villa almaq arzusuna düşən də, hakimiyyəti əbədi zəbt edənlər də onu hədəf seçir. Sanki siyasətin bütün döngələri Əli Kərimlidən keçir. Hətta hakimiyyəti tənqid edə bilməyən yazarlar da onu tənqid etməklə cəsarətli olmağın həzzini yaşamağa çalışırlar.
Ümumi mənzərədən görünür ki, xalqdan və dövlətdən başqa hər yerə işləyənlər Əli Kərimliyə düşməndilər. Deməli, Əli Kərimli onların işləmədiyi yerə işlədiyinə görə “pis adam”dır.
Vicdanını “işdən çıxardan” adamlar, Əli Kərimliylə işləməyin mümükünsüzlüyünü dərk ediblər. Ona görə də, Əli Kərimliyə hər gün “iş” axtarırlar. Onun 20 ildən artıq müddətdə işlədiyi yer bu “məsum”kişilərin alverinə əngəl törədir.
Daxili azadlığınızdan maliyyələşin ki, Əli Kərimlinin işlədiyi yerə işləyə biləsiniz.