Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Rejimin “təcrübə laboratoriyası” rolunu oynayan Naxçıvandan təzə xəbər var. Sitat: “Naxçıvan Muxtar Respublikasında insan azadlığının sərhədlərinin getdikcə daraldığı haqqında məlumatlar eşidilir. Qadağaların siyasi müstəvi bir yana, artıq məişət sahələrində belə özünü açıq şəkildə göstərdiyi deyilir. Indi də Naxçıvan şəhərində gənc sevgili, yaxud nişanlı cütlüklərin ictimai yerdə birlikdə gəzmələrinə qeyri-rəsmi qadağa qoyulduğu söylənir. Bu haqda ”Azadlıq” radiosuna Naxçıvanda təhsil alan bir qrup gənc tələbə məlumat verib. Tələbələrin sözlərinə görə, cütlüklər nəinki əl-ələ tutarkən, hətta yanaşı gedərkən polislərin hədəfinə çevrilirlər. Gənclər deyir ki, bu vəziyyətdə “yaxalanan” cütlüklər yolun ortasında təhqir olunur, daha sonra polisə aparılırlar. Burada onlardan sevgili, yaxud nişanlı olmalarını sübut edən sənəd tələb olunur. Şikayətçilər bildirir ki, polislərin tələb etdiyi sənəd, yəni nikah haqqında şəhadətnamə olmadıqda cütlükləri böyük məbləğdə pul cəriməsi, yaxud bir neçə sutka həbs cəzası gözləyir. Məlumata görə, cütlüklər ailədə və dost-tanış arasında biabır olmamaq üçün borca girib, tələb olunan məbləği ödəməyə üstünlük verirlər”.
Sonrası da var. Birlikdə oxuyuruq: “Tutub gətirirlər, deyəndə pulum yoxdur, dərhal məsələni ”həll edirlər”. Oğlana təklif edirlər ki, bankdan kredit götürüb, onlara versin. Polislər banklardan biri ilə əlbirdirlər. Bu cür məsələ olanda zəng vurub deyirlər, həmin bank da dərhal kreditə pul verir”.
Indi bəziləri yenə əl-ayağa düşüb, bunu insan hüquq və azadlıqlarına hücum hesab edir, yaptokratiyanın sürətlə Şimali Koreyaya rəhmət oxutmağa başlamağından danışır.
Açığı, mən belə fikirləşmirəm, hətta bu cür fikirləşənləri şiddətlə və hiddətlə qınayıram. Vasif xanın diyarındakı bu təzə icad, “məhəbbət qadağası” mənim xoşuma gəldi. Rejim digər mürtəce addımlar kimi bu qadağanı da Naxçıvanda uğurla sınaqdan keçirdikdən sonra bütün ölkədə tətbiq etməlidir. Hazırkı Azərbaycan reallığında ən doğru, məntiqəuyğun olanı da elə budur.
Bizdə uzun müddətdir, dəqiq desək, 21 ildir hamıdan məhz bir nəfərə məhəbbbət tələb olunmurmu? Hamı bir nəfərə baş əyməli, hamı bir nəfərin siyasi kursuna könül verməli deyilmi? Elə isə digər sevgilərin, qadına, övlada, anaya, ataya, vətənə, təbiətə məhəbbət… nəyə lazımdır? Məhəbbət azad olsa, bizim gənc, kövrək addımlarını atan müstəqil dövlətçiliyimiz necə möhkəmlənər, ümumi daxili məhsulumuz necə artar, musiqili fontanlarımızın, ən uzun bayraq dirəyimizin, “Alov qüllələri”mizin axırı necə olar?!
Rejim indiyədək bizimlə demokratiya, çağdaşlıq, hüquq, ədalət arasında qaratikan kolu kimi bitibsə, niyə iki sevən qəlbin, iki sevən gəncin arasında da qaratikan kolu kimi bitməməlidir? Ümumiyyətlə, ölkədə seçki azad deyilsə, toplaşmaq azad deyilsə, yazmaq, düşünmək azad deyilsə, bunun hamısı bir ovuc adamın iradəsinə, istəyinə, icazəsinə bağlıdırsa, axı sevgi niyə azad olmalıdır?! Vasif xanı sağ olsun ki, bu sadə həqiqəti hamımızın gözlərinin önünə sərdi.
Ümid edirəm, heç olmasa, bundan sonra Sistemlə mübarizə haqqında ağıllı-ağıllı, müdrik-müdrik danışıb bizə normal, gəlişmiş, demokratik ölkələrin siyasi mücadilə təcrübələri, metodları barədə öyüd-nəsihətlər verənlər də buludlardan yerə düşər, reallığa qayıdarlar.
Bircə ondan narahatam ki, bu yazı 30, 40, 50, 70 il sonra hansısa azərbaycanlı gəncin əlinə düşsə, o, yuxarıda yazılanları oxusa, bu sətirlərin müəllifinin ağlını itirdiyini zənn edə bilər. Doğrudan da, nə vaxtsa bu ölkə insanları bütün bunların başımıza həqiqətən gəldiyinə, gətirildiyinə necə inanacaqlar?!