Əli Kərimli veteran cəbhəçinin yubileyini təbrik etdi

Milli Azadlıq Hərəkatının öncüllərindən, AXC-nin və partiyamızın qocaman veteranlarından  olan fədakar, əqidəsinə sadiq cəbhəçimiz Həmid Azərinin 70 illik yubileyidir. Həmid bəy böyük nüfuza malik ziyalı, savadlı həkim, partiyamızın Ağdaşda təşkilatlanması və güclənməsi işində danılmaz xidmətləri olan bir şəxsiyyətdir. 

Hələ ötən əsrin 60-cı illərində tibb institutunun tələbəsi olarkən Novruz bayramının bərpa edilməsi naminə Şıxəli Qurbanovun təşəbbüsünə dəstək verən ilk fəal gənclərdən olmuşdur. Odur ki, Həmid bəyin 80-ci illərin sonlarında Xalq Hərəkatına milli dəyərlər, azadlıq və demokratiya uğrunda mücadiləyə gənclik arzularını reallaşdırması üçün ürəyinin hökmü ilə qoşulması təbii idi. 

Yarım əsrə yaxın insanların sağlamlığı keşiyində duran doktor Həmid bəy, Qarabag muharibəsində həkim kimi tez-tez cəbhə bolgələrinə getmiş, yaralıları, xəstələri müalicə etmiş, eləcə də döyüş zonalarına yardimlarin təşkil edilməsi və çatdırılması işində müstəsna rolu olmuşdur.

2000 və 2010-cu illərdə keçirilən parlament seçkilərində namizədliyini verdiyi dairədə qələbə qazansa da, mövcud rejimin saxtakarlığı nəticəsində halal mandatından məhrum edilib. Həmid bəy bu haqsızlığa qarşı mübarizəsini hüquqi müstəvidə Avropa məhkəməsində davam etdirməkdədir. 

Hörmətli Həmid bəy! Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Sizin kimi cəsur, vətənpərvər, alicənab, yüksək təşkilatçılıq bacarığı olan bir insanla bu çətin lakin şərəfli mübarizə yolunda bərabər olduğumuza görə qürur duyuram. Sizə cansağlığı, uzun ömür, tezliklə müqəddəs amallarınızın gerçəkləşməsini və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə AXCP sədri Əli Kərimli