Azərbaycan-Iran münasibətlərində yeni mərhələ başlayır
Iran prezidenti Həsən Ruhaninin noyabrın 12-də Azərbaycana səfəri regional təhlükəsizlik və təkcə ikitərəfli deyil, həm də qlobal səviyyədə iqtisadi inteqrasiyaya aid mürəkkəb taktiki və strateji layihələr sistemində növbəti pərdəni araladı.
Bu səfəri bu ilin aprel ayında – Avropa siyasətçilərinin Ukrayna böhranı fonunda fəal şəkildə cənub enerji və nəqliyyat dəhlizi haqqında danışdıqları bir dövrdə Azərbaycan prezidenti Ilham Əliyevin Irana səfərinin məntiqi davamı kimi qiymətləndirmək olar. “Nabucco” energetika dəhlizi mövzusu da yenidən qaz tədarükçüləri və istehlakçıları üçün cəzbedici oldu və Əliyevin bu yaxınlarda Budapeştə səfəri zamanı konkret olaraq səsləndirildi və birgə bəyannamədə əksini tapdı. Hadisələrin bu şəkildə inkişafı həddindən artıq çox qaz ehtiyatları olan Iranın hiperenergetika layihələrində iştirakını yaxınlaşdırır.
Aprelin 9-da Əliyevin Tehrana səfərini həmin vaxt “Turan” analitikləri Iranın iştirakı ilə energetika dəhlizinin formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirirdisə, Ruhaninin səfəri ikinci mühüm layihəni – Qərb-Şərq və Şimal-Cənub dəmir yolu dəhlizlərini gündəliyə çıxardı. Iran tərəfin Azərbaycan və Iranın dəmir yollarının çatmayan hissəsinin tikintisinə başlamağa hazır olduğu haqqında bəyanatına 22 illik ikitərəfli rəsmi münasibətlər ərzində olduğu kimi, memorandum xarakterli bəyanat kimi baxmaq olmaz. Almaniyanın 3,2 terabit gücündəki “Europe-Persia Express Gateway” (EPEG) optik-lif kabel magistralını Azərbaycan vasitəsilə Hindistana çıxışı olacaq şəkildə Irana qədər uzatmağa hazırlaşması faktı layihənin reallığını göstərir. Adətən belə telekommunikasiya magistralları dəmir yolları boyunca tikilir.
Bakı-Tbilisi-Qars dəmir yolu magistralının tikintisinin yekunlaşması son mərhələyə daxil olur və Avropa və Cənubi Qafqazı birləşdirən bu nəqliyyat yolu 2015-ci ilin yazından yük və sərniin daşımanmasına başlayacaq. Strateji olaraq dəmir yolu Xəzər və Fars körfəzi vasitəsilə Mərkəzi Asiyaya çıxacaq şəkildə davam etdirilməlidir.
Hər iki layihə – həm energetika, həm də nəqliyyat layihəsi 2020-ci ilə qədər tamamilə başa çatmalıdır. Transmilli şirkətlərin proqnozlarına görə, həmin vaxt dünyada iqtisadi bum başlayacaq, əlavə enerci daşıyıcılarına (hazırda mövcud olanın 40%-i qədər) və malların sürətli hərəkəti üçün yeni yollara ehtiyac olacaq.
Iran rəhbərliyində baxışların liberallaşması, nüvə proqramı və terrorizmə qarşı mübarizə çərçivəsində ABŞ və Iran arasında dialoq qurulması, dünyada uzunmüddətli əlverişli iqtisadi perspektiv dövrünün yaxınlaşması da daxil olmaqla, son hadisələr və proseslər Vaşinqtonun regionda Iranın iştirakı ilə hər hansı kommunikasiya və energetika layihələri üzrə qadağalarını aradan qaldırır. Indiyədək bu, Azərbaycan və Iranın müxtəlif birgə layihələrə memorandum kimi yanaşmasının əsas amili idi. Digər tərəfdən, Avropa istehlakçıları üçün öz “Cənub axını” layihəsinin həyata keçirilməsinə razılıq əldə etdikdən sonra Rusiya artıq Cənub Qaz Dəhlizi yaradılmasına mane olmur.
Öz növbəsində, qlobal kommunikasiya layihələri energetika, investisiya sahəsində yerli Azərbaycan-Iran layihələrinin, birgə biznes layihələrinin həyata keçirilməsi, regional təhlükəsizlik üçün qapıları açır. Yaranmış vəziyyət yeni praqmatik-işgüzar münasibətlər ortaya çıxarır. Bu münasibətlər dəfələrlə sınaqlara məruz qalıb və sonuncu dəfə Iran prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dövründə korlanmışdı.
Həsən Ruhaninin səfərinin qısa olmasına və onu müşayiət edənlərin sayının çox olmasına baxmayaraq, Bakıdakı danışıqların əsl yekunları uzun müddət gizli qalmayacaq. Azərbaycan-Iran münasibətlərində memorandumlar dövrü başa çatmaq üzrədir.
“Turan” Analitika Xidməti


