Rahim Hacıyev: «Norveçdə Azərbaycandakı siyasi məhbuslarla bağlı çox ciddi narahatlığın şahidi olduq»
Noyabrın 13-də Oslonun “Bristol” hotelində Andrey Saxarov Azadlıq Mükafatının təqdimat mərasimi keçirilib. Norveç Helsinki Komitəsinin təsis etdiyi mükafat bu il Azərbaycandakı siyasi məhbuslara verilib. Mərasimə Azərbaycandan siyasi məhbusların təmsilçiləri, QHT nümayəndələri qatılıb. Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil də mərasimdə iştirak edərək nitq söyləyib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev də dəvətlilər sırasında idi. Ötən gün ölkəyə qayıdan Rahim Hacıyev təqdimat mərasimi ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Bildiyiniz kimi Norveç Helsinki komitəsi bu il üçün nəzərdə tutlumuş ”Saxarov” mükafatını Azərbaycandakı siyasi məhbuslara verməyi qərara almışdı. Mükafatın təqdimat mərasimi noyabr ayının 13-nə nəzərdə tutulmuşdu. Bu münasibətlə bir qrup şəxs Azərbaycandan Norveçə dəvət edilmişdi. Dəvət olunanlar arasında bəzi siyasi məhbusların yaxınları da var idi. Biz Osloda olarkən Norveçdə Azərbaycandakı siyasi məhbuslarla bağlı çox ciddi narahatlığın şahidi olduq. Son aylarda aparılan repressiya prosesi nəinki Norveçdə, bütün Avropada böyük narahatlığa səbəb olmuşdu. Norveç Helsinki Komitəsi Azərbaycanda insan hüquqları və siyasi məhbus problemi ilə bağlı böyük narahatçılığın nümayişi olaraq bütün siyasi məhbusları bu mükafata layiq gördü. Bunda məqsəd dünyanın diqqətini Azərbaycanda mövcud olan siyasi məhbus parobleminə cəlb etməkdir. Mükafatın təqdimat mərasiminə Norveçin siyasi və ictimai elitasını təşkil edən xeyli sayda insan dəvət edilmişdi. Iştirak edən şəxslər içərisində Norveçin keçmiş baş naziri də var idi. Bu tədbirin təşkilində və keçirilməsində böyük səylər göstərmiş Norveç Helsinki Komitəsinə minnətdarlıq bildirməyi özümə borc bilirəm”.
Rahim Hacıyev qısa olaraq Norveç haqqında təəssüratlarını da bölüşdü: “Qısa müddət ərzində olmağımıza baxmayaraq, bu ölkə haqqında bir neçə kəlmə demək istərdim. Əhalisinin sayına nisbətdə dünyanın ən zəngin dövlətlərindən biri olan Norveçdə böyük sərvətin içində böyük sadəlik gördüm. Insanlar olduqca mədəni və çox sadədilər. Ölkənin neft fondunun vəsaitlərinin 1 tirlyon dollara çatmasına baxmayaraq, paytaxtda heç bir dəbdəbə görmədim. Bu ölkədə maliyyə vəsaitləri daşa-divara deyil, vətəndaşların rifahına xərclənir. Norveçdə qanun müqəddəslik səviyyəsinə qaldırılıb. Dövlət başçısından sadə vətəndaşa qədər hamı üçün qanuna əməl etmək başlıca borcdur”.
Akif


