Putinin düşmənlərinin birləşməsi nə vəd edir?

Vəfa Quluzadə: «Rusiya iqtisadiyyatı sanksiyalar qarşısında duruş gətirməzsə, ölkədə etiraz hərəkəti güclənəcəkdir»

Dünya bazarında neftin qiymətinin düşməsinin fonunda rublun məzənnəsi ilə bağlı baş verənlər Rusiyanı ağır duruma salıb. Ölkədə hər ötən gün Putinin yürütdüyü siyasətdən narazılıq artmaqdadır. Belə bir məqamda Rusiya demokratları biraraya gələrək mövcud idraəetməyə qarşı birgə mübarizə aparmağı qarşılarına məqsəd kimi qoyublar.

Müxalifət liderlərindən olan Boris Nemtsov öz facebook səhifəsində yazıb ki, ölkədə Çin və Avropa seçimi partiyaların olduğunu deyir: “Çinə meylli partiyaya Putin başçılıq edir. Ora Züqanov, Jirinovski, Mironov və digərləri daxildir. Bu, müharibə, beynəlxalq təcrid, repressiya, korrupisya və oğurluq partiyasıdır. Hazırda hakimiyyətdə olan bu partiya ölkəni Çinin xammal koloniyası dalanına aparır. Digər partiya isə Rusiyanın Avropa seçimi partiyasıdır. Ora Parnas, Yabloko, Inkişaf Partiya, Həmrəylik, 5 dekabr, Açıq Rusiya, Demokratik seçki və Dövlət Dumasının deputatı Dmitri Qudkov daxildir. Bu, demokratik müxalifətdir”. 

“Avropa koalisiyasının yaradılması Rusiyaya uğur və inkişaf şansı verir. Bu istiqamətdə çalışırıq”, – deyə müxalifət lideri qeyd edib.

Rusiya demokratlarının belə bir təşəbbüslə çıxış etməsi Rusiyaya nə vəd edir? Bir çox ekspertlər hesab edir ki, hadisələr bu istiqamətdə inkişaf edərsə, Rusiyada “Ukrayna inqilabının” təkrarı baş verə bilər. Milliyətçilik ruhu üzərində hakimiyyətini möhkəmləndirən Putin beynəlxalq aləmdən gələn sanksiyalar qarşısında mövqelərini itirməkdədir. 

Politoloq Vəfa Quluzadə hesab edir ki, demokratların irəli sürdüyü təşəbbüsün uğuru Rusiya iqtisadiyyatının beynəlxalq sanksyialara müqavimət göstərmək bacarığından asılıdır. V.Quluzadənin sözlərinə görə, əgər Rusiya iqtisadiyyatı sanksiyalar qarşısında duruş gətirə bilməzsə, o zaman bu ölkədə etiraz hərəkəti güclənəcəkdir: “Balotnıda küçələrə çıxan etirazçılar Putin siyasətinin ən uğurlu vaxtında meydanda idi. Əgər vəziyyət daha da ağırlaşarsa, o zaman bu sayın bir neçə dəfə artması proqnozlaşdırılır. Ukrayna hadisələri əslində Rusiyada narazı kütlələrin daha da güclənməsinə şərait yaradır. Baxmayaraq ki, Rusiya telekanalları elə təəssürat yaratmaq istəyir ki, rus xalqı bütövdür və xalq hamılıqla Qərbə qarşı etiraz edir. Amma unutmaq lazım deyil ki, Ukrayna müharibəsindən narazıların sayı getdikcə artacaqdır. Müharibə həmişə fəsad deməkdir. Rusiya imperiyasını vaxtı ilə çökdürən məhz müharibə olub. Çar imperiyası Birinci Dünya Müharibəsindən, SSRI isə ”Soyuq müharibə”dən sonra çöküb. Hazırda da Putin çox təhlükəli müharibəyə girişib. Bunun nəticələri Rusiya üçün ağır ola bilər”.

Xəyal