Şəhərsalma sahəsindəki xaos və nəzarətsizlik memarlıq abidələri və heykəlləri dalana salır
Bakıda şəhərsalma sahəsində hökm sürən xaos və nəzarətsizlik təkcə insanları deyil, memarlıq abidələri və heykəlləri də təhdid edir. Budur, Bakının daha bir monumental heykəltəraşlıq nümunəsi – “Azad qadın” abidəsi “göydələn”lərin hədəfinə gəlib.
“Azad qadın” heykəli 1960-cı ildə ucaldılıb. Tuncdan hazırlanan heykəlin müəllifi Fuad Əbdürrəhmanov, memarı Mikayıl Hüseynovdur. Heykəl Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.
Hündür, düzbucaqlı postament üzərində yerləşdirilmişÿheykəl dinamik və canlı sənət əsəri kimi nəzəri cəlb edərdi. Indi isə bu monumental abidə, onun sol tərəfində tikilməkdə olan 16-19 mərtəbəli binaların basqısı nəticəsində diqqətdən kənar qalıb; mütəxəssis sözü ilə desək, görüm nöqtəsini itirib. Halbuki əvvəllər həmin “göydələn”lərin yerində 1-2 mərtəbəli tikililər yerləşirdi. Bu gün heykəlin sağ tərəfində də (keçmiş “Karamel” fabrikinin yerində) 16 mərtəbəli yaşayış binaları ucalır.
Hələ sovet dövründə, elə 1960-cı illərdə “Azad qadın” heykəlinin arxasında 16 mərtəbəli inzibati bina (indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası) tikilsə də, lakin bu bina abidəyə xələl gətirməmiş, hər ikisi vahid ansamblÿşəklində harmonik olaraq bir-biri ilə uyuşmuşdur. Heykəlin sağ tərəfində isə orta məktəb binası (M.Müşfiq adınaÿ18 saylı məktəb) tikilmişdir.
Məlumdur ki, heykəltəraşlıqda görüm nöqtəsi xüsusi nəzərə alınası məqamdır. Heykəlin hündürlüyündən asılı olaraq onun uzaqdan, yaxud yaxından seyri nəzərdə tutulur, hətta bu zaman xüsusi hesablamalar da aparılır.ÿ
Heykəltəraşların öz abidələrini hansı məkanda yerləşdirməsi üçün bürokratik maneələr ucbatından əziyyət çəkdikləri hallar da məlumdur. Bəlkə də, dahi heykəltəraş F.Əbdürrəhmanov da “Azad qadın” heykəlinin ucaldılacağı münasib yerin seçilməsi üçün nə qədər həyəcanlı günlər yaşayıb, səy göstərib… Lakin bu gün Bakını ayaqları altına alan qorxunc “göydələn”lər görkəmli sənət əsərlərini də, onlara sərf edilən fədakar əməyi də heçə endirir.
Bakıda belə monumental abidələrə ilk dəfə N.Nərimanovun heykəli önündə “göydələn” tikilməklə diqqətsizlik nümayiş etdirilib. Daha sonra C.Cabbarlının heykəlinin qarşısında “28 Mall” alış-veriş mərkəzi tikilib ki, nəticədə, bu monumental abidə də sanki dalana düşüb. Indi isə “Azad qadın” heykəli – qadın azadlığını, qadın hüquqlarını nümayiş etdirən bu möhtəşəm abidənin özü də mühasirəyə alınmış vəziyyətdədir. Bu münasibət təkcə sözügedən abidələrin daşıdıqları ideyalara yox, həm də həmin abidələri min bir əziyyətlə ərsəyə gətirən görkəmli sənətkarların əməyinə, şəxsiyyətinə də hörmətsizlikdir?!
“Azad qadın” heykəlindən fərqli olaraq, N.Nərimanov və C.Cabbarlının heykəlləri Nazirlər Kabinetinin sözügedən siyahısına hətta “ölkə əhəmiyyətli monumental abidələr” kimi daxil edilib. Lakin indiki hakimiyyət üçün, icra başçıları üçün nə “yerli”, nə də “ölkə” əhəmiyyətli bir abidənin dəyəri yoxdur?!
Bu günlərdə Türkiyə Memarlar Odası Roma papası Fransiskə müraciət edərək ondan Ankaraya gözlənilən səfəri zamanı Türkiyə prezidenti R.T.Ərdoğanın yeni sarayını boykot etməsini xahiş etmişdi. Məlum olduğu kimi, R.T.Ərdoğanın tikdirdiyi yeni 1000 otaqlı prezident sarayı 620 milyon dollara başa gəlib və bu məsələ ölkədə böyük narazılıqla qarşılanıb…
Bizdə isə Memarlar Ittifaqı nəinki ictimai-siyasi məsələlərdə, heç birbaşa özünə aid olan problemlərdə, o sıradan memarlıq və şəhərsalma sahəsindəki dağıdıcı proseslərlə də bağlı etiraz səsini ucaltmır. Halbuki Memarlar Ittifaqı öz vəzifələrindən biri olaraq – “tarixi memarlıq mühitinin və təbii mühitin mühafizəsinə, memarlıq abidələrindən qayğı ilə istifadə olunmasına kömək” istiqamətində ən azı ictimai rəyi ifadə edə, yaxud öz professional münasibətini bildirə bilərdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də həmçinin… Başa düşürük, ola bilər, oliqarx-nazirlərin, icra başçılarının qarşısında acizsiniz, ancaq uman yerdən küsərlər. Memarlığa diqqət və qayğını zövqsüz və savadsız, maddiyyatçı və talançı məmurlardan yox, ilk növbədə, peşəkar və mədəni təşkilatlardan gözləyirik?!
Belə davam etmək olmaz… Bakı tarixi memarlıq və təbii mühitini sürətlə itirməkdədir?! ÿ
Şövkət Məmməd


