Altı yaşı dekabrın 2-də tamam olacaq Leyla Əliyeva hələ də birinci sinfə getmək ümidini üzməyib. Belə ki, o, Bakı Baş Təhsil Idarəsinin təşkil etdiyi xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu imtahanlarında ona verilən 10 sualın 8-nə doğru, cəmi ikisinə isə yarımçıq cavab verib. Lakin hansı səbəblərə görəsə kiçik Leylanın adı qəbul edilənlər siyahısına düşməyib. Tələb isə, yarısından çoxuna cavab vermək imiş…
Valideynləri Azərbaycan reallığını anlasalar da, axıra qədər övladlarının haqqını hüquqi yolla bərpa etməyə çalışıblar. Lakin onları nə dinləyən olub, nə də şikayətlərinə baxan tapılıb.
Leyla ilə bərabər imtahanda iştirak edən valideyninin (ali təhsilli uşaq nevropatoloqudur – red.) dediyinə görə, imtahan prosesi tempinə görə məhşur “Zəif bənd” verilişini xatırladır. Cavab üçün təxminən bir neçə saniyə verilir. Sualların bəziləri isə sadəcə gülüncdür desək, yanılmarıq. Hətta müəllimlərdən biri etiraf edib ki, məhz Leyla ilk dəfə onlara sunulan rəngin… firuzəyi (?) olduğunu təyin edə bilib. Altı yaşı tamam olmamış körpə üçün rəngin firuzəyi olmasını təyin etmək, razılaşın ki, imkansız bir şeydir.
Kiçik Leylanın “ilişdiyi” 2 sualdan biri isə… inəyin həyatımızda oynadığı rolun nədən ibarət olması imiş. Ömründə canlı inək görməyən qızın, “südündən istifadə edirik” cavabı müəllimləri qane etməyib və onlar bu dəfə kiçik Leylaya “inəyin daha nəyindən istifadə edirik” sualı verirlər. Məişətdə “inək əti” termini olmadığından (Süd verən inəyi adətən kəsmirlər və gündəlik həyatımızda “mal əti” ifadəsini işlədirik) küncə sıxışdırılan qızcığaz çaşıb qalır və “yunundan”(!) deyə cavab verir… Əlbəttə, cavab xatirinə…
Leyla daha sonra isə, şəkildəki quşun… bülbül olduğunu ayırd etməkdə çətinlik çəkir…
Ümid edirik ki, Mehriban Əliyevaya bu rəsmi müraciətdən sonra təhsil naziri Mikayıl Cabbarov 5 yaş 8 aylıq körpənin nəyə görə “gözmuncuğu nədir” sualına cavab verməli olduğuna da aydınlıq gətirəcək. Bu sual Leylaya verilməsə də, başqa bir körpənin arzusunu ürəyində qoyub…
Leylanın valideynləri bildirirlər ki, uşaqda bir aya yaxındır ki, depressiya halları müşahidə olunur. Ona qarşı edilən haqsızlıqla barışa bilmir. Hər gün çantasını toplayır və tələb edir ki, onu məktəbə aparsınlar. Uşaq ən adi doğal haqqın pulla alındığı Azərbaycan reallığından tam xəbərsizdir.
Bütün imtahan prosesinin video çəkilişlə yaddaşa köçürüldüyünü nəzərə alsaq, ədalətin bərpası bir neçə dəqiqə vaxt aparar.
Leylanın valideyinləri bizə bağça illərindən çəkilmiş bir disk təqdim ediblər. Biz həmin diskdən bir neçə dəqiqəlik fraqmenti təqdim edirik. Leyla həmyaşıdlarından, yəni hazırda birinci sinifdə oxuyan bütün uşaqlardan fərqli olaraq, yanılmadan, inamla şeir deyir. Etika xatirinə biz onun dostlarınını görüntüsünü fərqli şəkildə vermişik. Son 20 saniyədə Leyla Əliyeva şeir deyir…
Bu kadrlar Azərbaycan təhsil sisteminindəki (təkcə təhsildəmi?) reallığı tamamilə əks etdirir…


